"Vasili Qusev" gəmisi “Jatay” zavodunun sularında batıb
"Vasili Qusev" gəmisi Lena çayında (Yakutiya) “Jatay” gəmi təmiri zavodunun sularında batıb.
“Seanews.az” xəbər verir ki, bu barədə Rusiyanın Şərqi Sibir nəqliyyat prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İlkin məlumatlara görə, Lena Birləşmiş Çay Gəmiçiliyinin "Vasili Qusev" gəmisi 1975-ci ildə tikilib və 2025-ci ilin naviqasiya mövsümündə istismar üçün nəzərdə tutulmayıb. Heyət gəmidə olmayıb, gəmi neft məhsullarından təmizlənib.
Hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün tədbirlər həyata keçirilir və nəticələrə əsasən prosessual qərar qəbul ediləcək.
Şirkətdə bildiriblər ki, yaz daşqınları ilə əlaqədar suyun səviyyəsi 3,5 metrdən çox qalxdıqdan sonra su gəminin anbarına daxil olmağa başlayıb. Yaxınlıqdakı gəmilərin heyətləri və “Jatay” gəmi təmiri zavodunun qəza-xilasetmə briqadası suyun çəkilməsi üçün tədbirlər görsələr də, onun axınının öhdəsindən gələ bilməyiblər. Saat 14:50-də gəmi batıb. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.