LNG tankerindən üzən anbar kimi istifadə ediləcək
Üzən saxlama və boşaltma sistemi (FSU) kimi istifadə ediləcək mayeləşdirilmiş təbi qaz daşıyan (LNG) “ISH” tankeri Filippinə gəlib.
Bu barədə Abu-Dabi neft şirkətinin gəmiçilik və dəniz logistikası üzrə ixtisaslaşan “ADNOC Logistics & Services” (“ADNOC L&S”) bölməsi məlumat verib.
Tanker Batanqas körfəzində “AG&P Philippines LNG” (PHLNG) terminalına yan alıb. 137,5 min kubmetr tutumu olan qazdaşıyıcını FSU üzən sisteminə “GasEntec” (“AG&P”-nin törəmə şirkəti) çevirib. Modernləşdirmə işlərinə beş ay vaxt lazım gəlib.
Üzən anbarın istismarı və ona texnik xidmət “ADNOC L&S” tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, “ISH” gəmisi üçün icarə müqaviləsi 2022-ci ildə imzalanıb və daha bir il müddətinə uzadılmaq imkanı ilə 11 il müddətinə bağlanıb.
“Seanews.az”