

“DP World” şirkəti dörd qitədə iri investisiya layihələri həyata keçirir
“DP World” (BƏƏ) 2025-ci ildə logistika infrastrukturunun inkişafına 2,5 milyard dollar sərmayə qoyacaq.
“Seanews.az” xəbər verir ki, bu vəsait Hindistan, Afrika, Cənubi Amerika və Avropada iri infrastruktur layihələrinin həyata keçirilməsinə sərf olunacaq.
Dörd qitədə gerçəkləşdiriləcək layihələr “DP World”-ün birbaşa gəmiçilik imkanlarını xeyli genişləndirəcək
Hazırda “DP World” şirkəti Tuna Tekrada (Hindistan) 510 milyon dollar dəyərində yeni terminalın tikintisi davam etdirir. Konqo Demokratik Respublikasının Banana şəhərində yeni dərin su limanı inşa edir. Atlantik okeanı sahilində salınan və Asiya və Avropadan gələn iri gəmilərin yan ala biləcəyi yeni limanın konteyner dövriyyəsi ildə 450 min TEU olacaq.
Seneqalda Qərbi Afrika sahilləri boyunca ildə 1,2 milyon TEU konteyner ötürmə qabiliyyətinə malik Ndayane limanının tikintisi üzrə işlər aparılır. Bu strateji əhəmiyyətli layihəyə ilkin investisiya 830 milyon dollar təşkil edib.
Bundan əlavə, “DP World” iki yeni körpü və ikinci dəmir yolu terminalını özündə birləşdirəcək “London Gateway” logistika mərkəzinə (Böyük Britaniya) 1 milyard dollar sərmayə qoyur. Genişləndirmə layihəsi 400 yeni iş yeri yaradacaq və 2030-cu ilin sonuna qədər “London Gateway”-i Böyük Britaniyanın ən böyük konteyner limanına çevirəcək.