Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

"Yeni Azərbaycan" qəzeti:  “Şuşa”, “Qarabağ”, “Zəngəzur”, “Xocalı”, “Kəlbəcər”, “Laçın” Azərbaycan bayrağı ilə sərhəd sularını aşır...

“Şuşa”, “Qarabağ”, “Zəngəzur”, “Xocalı”, “Kəlbəcər”,  “Laçın”  Azərbaycan bayrağı ilə sərhəd sularını aşır...

Dünən xalqımız üçün son dərəcə qürurverici olan daha bir tarixi anlara şahidlik etdik. Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Bayrağını Şuşa, Xankəndi, Xocalı da daxil olmaqla bütün ölkə ərazisində ucaltmağa nail olan Prezident İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib. 

İndiyədək dövlətimizin başçısı çoxlu sayda belə təntənəli tədbirlərə qatılıb. Prezident İlham Əliyevin üçrəngli bayrağımız altında beynəlxalq sularda üzəcək “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirakının isə çox böyük rəmzi mənası var.

Qarabağda tarixin bərpası

Özləri barədə həmişə saxta miflər uyduran ermənilər otuz illik işğal dövründə şəhər və kəndlərimizi dağıtmaqla, sərvətlərimizi talamaqla yanaşı, tariximizə, mədəniyyətimizə sahiblənmək üçün də min bir oyundan çıxıblar. Artıq sübut olunmuş faktdır ki, ermənilər tarixi ərazilərimizdə yerin altına çoxlu sayda xaçkarlar basdırıblar. Həmçinin alban mənşəli mədəni irsimizə aid olan bir sıra abidələrin divarlarına da belə xaçkarlar yamaq edilib. Sonradan xaçkarlar müxtəlif beynəlxalq tədbirlərdə nümayiş olunur, bu yararsız əşyaların “tapıldığı” ərazilərin və abidələrin ermənilərə aid olduğu bildirilirdi. Guya ermənilər Qarabağın aboregen sakinləri olublar və burada mədəni irs yaradıblar. 

Ermənilər həmçinin toponimlərimizi mənimsəməyə çalışıblar. İşğal illərində Qarabağın bütün şəhər və kəndlərinə eybəcər adlar verilmişdi. Haqq nazilsə də, üzülmədi. Vətən müharibəsindəki və lokal xarakterli antiterror tədbirlərindəki şanlı zəfərlərdən sonra Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinə nail olub. Müharibə başa çatdıqdan dərhal  sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanılması Azərbaycan dövlətinin və xalqının yurd yerlərimizə möhkəm tellərlə bağlı olduğunu əyani şəkildə təsdiqləyir. Ermənilər necə mədəni və aborogen xalqdırlar ki, Qarabağda hər şeyi talayıblar, məhv ediblər. Dövlət başımızın da qeyd etdiyi kimi, sanki bu yerlərdən vəhşi tayfalar gəlib keçib. Azərbaycan xalqı isə həm qurub yaradan xalqdır, həm də öz tarixinə böyük önəm verir. İndi isə biz Qarabağda həm də tarixin bərpası ilə məşğuluq. Qarabağda şəhərlər, abidələr tarixilik prinsipi əsas götürülməklə yenidən qurulur, həmçinin ermənilərin saxtakarlıqla dəyişdirdikləri toponimlərimiz bərpa olunur. 

“Xocalı” Amerika sularında...

Qazandığımız şanlı zəfərlərin əsas memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. O, tarixi məqamı gözlədi, Azərbaycanı böyük qələbələrə çatdırdı. Şəhər və kəndlərimizin, abidələrimizin tarixilik prinsipi əsasında bərpası təşəbbüsündən də məhz dövlətimizin başçısı çıxış edib. Daha bir mühüm məqam ondan ibarətdir ki, son illərdə inşa edilən əksər gəmilərə ölkə rəhbərinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq respublikamızın füsunkar bölgələrinin adları verilir. Eyni zamanda, Onun təklifi əsasında yeni alınan və yaxud inşa olunan gəmilər həm də Qarabağ və Şərqi Zəngəzur bölgələrinə aid toponimlərlə adlandırılır.

Qürurverici haldır ki, Azərbaycan 200-dən çox gəmi parkı ilə Xəzərdə ən böyük mülki donanmaya malikdir. Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmi parkı daha üç nəhəng tanker ilə zənginləşdirildi. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Xarici sualarda Azərbaycan Bayrağı altında üzəcək gəmilər “Aframax” tipli tankerlərdir. İndiyə qədər Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13 min ton dedveytə (yükgötürmə qabiliyyətinə) malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub.

Bizim üçün önəmli olan cəhət həm də ondan ibarətdir ki, “Aframaks” tipli həmin gəmilərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib. Azərbaycanın aldığı yeni nəsil tankerlərin birincisində - “Şuşa” gəmisində bayrağımız 2023-cü il 15 iyun tarixində -  Milli Qurtuluş Günündə Sinqapurda “ASCO Ship Managment AFEZCO” şirkətinin idarəetməsinə qəbul edilərkən qaldırılıb ki, bu da son dərəcə qürurvericidir. 

Azərbaycanın tarixi torpaqlarının adlarını daşıyan və milli bayrağımız altında üzən bu tankerlər dünya sularında ölkəmizi qürurla təbliğ edir. Cari ilin mayında isə Çində “Xocalı” adlı “Handysize” tipli bir quru yük gəmisinin istismara verilməsi ilə gəmiçilik quru yük daşımalarında yeni seqmentə daxil olub. Bu gəminin ilk səfəri Cənubi Koreyanın “Bakpyung” limanından ABŞ-ın “Portland” limanına yerinə yetirilib. Onu da qeyd edək ki, bu səfərlə “Xocalı” müstəqil Azərbaycan Bayrağı altında Amerika sularına daxil olan ilk gəmi kimi tarixə düşüb.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Bakı gəmiqayırma zavodunda inşa olunan digər bir gəmi isə “Kəlbəcər” adını daşıyır. “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimi 10 sentyabr 2021-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Uzunluğu 141 metr, eni 16,9 metr olan “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti 7,800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.

Tarixi yurd yerlərimizin adları  həmişə qəlbimizdə olub

İşğal illərində Şuşaya, Xankəndinə, Laçına, Xocalıya gedib-gəlmək imkanından məhrum qalsaq da, tarixi yurd yerlərimizin adları həmişə qəlbimizdə olub. O cümlədən çoxlu sayda gəmiyə Prezident İlham Əliyevin təşəbbüsü əsasında hələ İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə işğal altında olan yaşayış məntəqələrimizin adları verilmişdi. Xatırladaq ki, Prezident İlham Əliyev 15 oktyabr 2009-cu il tarixində “Şuşa” tankerinin istismara verilməsi mərasimində iştirak edib. Eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan gəmi “Prezident Heydər Əliyev” tankeri ilə eyni layihədəndir və bu tip tankerlər Xəzərdə istismar edilən ən iri gəmilərdən hesab olunur. “Şuşa” tankerinin yükgötürmə qabiliyyəti 13 min tona bərabərdir. 

Yenə də dövlətimizin başçısının iştirakı ilə 6 sentyabr 2017-ci il tarixində Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi baş tutub. “Xankəndi” gəmisi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.

Özünəməxsusluğu ilə seçilən “Laçın” adlı ilk neft tankeri dövlətimizin başçısına 13 dekabr 2019-cu ildə təqdim olunub. Bu tanker Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin uzunluğu 141 metr, eni 16,9 metr, ağırlığı isə  7875 tondur. Prezident İlham Əliyev bəhs olunan tədbirdə həmçinin “Xocalı”, “Murovdağ” və digər platforma-təchizat gəmilərinin istifadəyə verilməsini bildirən düyməni basıb.

Mübariz ABDULLAYEV


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır