• Bakı, 2019-11-13,
Seanews
Heyder Eliyev

“Qərbi Çıraq” platformasında hasilat bərpa edilib

“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq “Qərbi Çıraq” platformasında oktyabr ayının 15-dən başlayaraq aparılan profilaktik işlər başa çatıb.

Bu barədə “Report”a AÇG yatağının əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Məlumatda deyilir ki, profilaktik işlər proqramında nəzərdə tutulmuş bütün işlər uğurla tamamlandıqdan sonra dünən axşam saatlarından başlayaraq platforma işə salınıb və hazırda platformada hasilat tədricən əvvəlki səviyyəyə qaldırılır.

“Qərbi Çıraq” platformasında profilaktik işlər proqramı 15 günlük planlaşdırılmışdı. Proqrama əsasən məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxil idi.

Bildirilir ki, belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir: “Proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır