

Niderlandın qədim gəmiqayırma zavodu ən müasir gəmilər tikir
“Royal Bodewes Shipyard” (Niderland) Almaniyanın “CLI” logistika şirkətindən “RB 8500” layihəli müasir quru yük gəmisinin tikintisi üçün sifariş alıb.
“Seanews.az” xəbər verir ki, bu barədə gəmiqayırma şirkətinin mətbuat xidməti məlumat yayıb.
Çoxməqsədli yük gəmisi Kanada, Niderland və Böyük Britaniya arasında müntəzəm marşrutda istismar olunacaq. Müqavilənin şərtlərinə əsasən, Horezandakı gəmiqayırma zavodu 2026-cı ilin yayına tikinti işlərini başa çatdırmalıdır.
Ekoloji cəhətdən təmiz yeni nəsil gəminin dedveyti təxminən 8,5 min ton olacaq. O, “MAN” istehsalı olan əsas mühərriklə təchiz ediləcək. Quru yük gəmisi yanacaq kimi metanoldan istifadə edə biləcək. Bundan əlavə, gəmidə avtomatik idarəetmə sistemi olan bir “Eco Flettner” rotor yelkəni və yükləmə-boşaltma əməliyyatları üçün hər birinin yükgötürmə qabiliyyəti 80 ton olan iki kran quraşdırılacaq.
Niderlandın ən qədim (1812-ci ildə yaradılıb) və ən böyük gəmiqayırma zavodu olan “Royal Bodewes” enerjiyə qənaət edən və ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə etməklə müasir gəmilər tikir.