nsxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı iclas keçir
Gürcüstanın paytaxtı Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupun görüşü keçirilib. Toplantıda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna və Polşadan olan dəmiryolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələri iştirak ediblər. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələrinin də qatıldığı işçi qrupun iclasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı yolları, 2019-cu il üçün tarif planları, Aktau və Bakı limanları vasitəsilə yüklərin daşınması məsələləri müzakirə olunub. Tədbirdə yükdaşmalarına nəzarət üçün operativ informasiya mübadiləsi barədə razılıq əldə edilib. Toplantının yekununda müvafiq protokol imzalanıb. Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya, Polşa və Türkiyənin də aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.