BP: "Dayazsulu Abşeron"da ilk kəşfiyyat quyusu bu ilin sonunda qazılacaq
BP şirkəti tərəfindən “Dayazsulu Abşeron” (SWAP) strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına bu ilin sonunda başlanılacaq. Bu barədə jurnalistlərə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.
Onun sözlərinə görə, quyunun qazılmasında Azərbaycana gətirilən qazma qurğusu istifadə olunacaq. Bu qurğunun istifadəsi onun üzərində bəzi modifikasiyaların aparılmasından sonra başlayacaq: "Bu işlər bitəndən sonra ilin sonuna yaxın “Dayazsulu Abşeron" ərazisində ilk geoloji kəşfiyyat quyusunun qazmağa başlamağa planlaşdırırıq".
Q. Cons əlavə edib ki, SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.
Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.
Qazma qurğusunun təkmilləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabətqabiliyyətliliyini artıracaq. “Satti”nin təkmilləşdirilməsi qazma qurğularının modernizasiyası və tikintisi üzrə böyük təcrübəyə malik "Caspian Drilling Company LTD" şirkəti tərəfindən Bakıda aparılacaq. Təkmilləşdirilmə işləri yekunlaşdıqdan sonra CDC qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək.
APA