Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

nub Qaz Dəhlizinin reallaşdırılması prosesi həlledici mərhələyə daxil

40 milyard ABŞ dolları sərmayə ilə həyata keçirilən, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olub. “Cənub Qaz Dəhlizi” layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya çatdıracaq. “Cənub Qaz Dəhlizi” layihəsi Türkiyə və Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılır. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet enerji layihələrindəndir. Cənub Qaz Dəhlizinin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq. Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində indiyədək “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 99 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 100 faizi yerinə yetirilib. Bundan başqa, TANAP qaz boru kəmərinin inşası üzrə işlərin 91 faizi, TAP kəmərinin tikintisinə dair işlərin isə 65 faizi icra edilib. “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 16 quyu qazılıb. Həmin quyulardan 6-sı tamamlanıb, yəni istismara hazır vəziyyətə gətirilib. Layihə çərçivəsində yataqda ümumilikdə 26 quyu qazılacaq. “Şahdəniz-2” üçün tikilən iki platformanın dayaq blokları və üst tikililəri artıq dənizdə quraşdırılıb. Xankəndi gəmisi yataqda sualtı qurğuların quraşdırılması işlərinə başlayıb. “Şahdəniz-2” yatağından ilk təbii qaz hasilatına bu il ərzində başlanması nəzərdə tutulur. Hazırda “Şahdəniz-2” üzrə dənizdəki qurğular, sualtı boru kəmərləri, genişləndirilən Səngəçal terminalı və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərində istismar sınaqları aparılır. Bundan başqa, Gürcüstandakı kompressor və nəzarət-ölçü stansiyalarında istismar sınaqları davam edir. TANAP layihəsi isə iki fazada həyata keçirilir. Faza-0 çərçivəsində işlərin 99 faizədək hissəsi tamamlanıb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulan işlərin isə 75 faizədək hissəsi icra edilib. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin bu il istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2×36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Həmçinin TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəməri və fiber optik kabelin dəniz altına döşənməsi işləri də artıq tamamlanıb. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. TANAP-ın inşası çərçivəsində layihənin idarəetmə komandaları və podratçılar da daxil olmaqla hazırda tikinti sahələrində 9 mindən çox işçi çalışır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP Türkiyənin təbii qaza olan tələbatının 12 faizini qarşılayacaq. TAP qaz boru kəməri layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla, ümumilikdə 65 faizi yekunlaşıb. Yanvarın ortasına boru kəməri marşrutu üzrə Yunanıstanda 518 kilometr ərazi təmizlənib, 473 kilometr boru xətt boyunca düzülüb, 457 kilometr boru qaynaqlanıb, 362 kilometr boru torpağa basdırılıb və 265 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib. Albaniyada isə boru kəməri marşrutu boyunca 168 kilometr ərazi təmizlənib, 163 kilometr boru xətt boyunca düzülüb, 157 kilometr borunun qaynağı tamamlanıb. Həmçinin bu ölkədə 133 kilometr boru torpağa basdırılıb və marşrut üzrə 116 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 687 kilometrlik ərazi, yəni 90 faizi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan əlavə, boruların 80 faizi qaynaq edilib, TAP-ın Yunanıstan və Albaniya marşrutunda isə torpaq örtüyünün 65 faizi əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 515 kilometri xəndəyə endirilib. Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. TAP-ın keçdiyi 3 ölkədə işçilər 61,5 milyon kilometr yol qət edib və 22,5 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq. TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində – Kipoidə, digəri isə Albaniyanın qərbində – Fierdə olmaqla, ümumilikdə iki kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilib. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək. TAP xüsusilə kömürə çox üstünlük verən Cənub-Şərqi Avropada təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq. TAP və Cənub Qaz Dəhlizi karbon emissiyasının azaldılmasına və ətraf mühitə təsirin azaldılması hədəflərinə nail olmağa kömək edəcək. Həmçinin TAP Avropada enerji təhlükəsizliyinə, diversifikasiyaya və dekarbonizasiyaya doğru addım atır. Ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq TAP Bolqarıstanın qaza olan tələbatının 40 faizini, Yunanıstanın tələbatının üçdə birini, İtaliyanın idxalının isə 12 faizini təmin etmək iqtidarında olacaq. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır