Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

ABŞ gəmilərinin Süveyş kanalından ödənişsiz keçidi ilə bağlı çağırış Misirdə etirazla qarşılanıb

Donald Trampın son zamanlarda ABŞ gəmilərinin Süveyş və Panama kanalları vasitəsilə pulsuz keçidinə dair çağırışı Misirdə geniş tənqidlərə səbəb olub. 

"Seanews.az" xəbər verir ki, bu etirazlar Trampın "Truth Social" platformasında yazdığı "ABŞ olmasaydı, ümumiyyətlə bu kanallar mövcud olmazdı" fikirlərindən sonra daha da artıb.  

Misir rəsmiləri, siyasi liderlər, hüquqşünaslar və vətəndaşlar onun açıqlamalarını hüquqi baxımdan əsassız və beynəlxalq nizama ciddi təhdid olaraq qiymətləndiriblər.

Qahirə Universitetinin beynəlxalq hüquq professoru Ayman Salama qeyd edib ki, 1888-ci il Konstantinopol Konvensiyasına əsasən, Süveyş Kanalı bütün dövlətlərin istifadəsi üçün açıq beynəlxalq su yoludur, lakin onun idarəçiliyi Misirin səlahiyyətindədir.

Misir Senatının Xarici, Ərəb və Afrika İşləri Komitəsinin sədr müavini Samaa Soliman isə Trampın açıqlamasını “suveren dövlətin işlərinə əsassız müdaxilə” adlandırıb. O, eyni zamanda ABŞ-nin Fələstin məsələsindəki mövqeyini və Yəməndəki Husi qüvvələri ilə bağlı fəaliyyətsizliyini tənqid edib.

Misirin Sosialist Tagammu Partiyasının rəhbəri Sayed Abdel Aal Trampın tələblərini “iqtisadi müstəmləkəçilik” kimi qiymətləndirib və ABŞ-nin beynəlxalq normalardan kənar istisna hüquqlar tələb etməsini yolverilməz adlandırıb.

Misir Siyasi Partiyalar Alyansı da yaydığı bəyanatda Trampın çıxışını “tarixi faktlara və beynəlxalq hüquqa hörmətsizlik” kimi dəyərləndirib.

Sosial media istifadəçiləri də Trampın çıxışına sərt reaksiya veriblər. Onlar Süveyş kanalının Misirli fəhlələrin əməyi nəticəsində inşa edildiyini xatırladaraq ABŞ-nin bu tarixi irs üzərində heç bir haqqı olmadığını bildiriblər.

Xatırladaq ki, Süveyş kanalı 1869-cu ildə istifadəyə verilib və 1956-cı ildə Prezident Gamal Abdel Nasser tərəfindən milliləşdirilərək Misir üçün strateji və iqtisadi əhəmiyyətli milli sərvətə çevrilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır