LNG-dən gəmi yanacağı kimi istifadə edilməsi karbon qazı emissiyalarını ənənəvi gəmilərlə müqayisədə 23% azaldacaq
“Hapag-Lloyd” şirkəti 23 500 TEU tutumlu konteyner gəmilərinin mayeləşdirilmiş təbii qaz yanacağı (LNG) təchizatı üçün “Shell Western LNG BV” ilə uzunmüddətli müqavilə imzalayıb.
LNG-dən gəmi yanacağı kimi istifadə edilməsi bu konteynerdaşıyanların karbon qazı emissiyalarını ənənəvi gəmilərlə müqayisədə 23% azaldacaq.
Rotterdam limanında nəzərdə tutulan konteynerdaşıyanların ilk bunker əməliyyatı cari ilin ikinci yarısında baş tutacaq.
Koreyanın “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) tərsanəsində tikilən 23 500 TEU tutumlu konteyner gəmiləri Hamburq, Sinqapur və Şanxay limanlarına yan almaqla Avropa - Uzaq Şərq marşrutunda səfərlər edəcək.
Qeyd edək ki, “Hapag-Lloyd” üçün 23,5 min TEU tutumlu 12 konteyner gəmisindən birincisi yanvarın sonunda suya buraxılıb. Gəmi "Berlin Express" adlandırılıb.
“Seanews.az”