Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Antverpen-Brügge limanı hidrogenlə işləyən ilk yedək gəmisini gözləyir

Antverpen-Brügge Birləşmiş Liman İdarəsi və Belçikanın “CMB.TECH” gəmiçilik və logistika şirkəti “Hydrotug” yedək gəmisini istismara verməyi planlaşdırır. Gəminin özəlliyi ondadır ki, o, həm adi, həm də hidrogen yanacağı ilə işləyən iki orta sürətli mühərriklə təchiz edilmiş ilk yedək gəmisi olacaq.

“Seanews.az” xəbər verir ki, Belçika limanı hidrogen yedək gəmisindən 2023-cü ilin birinci rübündə istifadə etməyi planlaşdırır. Bu hadisə liman donanmasının 2050-ci ilə qədər karbon-neytral yanacağa keçidi və limanın tam ekoloji təmizlik proqramının gerçəkləşdirilməsində ilk addım olacaq.

“Hydrotug” gəmisi göyərtədə quraşdırılmış çənlərdə 415 kq sıxılmış hidrogeni saxlayacaq. Şirkətin hesablamalarına görə, gəminin istismarı zamanı onun istifadəsi ətraf mühitə tullantıları 350 avtomobilin buraxdığı zərərli tullantıların miqdarı qədər azaldacaq.

Mühərriklər zavod sınaqlarından keçib və “Lloyd's Register” sertifikatına malikdir. “Hydrotug”-un suya  buraxılması mərasimi 2022-ci il mayın 16-da İspaniyanın Armón Shipyards tərsanəsində baş tutub. Bir neçə ay ərzində gəminin tamamlanması və təchizatı davam edəcək, daha sonra dəniz sınaqları keçiriləcək və bu ilin sonunda sifarişçiyə təhvil veriləcək.

Şimal dənizindən 90 km məsafədə Şeldt çayı üzərində yerləşən Antverpen (Belçika) dəniz və çay limanı eyni vaxtda “Capesize” sinifli gəmilər də daxil olmaqla 400-ə qədər gəmi qəbul edə bilər. Limanın yanalma körpülərinin uzunluğu (5 - 17,5 metr dərinliklə) 100 km-ə çatır.

Antverpen Şimal dənizindəki əksər limanlardan daha əlverişli yerdə yerləşir: onun terminalları dəmir yolu, çay və avtomobil nəqliyyatı vasitəsilə ölkənin daxili hissələri ilə bağlıdır. Liman aşırılan yüklərin həcminə görə Avropada Rotterdamdan sonra ikinci yerdədir.

Zeebrugge dəniz limanı isə Şimal dənizinin sahilində yerləşir və inzibati cəhətdən Brugge şəhərinin bir hissəsidir. Avropanın ən mühüm idxal məntəqələrindən biri olan bu limanda aşırılan malların yalnız 10%-i Belçikada istehsal olunub.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır