

Yunanıstan, ABS və "CORE POWER" Aralıq dənizində üzən nüvə elektrik stansiyalarını araşdıracaq
Amerika Gəmiçilik Bürosu (ABS), Böyük Britaniyada yerləşən nüvə texnologiyaları üzrə ixtisaslaşmış “CORE POWER” şirkəti və Yunanıstanın nüvə sənayesi üzrə ixtisaslaşan startapı “Athlos Energy” Aralıq dənizində, xüsusilə Yunanıstan sahillərində üzən nüvə elektrik stansiyalarının yerləşdirilməsi imkanlarını araşdırmaq üçün birgə layihəyə başlayıb.
“Seanews.az” xəbər verir ki, layihə çərçivəsində tərəflər kiçik modul reaktorlarla təchiz olunmuş üzən nüvə platformalarının sahilyanı və ucqar bölgələrdə artan enerji tələbatını necə ödəyə biləcəyini qiymətləndirəcəklər. Həmçinin adalara elektrik enerjisinin verilməsi, limanlarda sıfır emissiyalı fəaliyyətlərin dəstəklənməsi, quraqlıqla üzləşən bölgələrdə içməli su təminatı üçün duzsuzlaşdırma zavodlarının enerji ilə təmin olunması kimi məsələlərə baxılacaq.
Bundan başqa, tərəflər birgə üzən platformaların işləmə konseptini hazırlayacaq və mümkün yerləşdirmə yerlərinin vizual modellərini yaradacaqlar.