" Dənizçilərin Sağlamlığının Qiymətləndirilməsi Zamanı Beynəlxalq Meyarlar" kitabı nəşr edilib
ASCO-nun sədri Rauf Vəliyevin tapşırığı ilə dənizçilərimizin diaqnostik, ambulator-poliklinik, müalicə-profilaktik xidmətinin təkmilləşdirilməsi ilə bağlı layihələrhəyata keçirilir.Dənizçilərin peşə fəaliyyətindən irəli gələn xəstəliklərin və onların fəsadlarının aradan qaldırılmasına xüsusi diqqət yetirilir. ASCO işçilərinin tibbi müayinəsinin beynəlxalq tələb və göstəricilərinə uyğunluğunu təmin etmək üçün müvafiq ədəbiyyatlar hazırlamaqla maarifləndirmə işi həyata keçirilir. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20.12.2018-ci il tarixli Fərmanı, tam əminliklə deyə bilərik ki, səhiyyə sahəsində böyük bir dönüş yaratdı. Bu fərmana görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) yaradılır. Bu baxımdan həqiqətən də ən vacib sığorta insan həyatının sığortalanmasıdır. Məhz buna görə dövlət tərəfindən icbari tibbi sığortanın tətbiqi üçün praktiki struktur formalaşdırılıb. İcbari tibbi sığorta haqqında Milli Məclis tərəfindən 1999-cu ildə qanun qəbul edildikdən sonra müstəqil şəkildə tibbi sığorta proseslərini həyata keçirən qurumlar formalaşmağa başladı. 16 fevral 2016-cı ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, 20.12.2018-ci il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzdində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsi yaradıldı. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin həyata keçirəcəyi sığortanın mexanizmi belədir: muzdla çalışanlar, işçilər əmək haqqının 2%-ni, işəgötürənlər də verdikləri maaşın 2%-ni sığorta Agentliyinə köçürəcəklər. Əhalinin müəyyən kateqoriyasının – 18 yaşınadək uşaqların, pensiya yaşında olan vətəndaşların, əlillərin, aztəminatlı ailələrin, tələbələrin və hamilə qadınların sığorta haqlarını dövlət öz üzərinə götürür. Tibbi sığorta bazarının güclənməsi üçün bu fərman xüsusi əhəmiyyət daşıyır. İkinci isə tibb müəssisələri arası rəqabət çox olduğundan, bəzən maraqlar toqquşurdu, çünki icbari özəl tibbi sığorta şirkətləri ilə müqavilə bağlayan idarə və müəssisələr sığorta şirkətləri tərəfindən onlara təqdim olunmuş tibb müəssisələri çərçivəsində seçim edə bilirdi. Bu da belə bir tendesiya yarada bilirdi ki, sığorta şirkətlərinin siyahısında təmsil olunmuş tibb müəssisələrindən qat-qat üstün tibbi personala və maddi-texniki bazaya malik bəzi dövlət tibb müəssisələri, özəl tibbi sığorta şirkətlərinin sığortaçıya tibbi xidmət edəcək müəssisələri siyahısına alınmırdı. Ona görə də vəziyyətdən çıxış yolu kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi yaradıldı. TƏBİB-ə daxil olacaq publik hüquqi şəxs statusu qazanan tibb müəssisələri özləri müstəqil olaraq müəssisənin marketinqini həyata keçirmək imkanına malik olur. Mövcud qanunlar çərçivəsində tibb müəssisələri xidmət paketlərini müəssisə və təşkilatlara təqdim edir. Müəssisə və təşkilatlar da öz əməkdaşlarına tibbi xidmətin göstərilməsi müqaviləsini ya birbaşa (TƏBİB-ə hesabat verməklə), ya da tibbi sığorta təşkilatları vasitəsilə həyata keçirmək imkanı əldə edir. Müəssisə və təşkilatlar tibb müəssisələri ilə birbaşa müqavilə bağladıqda onların işçilərinə göstərilən tibbi xidmətin müqabilində tibb müəssisələri qarşısında müəyyən öhdəliklər qoya bilər. Bu öhdəliklərdən biri də odur ki, tibbi xidmətlərə görə ödəniləcək məbləğin müəyyən bir hissəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənsin. Beləliklə də tibb müəssisələri göstərdiyi tibbi xidmətlərə görə əldə etdiyi gəlirin müəyyən bir hissəsini sığorta şirkətinə ödəyir. Bu rəqəm göstərilən xidmətin müqabilində əldə olunmuş gəlirin miqdarından asılı olaraq dəyişə bilər. Amma faiz hesabı ilə bu rəqəm hesablanmalı, tərəflərin hər ikisini təmin etməlidir. Yaxud da 3 tərəfli müqavilə şəklində (tibb müəssisəsi, tibbi xidmət haqqını ödəyən təşkilat və sığorta şirkəti) razılaşma formasında həyata keçiriləcək. Bu istənilən halda yarana biləcək hər hansı yersiz söz-söhbətlərin qarşısını alacaqdır. Müstəqil olaraq tibb müəssisələri öz marketinqlərini həyata keçirmək imkanı əldə etdiyinə görə, onlar daha çox tibbi xidmət paketi əldə etmək naminə öz maddi-texniki bazalarını genişləndirmək və daha yüksək səviyyəli mütəxəssisləri cəlb etmək baxımından və həmçinin tibbi xidmətin səviyyəsini artırmaq üçün tələb olunan addımlar atmağa məcbur olacaqlar. Tibb müəssisələrinə bu baxımdan “intervent investisiya” cəlb etmək hüququ da verilir. Bu məqsədlə tibb müəssisəsinin əmlakı səhmlərə də çevrilə bilər və bu səhmlərin satışı nəticəsində “intervent investisiya” əldə etmək olar. Bu cür sistemin tətbiqi tibbi personalın əməkhaqlarının yüksəlməsinə də səbəb olacaqdır. Bu komponentləri və hüquqları özündə birləşdirən tibb müəssisələri sağlam rəqabət apararaq daha da inkişaf etmək üçün çalışacaqdır. İkinci bir tərəfdən depozit tibbi sığortanı əldə etmək baxımından da rəqabətə cəlb olunacaqdır. Depozit tibbi sığortanın üstün cəhətlərindən biri də odur ki, tibbi xərclər müraciət edənin öz hesabına ödənilir. Müstəqil maliyyə fəaliyyəti göstərən tibb müəssisəsi depozit tibbi sığortanın formalaşmasında iştirak edə biləcək. İstənilən halda tibb müəssisəsinin yüksək tibbi xidmət göstəriciləri fərdi qaydada müraciətləri artıracaq. Belə halda tibb müəssisəsi ilə fiziki şəxs arasında depozit tibbi xidmət haqqında müqavilə bağlana bilər və bu müqavilə nəticəsində formalaşmış gəlirin müəyyən bir hissəsi İTSDA-nın hesabına keçirilərək müəyyən faiz nisbətində hesablanır. Tibb müəssisələrinin inkişafını təmin etmək üçün öz səhmlərini istiqraz vərəqələrinə çevirərək əlavə maliyyə mənbələrini formalaşdıra bilər. Yəni bu istiqrazları əldə edən hüquqi və ya fiziki şəxslər müəyyən dövr ərzində və ya həmişəlik güzəştli tibbi xidmət əldə edəcəklər. İTSDA yüksək tibbi xidmətin təmin olunması baxımından səhmlərini istiqraza çevirmiş tibb müəssisələri başqa bir formada və ya güzəştli ödəmələr strategiyasını həyata keçirə bilər. Eyni zamanda bu gün tez-tez rast gəlinən və praktikada özəl tibbi sığorta şirkətləri ilə yaranan ziddiyyətlər də aradan qaldırılır. Konkret olaraq hansı patologiyaların və ya xəstəliklərin tibbi sığortaya daxil edildiyi göstərilmirdi və ümumi terminlərdən istifadə olunurdu.
Məsələn, üz-çənə cərrahiyyəsinin tibbi sığortaya daxil olması barədə bağlanmış müqavilənin stasionar yardım bölməsində göstərilsə də, sığorta riskləri bölməsinin istisnalar hissəsində rekonstruktiv cərrahiyyə adı ilə belə əməliyyatların aparılmasından imtina edilir. Halbuki, rekonstruktiv cərrahiyyə dedikdə, çənə sınıqlarının bərpası - çənənin iltihabından formalaşmış osteomielitlərdən əmələ gəlmiş çənə rezorbsiyaları, osteoblastoklastoma və s. başa düşülməlidir. Əslində isə bu özü elə üz-çənə cərrahiyyəsinin tərkib hissəsidir. Eyni hal digər patologiyalar üzrə də təkrarlanır. Neyrocərrahiyyə və travmatologiya müqavilənin stasionar yardım bölməsinə daxil edilsə də, hansı növ patologiyaların ora aid olduğu göstərilmirdi.
ASCO-da həyata keçirilən sosial proqramlar daxilində “Dənizçilərin beynəlxalq standartlara uyğun tibbi müayinəsi haqqında məlumat kitabçası”nı Hüquq Departamenti, KSƏTƏMM, Sosial inkişaf və nəqliyyat şöbəsi ilə birgə işləyb hazırlayaraq nəşr etdirdik. Bu kitabça dənizçilərin müayinəsi zamanı üzə çıxan xəstəliklərlə bağlı hansı qərarın verilməsi, tibbi diaqnozlardan asılı olaraq dənizçilərin hansı halda üzücü heyətə buraxılıb-buraxılmaması və ümumilikdə tibbi sağlamlıq sertifikasiyasının verilməsinin Beynəlxalq Konvensiyaların şərtləri baxımından olduqca əhəmiyyətli idi. Kitabça həm həkimlərimizin, həm də dənizçilərimizin maariflənməsi üçün vacib bir mənbə oldu.
ASCO-nun Könüllü Tibbi Sığorta Proqramına qoşulması “Dənizçilərin Sağlamlığının Qiymətləndirilməsi Zamanı Beynəlxalq Meyarlar” adlı yeni kitabımızın yaranmasına səbəb oldu. Belə ki, 2018-ci ilin fevral ayının 1-dən ASCO-nun əməkdaşları Könüllü Tibbi Sığorta Proqramından yararlanmağa başlamışlar. Bu baxımdan Könüllü Tibbi Sığorta Proqramında təmsil olunmuş tibb müəssisələrinin, xüsusən su akvatoriyalarının təsirindən dənizçilərdə əmələ gələn spesifik xəstəliklər üzrə onların təfərrüatlı tibbi təlimatlara təmin edilmələri çox vacibdir. Belə ki, Dəniz Təhlükəsizliyi Komitəsi tərəfindən təsdiq olunmuş beynəlxalq qaydalara uyğun müasir elmi-praktiki nəticələri, İMCA-nın (Beynəlxalq Dəniz Podratçılar Assosiasiyası) tələblərini və DMAC-ın (Dalğıc Tibb Məsləhət Komitəsinin) tövsiyələrini, müalicəvi rekompressiya rejimlərini nəzərə alaraq həyata keçirilməsini daha düzgün sayır. Bu baxımdan dənizçilərin müayinəsi zamanı bu məsələyə xüsusi diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki, dənizçilərdə üzə çıxan patologiyalar adi şəraitdə insan orqanizminə təsir edən faktorlardan fərqlidir. İMO (Beynəlxalq Dəniz Təşkilatı) ilə WHO (Ümumdünya Səhiyyə Təşkilatı) birgə dənizçilərdə üzə çıxan patologiyalarla bağlı və onların əmək qabiliyyətlərinin yaralrılıq qiymətləndirməsi cədvəlini işləmişlər. Təqdim etdiyimiz “Dənizçilərin Sağlamlığının Qiymətləndirilməsi Zamanı Beynəlxalq Meyarlar” kitabında məhz yuxarıda qeyd etdiyim konkret tövsiyələr cədvəlindən istifadə edilmişdir və Könüllü Tibbi Sığorta Proqramında təmsil olunmuş tibb müəssisələrinin bu tövsiyələrlə tanış olmaları və buna diqqət vermələri olduqca vacibdir.
Kitabla asco.az saytının media bölməsində buradan tanış olmaq mümkündür.
Adıgözəl Məmmədov, Layihənin icraçısı