Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Alman ekoloqları Vilhelmshavendəki LNG terminalına lisenziya və istismar üçün icazənin verilməsinə etiraz ediblər

Almaniyanın ətraf mühitin və istehlakçıların hüquqlarının mühafizəsi üzrə qeyri-kommersiya assosiasiyası (“Deutsche Umwelthilfe eV”, “DUH”) Wilhelmshaven limanında “FSRU Esperanza” üzən qazlaşdırma qurğusuna lisenziya və istismarı üçün icazənin verilməsinə etiraz edib.

“Wilhelmshaven limanındakı LNG terminalının operatoru olan “Uniper” 2043-cü ilə qədər FSRU-nu idarə etmək üçün lisenziya alıb. Bu lisenziya il ərzində onlarla ton xlorun atılmasına məhdudiyyətsiz icazə verir. Assosiasiya səlahiyyətliləri ətraf mühit qanunlarına əməl etməyə və FSRU-ları idarə etmək üçün lisenziyanı Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq verməyə çağırır. Belə olan halda, “FSRU Höegh Esperanza”-nı idarə etmək üçün lisenziya 10 il, yəni 2032-ci ilin 31 dekabr tarixinədək məhdudlaşdırılacaq.

“DUH” hesab edir ki, LNG terminal sistemlərinin və üzən LNG qurğularının yuyulması üçün xlordan istifadə olunur, daha sonra kanalizasiya ilə dənizə axıdılır. Bu isə ətraf mühitə zərər vurur və xüsusilə də Vaddendəki Milli parkın flora və faunası üçün təhlükə yaradır. Bundan əlavə, səlahiyyətli orqan “Uniper”-i alternativ təmizləmə üsullarından istifadə etməklə ətraf mühitin mühafizəsi meyarlarına riayət etməyə məcbur etməyib.

Assosiasiya hesab edir ki, xlorla təmizləmə texnologiyası köhnəlib, digər LNG terminalları digər, xüsusən də mexaniki təmizləmə üsullarından  istifadə edirlər.

Xatırladaq ki, ötən ilin sonunda “Uniper” Almaniyanın Vilhelmshavendə ilk LNG terminalının tikintisini tez bir zamanda başa çatdırmışdı. Terminalın gücü ildə 7,5 milyard kubmetr qazdır. Bu, Almaniyanın 2021-ci ildə aldığı Rusiya qazının təxminən 15%-ni əvəz etmək üçün kifayətdir.

“Seanews.az”

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır