Asiya İnkişaf Bankı Anakliya limanının tikintisi üçün kredit ayıra bilər
Gürcüstanın maliyyə naziri Laşa Xutişvili Asiya İnkişaf Bankı (AİB) ilə Anakliya limanı üçün quru infrastrukturunun tikintisi sahəsində mümkün əməkdaşlığı açıqlayıb.
“Seanews.az” “İnterpressnews”-a istinadən xəbər verir ki, AİB Gürcüstana dövlət büdcəsi hesabına layihənin maliyyələşdirilməsi üçün istifadə olunacaq kredit verməyə hazırdır.
Bununla belə, Asiya İnkişaf Bankı layihənin birbaşa iştirakçısı olmayacaq. Dövlət limanın quru infrastrukturunda 51% nəzarət payını saxlayacaq, özəl tərəfdaş isə 49% pay alacaq.
Dəniz infrastrukturunun tikintisini beynəlxalq tender nəticəsində seçilmiş Belçikanın “Jan De Nul” şirkəti həyata keçirir.
Əvvəllər bildirildiyi kimi, layihənin birinci mərhələsində limanın yük ötürmə qabiliyyəti 600 min konteyner təşkil edəcək, ümumi investisiya həcmi isə 600 milyon ABŞ dollar qiymətləndirilir.
Anakliya limanı ilk gəmini 2029-cu ildə qəbul edəcək.