• Bakı, 2022-01-21,
Seanews
Heyder Eliyev

Dənizçilər - ŞEİR

Gecə düşər ,
ulduz - ulduz gün doğar
dənizçinin xəyallarına ...
Dənizin rütubət qoxulu havasını udduqca
onu arzularına doğru çəkər dəniz ...
Günəşi erkən qarşılar dənizçilər ...
hər səhər
zülmət gecələrin ömrü yetməz
bir illüminator dairəsindəki
aydınlığa , işıqlığa ...
salamlaşar iki aşiq ...
Qısqanar dəniz , coşar , kükrəyər ,
amma gücü yetməz bu sevgiyə ...
nəfəsi ürpənər çırpınan küləyin ,
əlləri boşalar hiddətlənən dalğaların ,
gözü yaşarar dənizin ...
Damcı -damcı çilənər üz - gözünə dəniz ,
ürəyini titrədər dənizçinin ...
İçindəki həsrət göynədər
ürəyindəki duyğuları ,
Dəniz qoxulu çarpayı ,
dəniz qoxulu kayut ,
dəniz qoxulu yer kürrəsi belə
bəzən darıxdırar onu ...
Bir dəli darıxmaq keçər ürəyindən ...
Darıxar ...
Dəli - dolu olur axı dənizçilər ,
elə dənizin özü kimi ...
Coşar , kükrəyər , hiddətlənər ...
Amma tez də sakitləşər
heç nə olmamış kimi ...
Darıxar içindəki dəli sevgi ...
Həsrətini çəkər hər şeyin ...
bir sahil darıxması dolar könlünə ,
bir torpaq qoxusu keçər başından ...
Kövrələr yaxın , uzaq illərin xatirələrinə ...
Qağayı qəhqəhələrinə
yaşarar gözləri dənizçinin ...
oğlunun ,, Ata , gəl ! ",
Qızının ,, Ata , darıxmışam ! "
sözünə köklənər
özüylə tək qalıb kövrələndə ..
Hardasa yol gözləyər bir qadın ,
bir sevgili ...
Hər kəsə qismət olmaz
dənizçi ömrünü daşımaq ,
Hər kəsə qismət olmaz
dənizçi sevgisini yaşamaq...
Fırtınaları sevər dənizçi ...
fırtınalar cəsurları sevdiyi kimi ...
Ürəyindəki sahil sevgisi
yaşadar dənizçini ,
fırtınalarla oynaşa -oynaşa ,
Ulduzlarla danışa - danışa ,
Üfüqlərdə günəşlə sevişə - sevişə
üzər xəyallarına doğru ...
 
02.12.2021.
Bəhram Şəms - dənizçi, şair

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır