SOCAR Belarusa növbəti partiya “Azeri Light” markalı neft ixrac edib
SOCAR şirkəti avqustun 2-də Belarusa yeni partiya Azərbaycan nefti ixrac edib.
“Avqustun 2-də 85 min ton Azərbaycan nefti ilə tanker Supsa limanından yola düşüb. Tankerin avqustun 4-5-də Cənub limanına çatması gözlənilir”, - “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko jurnalistlərə bildirib.
Öncə məlumat verilib ki, SOCAR bu partiya nefti 30-31 iyul tarixlərində göndərməyi planlaşdırırdı.
“SOCAR Trading” mart-aprel aylarında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusun “Belneftexim” konserni üçün Mozır neft emalı zavoduna ümumi həcmi 350 min tona yaxın 4 partiya neft (mart ayında təxminən 250 min ton həcmində 3 partiya, aprel ayında 85 min ton həcmində 1 partiya) göndərilib.
İyunda SOCAR Supsa limanından Mozır neft emalı zavoduna 85 min ton neft yola salıb.
“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.
İnterfax