• Bakı, 2021-06-18,
Seanews
Heyder Eliyev

UNUDULMAZ MÜDAVİMLƏR

Keçən ilin bu vaxtı  Böyük Vətən müharibəsində  Qələbənin 75 illiyi ilə bağlı bir məqalə yazmışdım. Həmin məqalədə dünya dövlətlərinin “motorlar müharibəsi” adlandırdıqları İkinci Cahan savaşında Sovet İttifaqının parlaq Qələbə qazanmasında Azərbaycanın əvəzsiz rolundan söz açmış, eyni zamanda Xəzər dənizçilərinin də fədakarlığından bəhs etmişdim. Lakin bu, elə bir mövzudur ki, haqqında illərlə yazsan da, bitib-tükənməyəcəkdir. Çünki həmin Qələbə çox çətin – istər ön cəbhədə döyüşən, istərsə də arxa cəbhədə çalışan milyonlarla insanın qan-təri, fədakarlığı və əzmi sayəsində başa gəlib. Onları unutmaq bizim tərəfimizdən nankorluq olardı.

...2021-ci il Azərbaycan Dövlət Dəniz Akademiyasının yaradılması üçün möhkəm təməl olmuş Bakı Dəniz Yolları Məktəbini və onun unudulmaz müdavimlərini xatırlamaq üçün əla şansdır – Bakı dənizçilik  siniflərinin 140 yaşı tamam olur. Xəzər dənizçiləri üçün belə əlamətdar ildə və   milyonlarla insanın taleyini, dünyanın tarixini və xəritəsini dəyişmiş bu tarixi gündə qocaman dəniz təhsili ocağının qəhrəman müdavimlərindən biri haqda söz açmaq yerinə düşər.

Sovet İttifaqı Qəhrəmanı Müseyib Bağır oğlu Bağırov sizə tanıtmaq istədiyim belə şəxslərdəndir. O, 1915-ci il iyunun 30-da Gəncədə (o zaman - Yelizavetopol)  toxucu fəhlə ailəsində dünyaya göz açıb. 

Bakı Dəniz Yolları Məktəbini (o dövrdə texnikum olaraq fəaliyyət göstərib) 1933-cü ildə bitirib. 1941-ci ildə Sovet Ordusu sıralarına çağrılan Müseyib Bağırov 1942-ci ildə cəbhəyə göndərilib. İlk döyüş təcrübəsini Volqa çayı uğrunda gedən mübarizədə alıb. Döyüş zamanı gəncin əzmi və mübarizliyi rəhbərliyin gözündən yayınmayıb. O, Kemerov hərbi piyada məktəbinin tezləşdirilmiş kurslarına göndərilib. 1943-cü ildə kiçik leytenant Müseyib Bağırov 206-cı atıcı qvardiya polkunun tərkibində Kursk qövsü uğrunda gedən döyüşlərə qatılaraq, Ukraynanın sol sahil ərazilərinin azad edilməsində fərqlənib.

1943-cü il sentyabrın 9-da qvardiya leytenantı Müseyib Bağırov  11 qvardiyaçıdan ibarət qrupla qəfil həmlə edərək Poltava vilayətinin Zenkov şəhərindən cənub-qərbdə yerləşən mühüm yüksəkliyi ələ keçirib. Bu döyüşdə snayper tüfəngi ilə silahlanmış M. Bağırov 28 alman faşistini məhv edib. Bundan sonra bacardıqca düşmənin artilleriya mövqeyinə yaxınlaşaraq tank əleyhinə qumbara ilə onların topunu və heyətini darmadağın edib. M.Bağırovun rəhbərliyi ilə qvardiyaçılar düşmən əhatəsində olmalarına baxmayaraq, sutka ərzində sərt müqavimət göstərərək, 250-dək alman zabit-əsgərini və 3 tankı məhv ediblər…  Döyüşün sonuna yalnız 3 qvardiyaçı və kontuziya almış Müseyib Bağırov sağ qalıb.

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin  22 fevral 1944-cü il tarixli Fərmanı ilə qvardiya leytenantı Müseyib Bağır oğlu Bağırova komandanlığın tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və alman faşistləri ilə mübarizədə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilir, Lenin ordeni ilə “Qızıl Ulduz” medalı təqdim olunur.

M.Bağırov hospitalda müalicə aldıqdan sonra yenidən öz polkuna qayıdır. Cəbhə dostları ilə birlikdə Avropaya çatır, mətinliklə vuruşaraq  “Qırmızı Bayraq”, “2-ci dərəcəli Vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenlərinə və bir çox medallara layiq görülür. Lakin  müharibənin  sonuna az qalmış  başından və hər iki əlindən ağır yaralanır…

Müseyib Bağırov Qələbəni hospitalda qarşılayır. O, burada təxminən səkkiz ay müalicə alır. 1945-ci ilin oktyabrında ordu sıralarından tərxis edilən kapitan M.Bağırov Bakıya qayıdır.

Müharibədə aldığı yaralar ona donanmada işləməyə imkan vermir. O, 1946-cı ildə Ticarət texnikumunu bitirsə də, ticarətdə işləməyə getmir. Bir neçə il “Neftçalaneft” Neft və Qazçıxarma İdarəsində çalışır. Geoloji kəşfiyyat xidmətinin rəisi olan M.Bağırov bir dəfə neft mədənində baş vermiş qəzanı aradan qaldırarkən buruqdan – 25 metr hündürlükdən yıxılır…

Sağ qalmasını “möcüzə” adlandıran həkimlər M.Bağırova fiziki əməklə məşğul olmağı qadağan edirlər. O, bir müddət “Qaradağneft” Neft və Qazçıxarma İdarəsində fəhlə təchizatı şöbəsində çalışır. Sonra uzun illər Lökbatan qəsəbəsində univermaq, daha sonra Bakıda “Qastranom” mağazasının direktoru işləyir…

1974-cü il – Böyük Vətən müharibəsində qazanılan Qələbənin 30 illiyi ərəfəsində Müseyib Bağırovun “Volqadan Dunayadək” (“От Волги до Дуная») adlı xatirələr kitabı işıq üzü görür. Stalinqraddan Vyanayadək şərəfli döyüş yolu keçmiş kapitan bu kitabda xatirələri ilə bərabər, diviziya, ordu və mərkəzi qəzetlərin materiallarından, habelə silahdaşlarının məktublarından istifadə edir.

Əgər səhv etmirəmsə, Çin kəlamlarının birində deyilib ki, insan dünyasını dəyişdiyi zaman deyil, onu son xatırlayacaq insan öləndə ölür. Bu baxımdan, Müseyib Bağırovun xatirələr kitabını onun həlak olmuş cəbhə dostları üçün ən yaxşı abidə hesab etmək olar.   

Fədakar insan Müseyib Bağırov 1981-ci il mayın 17-də 65 yaşında olarkən haqq dünyasına qovuşub, İkinci Fəxri Xiyabanda dəfn olunub. O vaxtdan 40 il ötsə də, Müseyib Bağır oğlu Bağırov bugün də hörmətlə xatırlanır və demək, uzunömürlülərdən olduğu öz təsdiqini tapır.

 

 

 Sevda Abdullayeva,

 İctimaiyyətlə əlaqələr departamentinin   aparıcı mütəxəssisi

 

 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır