Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Gəmilərdə epidemiya əleyhinə proflaktik tədbirlər

Bu gün əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha yüksək səviyyəyə qaldırılması prioritet istiqamətlərdən birinə çevrilib. Bu baxımdan ən vacib məsələlərdən biri də ölkəmizin sanitar (bu, sanitar-epidimioloji təhlükəsizlik kimi də başa düşülməlidir) təhlükəsizliyidir. Sanitar təhlükəsizlik insana, eləcə də onun canlı və cansız ətrafına təsir göstərən kimyəvi, fiziki və bioloji amillərin qarşılıqlı təsir kompleksi kimi də anlaşılır. Ona görə də sanitar vəziyyətin və ya bu qarşılıqlı təsir kompleksinin norma çərçivəsində nəzarətdə saxlanması son nəticədə insanın sağlamlığına və onun həyat qabiliyyətinə ciddi təsir edir.

16-25 may 2005-ci il tarixində Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyası, Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin (ÜST) 2(k), 21(a) və 22-ci maddələrini nəzərə alaraq, yenidən işlənmiş “Beynəlxalq tibbi-sanitariya qaydaları (2005)” adı altında qərar qəbul edir.

Həmçinin ÜST 48.7 saylı, "Səhiyyə məsələlərində qlobal təhlükəsizlik: epidemiyaların qarşısının alınması və cavab tədbirləri" adlanan və 54.14 saylı “Sağlamlığa  təsir göstərən bioloji və ya kimyəvi amillər haqqında da qərarlar qəbul edir.

Bu gün ölkələr arasında epidemik xəstəliklərin nəqliyyat vasitələri ilə yayılmasının qarşısının alınması tədbirləri praktik olaraq dünyanın bütün dəniz ölkələri tərəfindən tanınmış  “Beynəlxalq tibbi sanitar qaydalarına” uyğun həyata keçirilir. Əksər ölkələrdə limanların sanitar xidmət işçiləri məhz bu qaydaları rəhbər tuturlar. Çünki, “Beynəlxalq tibbi-sanitariya qaydalarının (2005)” 14-cü maddəsinin 1-ci bəndinin məqsədləri üçün ÜST-nin əməkdaşlıq edəcəyi və fəaliyyətini әlaqәlәndirәcәyi nəzərdə tutulan digər səlahiyyətli hökumətlərarası və ya beynəlxalq təşkilatlar sırasına aşağıda qeyd edilənlər daxildir:

Birləşmiş Millətlər Təşkilatı, Beynәlxalq Əmək Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Beynәlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynәlxalq Hava Nəqliyyatı Birliyi, Beynəlxalq Gəmiçilik Federasiyası və Epizootiyalar üzrə Beynəlxalq Büro.

Bu qərarların qəbul olunduğu 16-25 may 2005-ci il tarixində Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Avropa regionundan 2005-2008-ci illər üçün ÜST-nin İcraiyyə Şurasına üzv seçilib.

Ümumilikdə isə Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktlarına istinad edilərək  müvafiq qurumlar vasitəsilə  sanitar və karantin tədbirləri sahəsindəki vəziyyətə nəzarət edilir:

1)"Fitosanitar nəzarəti haqqında" 102-IIIQ nömrəli 12 may 2006-cı il tarixli Qanun;

2)"Baytarlıq haqqında" 922-IIQ nömrəli 31 may 2015-ci il tarixli Qanun;

3)“Yeyinti məhsulları haqqında” 759-IQ nömrəli 18 noyabr 1999-cu il tarixli Qanun;

4)“Sanitar-epidemioloji salamatlıq haqqında” 371 nömrəli 10 noyabr 1992-ci il tarixli Qanun;

5)“Standartlaşdırma haqqında” 60-IQ nömrəli 16 aprel 1996-cı il tarixli Qanun;

6)“Əhalinin sağlamlığının qorunması haqqında” 360-IQ nömrəli 26 iyun 1997-ci il tarixli Qanun;

7)“Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetitin 231 nömrəli 17 iyun 2016-cı il tarixli Qərarı.

Karantin və ya təhəffüz (ərəbcədən dilimizə keçən sözdür) xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanların xəstəliyin yayılmaması üçün təcrid olunmalarıdır. Sözün kökü italyancadan gəlir, "qırx" (40) mənasını verir.

XVI əsrdə Venesiya Respublikasının əsas gəlir mənbəyi dəniz ticarəti idi. Buna görə də buraya tez-tez başqa ölkələrdən gəmilər gəlirmiş. Başqa ölkərdən gələnlərin xəstəlik gətirib şəhərdə yaymaması üçün Venesiya dövləti gəmiləri 40 gün şəhər ətrafında saxlayırdı. Ona görə də karantin həm də yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə tətbiq olunan epidemiya əleyhinə(ciddi rejimli) profilaktik tədbirlər sistemidir. Karantin dövründə hər bir kəsin vəzifəsi qoyulmuş qaydaya ciddi riayət etməkdir.

Bütün yuxarıda göstərilənlər bir daha biz dənizçilər qarşısında da öhdəliklər yaradır. Hər bir heyət üzvü gəminin sanitar vəziyyətinə görə xüsusi məsuliyyət daşıyır. Bütövlükdə komandanın sağlamlığı, xeyli dərəcədə komanda üzvlərinin qarşılıqlı münasibətləri, eləcə də gəminin yaxşı tibbi yardım ala bilmək imkanından asılıdır.

Tərəfdaşlıq münasibətləri gəminin sanitar vəziyyətini lazımi səviyyədə saxlamaq üçün xüsusilə vacibdir. Bu da hər bir komanda üzvünün fəal iştirakı olmadan mümkün deyil. 

Bu baxımdan dənizçinin də sağlamlığı və həyatı başlıca olaraq yuxarıda qeyd etdiyimiz bu qarşılıqlı əlaqəli fəaliyyətdən çox asılıdır. Açıq sularda fəaliyyət göstərən dənizçilərin iş qabiliyyətini maksimal səviyyədə saxlamaq üçün,sağlamlıq baxımından müvafiq şəraitin yaradılması xüsusi önəm kəsb edir. Elə buna görə də Beynəlxalq Dəniz Təşkilatı (İMO) dənizçilərin sağlamlığının möhkəmləndirilməsinə kömək edən şəraitin yaradılması baxımından  gəmilərdə  sanitar və karantin şərtlərini əsaslandıran tövsiyyələr hazırlamışdır. Bu tövsiyələrlə buradan tanış ol bilərsiz: https://www.asco.az/uploads_files/2022/01/06/227651641467616.pdf

Dr.Adıgözəl Məmmədov  - Dənizçilərin sağlamlığının qorunması ilə bağlı maarifləndirici layihələrin rəhbəri 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır