ATSB: Kruiz gəmisinin saya oturmasına ECDIS-dəki texniki ləngimə səbəb olub
Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosunun (ATSB) faktaraşdırıcı hesabatına görə, 27 dekabr 2025-ci il tarixində Papua-Yeni Qvineya sahillərində "Coral Adventurer" kruiz gəmisinin saya oturması naviqasiya sistemindəki nasazlıq və insan amilinin vəhdəti nəticəsində baş verib.
“Seanews.az” xəbər verir ki, hadisə gəmi Dregerhafen limanına yaxınlaşarkən, mürəkkəb manevrlər tələb olunan dar keçiddə qeydə alınıb. Növbətçi olan gəmi kapitanının böyük köməkçisi döngəni daha rahat icra etmək üçün elektron xəritə sistemində (ECDIS) marşrut planına düzəliş etmək qərarına gəlib. Lakin sistem yeni marşrutu dərhal aktivləşdirmək əvəzinə, təhlükəsizlik yoxlaması tələb edərək ləngiyib. Bu rəqəmsal yoxlama ilə məşğul olan zabitin diqqəti naviqasiyadan yayınıb və nəticədə gəmi ilk dönmə nöqtəsini qaçıraraq marşrutdan kənara çıxıb.
Vəziyyəti düzəltmək üçün əl idarəetməsinə keçən böyük köməkçi gəmini yenidən plana qaytarmağa çalışsa da, güclü cərəyanın təsiri ilə sürət azalıb. Sürəti artıraraq ikinci döngəyə daxil olan gəmi, bu dəfə 8 uzel sürətlə manevr nöqtəsini yenidən ötürüb. Qaranlıq hava və ətrafda naviqasiya nişanlarının olmaması səbəbindən zabit vəziyyət barədə məlumatlılığını itirərək gəminin marşrutda olduğunu zənn edib və kəskin sağa manevrə davam edib. Gəmi kapitanı körpü kranına gəldikdə dayazlığı vizual olaraq görsə də, xəbərdarlıqdan 15 saniyə sonra gəmi 8,5 uzel sürətlə riflərə çırpılaraq dayanıb.
Təxminən üç gün sonra xilasedici yedəklərin köməyi ilə saya oturmuş gəmi yenidən üzdürülüb. ATSB hazırda hadisənin səbəbləri ilə bağlı araşdırmalarını davam etdirir.

