Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Gələcəyin əsgəri

İstirahət günü  parka çıxmışdım. Həmişə olduğu kimi burada idman geyimində qaçışla məşğul olan insanlar az deyildi. Uşaqlar və analar isə əsasən yelləncəklər və müxtəlif attraksionların yanında toplaşmışdılar.

Diqqətimi böyüklərin dövrə vurduğu yerdə iki azyaşlı oğlan cəlb etdi. Yaşları təxminən 5-6 olardı. Hər ikisi cani-dildən qaçmaqla məşğul idi. Qabaqda qaçan oğlan arıq və ikinci oğlana nisbətən boyda balaca idi.  Yoldaşından xeyli geridə qalan tosqun oğlanın isə yorğunluğu hiss olunurdu. Fikir verdim ki, artıq ləhləyir, köynəyi də islanıb kürəyinə yapışmışdı. Oğul bala qaçışdan demək olar ki, yeriməyə keçmişdi.  Ani olaraq beynimdən keçdi: “Gələcəyin əsgəridi, dayanacaq, yoxsa...”

Heç iki dəqiqə keçməmiş, gözdən itirdiyim birinci oğlan yanımdan yel kimi ötdü, ikinci oğlana çatıb qənşərinə keçdi və ona baxıb əlini yellədi:

-  Eh, səndən əsgər olmaz!

Bah! Onda gördüm GƏLƏCƏYİN ƏSGƏRİNİ. Özünü toparlayıb var gücü ilə qaçmağa başladı...

Yadıma Türkiyə Respublikasının banisi, görkəmli siyasi və hərbi xadim Mustafa Kamal Atatürkün Türk gənclərinə ünvanladığı çıxışı düşdü. Atatürk yorulmadan onun ardınca gəlməyə söz verən gənclərə müraciət edərək deyir: “Yorulmadan mənim arxamca gəlməyinizi vəd edirsiniz. Fəqət, dostlar, yorulmadan nə deməkdir? Yorulmamaq olarmı? Əlbəttə, yorulacaqsınız. Mənim sizdən istədiyim şey yorulmamaq deyil, yorulduğunuz zaman belə durmadan yürümək, yorulduğunuz dəqiqədə də dincəlmədən mənim arxamca gəlməkdir.  Yorğunluq hər insan, hər canlı üçün təbii bir haldır. Fəqət, insanda yorğunluğu yenə biləcək mənəvi bir qüvvə vardır ki, bax, bu qüvvə yorulanları dincəlmədən yürüdür.”

Adını bilmədiyim, lakin iradəsinə heyran olduğum həmin uşağı da yüyürdən məhz onun yüksək idealıdır – AZƏRBAYCAN ƏSGƏRİ! İnanıram ki, bu iradə ilə o sabahın əsgəri də ola bilər, zabiti də, lap generalı da! Çünki ALLAH onu artıq bu dünyaya ŞƏXSİYYƏT kimi gətirib. Mən sizinlə qürur duyuram AZƏRBAYCAN GƏNCLƏRİ.

 

Sevda Abdullayeva

İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır