Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Poçt markaları-İnformasiya daşıyıcıları

Yaxşı kolleksiya əslində özünəməxsus ensiklopediyadır, harada ki, hər şey var: əlamətdar günləri ilə ölkənin tarixi, coğrafiyası, təbii sərvətləri, mədəniyyəti və əlbəttə ki, öz işləri ilə ölkəni şərəfləndirən insanları.

Ernst Krenkel,

 Məşhur Arktika tədqiqatçısı, sovet dönəmində Ümumittifaq  filateliya cəmiyyətinin banisi

İnternet həyatımıza daxil olduqdan sonra filatelistlərin sıx cərgələri sürətlə seyrəlməyə başladı. Bu, gözlənilən idi. Axı bir çox filatelistlər kolleksiyalarını məhz məktublaşmaqla zənginləşdirirdilər. Hobbilərindən xəbərdar olan qohum-qonşular, əməkdaş və tanışlar da başqa ölkə və şəhərlərdə yaşayan əzizlərinin məktubları hesabına onların kolleksiyalarına töhfələr verirdilər...

Lakin yaxşı ki, zamanla hər şey dəyişir. Bugün bütün dünyada filateliyaya yenidən marağın artdığı izlənilir. Onun maarifləndirici xüsusiyyətini nəzərə alsaq, bu fakt sevindirməyə bilməz. Əsl kolleksiyaçılar sadə yığıcılardan onunla fərqlənirlər ki, topladıqları markalar haqqında hər şeyi bilirlər: markada kimin və ya nəyin təsvir olunduğunu,  şəxs və ya obyektlə bağlı bütün məlumat və hadisələri, o cümlədən markanın hansı tədbir və ya hadisə ilə əlaqədar olaraq buraxıldığını. Bu səbəbdən markalar hazırda bilavasitə təyinatları – poçt xidmətlərinin ödənildiyini bildirən nişan olmaqla bərabər, onu dövriyyəyə buraxan suveren ölkənin təbliğatı ilə gündəmdədir. Markanın “bambalaca boyu”na baxmayaraq, təbliğat və təşviqatda oynadığı böyük rola görədir ki, bədnam qonşularımızın dəstəyi ilə qondarma “Artsax”  qurumu poçt markaları buraxmaqla dünya filatelistlərinin kolleksiyalarına yol tapmağa və beləliklə, hətta Ermənistanın özünün tanımadığı oyuncaq “Artsax”ı  yaddaşlara “müstəqil dövlət” kimi həkk etməyə çalışır.

Mən əslində dəniz filateliyası haqqında məqalə yazmağa hazırlaşırdım. Bu barədə az sonra söz açacağam. İnternetdə vaxtı ilə paytaxtımızda böyük uğurla keçirilmiş “Morfil-78” filateliya sərgisinə həsr olunmuş birinci gün zərfinin (xüsusi zərf, üzərində dövriyyəyə çıxarıldığı ilk günün tarixi göstərilməklə xatirə basması və bu basmanın vurulduğu poçt markası və ya marka bloku olur) yüksək keyfiyyətli təsvirini axtarırdım ki, “Марки Арцаха – визитные карточки этой замечательной страны» adlı məqaləyə rast gəldim. Məqaləni oxudum. Yazıdan bir sitatı olduğu kimi vermək istəyirəm. Erməni müəllif  yazır: “Hər şeydən başqa, Artsax markaları həm də mühüm təbliğatçı rolunu oynayır. Onların sayəsində bütün planetdə olan insanlar Dağlıq Qarabağ Respublikası (Artsax Respublikası) kimi bir dövlətin mövcudluğundan xəbər tuturlar. Beləcə onlarda maraq yaranır: bu nə ölkədir belə, nə xalqdır? İnsanlar bu barədə əlavə informasiya almağa, yeni Artsax markaları əldə etməyə çalışırlar. Bunun ardınca bu elə məhəbbət və hörmət yaranır.”. Nə qədər hiddətləndirsə də,  qeyd etməliyəm ki, məqalənin digər bir abzasında müəllif markaların Azərbaycanla informasiya və ideoloji qarşıdurmada çox mühüm xidmət  göstərə biləcəyi barədə fikrini gizlətmədən, açıq-aşkar yazır. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur!    

Marka buraxılışı hər bir dövlətin nüfuz göstəricisi olub, ölkənin müstəqil statusunu və özəlliklərini vurğulayır, Dövlət bayrağı, gerbi və himni kimi  ölkənin rəmzi sayılır. Kolleksiyalar əsasında ölkə xalqlarının adət-ənənələrini, məişətini, mətbəxini öyrənmək olur.

Ölkəmizi beynəlxalq filateliya sərgilərində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən „Azərmarka“ Məhdud Məsuliyyətli Cəmiyyət təmsil edir. „Azərmarka“nın istedadlı rəssam və dizaynerlərdən ibarət yeni kollektivinin son illər ərzində hazırlayaraq filatelistlərin mühakiməsinə təqdim etdiyi nəfis tərtibatlı  markalar  şirkətin öz işinin öhdəsindən məharətlə gəldiyini göstərir. Bunu mən „Azərmarka“ ilə birlikdə gördüyümüz işin nəticəsinə görə, həm də onların işıq üzü görən digər işləri əsasında əminliklə deyirəm. Cəmiyyət  gözoxşayan dizayn ilə Azərbaycanımızın tarixinə, təbiətinə, mədəniyyətinə və xalqımızın milli adət-ənənələrinə, o cümlədən  ölkədə və xalqımızın həyatında baş verən bütün əlamətdar hadisə və tarixlərə – Milli Ordumuzun iftixar hissi yaşadan Aprel döyüşlərindəki qətiyyətli qələbəsinə, görkəmli elm-mədəniyyət xadimlərimizin yubileylərinə, ölkədə keçirilən mötəbər idman yarışlarına, beynəlxalq səviyyəli tədbirlərə, gerçəkləşən qlobal əhəmiyyətli layihələrə həsr edilmiş poçt markaları, habelə birinci gün zərfləri, xatirə ştempellərinin basmalarını, kartmaksimum və açıqcalar kimi filatelistik və kolleksiya nümunələri də işləyib hazırlayır. Bu halda sual yarana bilər ki, əgər „Azərmarka“ belə yaxşı işləyirsə, qondarma bir qurum öz poçt markaları ilə nə edə bilər? Gəlin yaddan çıxarmayaq ki, söhbət düşünülmüş, məqsədyönlü təbliğatdan gedir və bu halda „Yel qayadan nə aparar?“ deyə,  sakitcə oturub gözləmək olmaz. Düşmənə cavab „El gücü – sel gücü“ düşüncəsi ilə verilməlidir. Yəni, ən azından xaricdə kimin dostu-tanışı, qohum-əqrəbası varsa, heç olmasa ildə 2-3 dəfə internetlə deyil, poçt vasitəsi ilə məktublaşmalı və bu zaman zərflərin üzərinə doğma diyarımız Qarabağın abidələrinə, flora-faunasına, görkəmli şəxslərinə həsr edilmiş markalardan yapışdırmalıdır. Bu, ən azından əcnəbi poçt işçilərinə, ən çoxu isə sözügedən qohum-əqrəbanın fəallığı yüksək olarsa, onların çevrəsindəki filatelistlərə və ya sadəcə maraqlanan birisinə markalar vasitəsi ilə Azərbaycanın dilbər guşəsi ilə tanış olmağa və onun haqqında məlumatlanmağa imkan verər. Kitabsevərlər mənimlə razılaşdıqları  üçün qətiyyətlə deyə bilərəm ki,  elektron kitab çap olunmuş kitabı necə əvəz edə bilmirsə, əl ilə yazılmış məktub da elektron məktubu əvəz edə bilmir. Özünüz yoxlayıb, əmin ola bilərsiniz: birincinin oxunuşundan alacağınız zövq həmişə (!) elektron məktubu oxumaqdan aldığınız zövqün fövqündə olacaq. 

 Markaların təbliğatçılıq funksiyasından effektiv istifadə etməklə, onları ölkəmizin tərənnüm vasitələrindən birinə çevirmək olar.  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinın timsalında bu istiqamətdə görülən işlərdən söz açmaq yerinə düşər. Əvvəlcə tarixə nəzər salaq. Filateliyanın məşhur olduğu keçən əsrin 70-ci illərində Xəzər Dəniz Gəmiçiliyi filatelistlərin səmərəli fəaliyyəti üçün iki klub yaratmış, 1978-ci il oktyabrın 7-də dəniz mövzusuna həsr edilmiş II Ümumittifaq filateliya sərgisi – „Morfil-78“-in Bakıda   müvəffəqiyyətlə keçirilməsindəxüsusi əməyi olmuşdir. Müstəqillik illərində də Gəmiçilik ənənələrinə sadiq qalaraq 140, 145 və 150 illik yubileylərində klyasserlərdə (markaların saxlanılması üçün nəzərdə tutulmuş  şəffaf ciblikli albom)markalar toplusu çap etdirmiş, Ümummilli Liderimiz Heydər Əliyev kimi müdrik, uzaqgörən və qətiyyətli dövlət başçısı sayəsində qoruyub saxlamağa müvəffəq olduğu dəniz nəqliyyatı donanmasının həmin dövrdə necə inkişaf etdiyini göstərmişdi. Həmin illərdə strateji obyekt olaraq milli donanmanın qorunub saxlanılması çox çətin idi və bu çətinliklər yalnız Ulu Öndərin sayəsində dəf edilmişdi. Təkcə bir misal yetər ki, bunun nə qədər çətin olduğunu təsəvvür edəsiniz: keçən əsrin 90-cı illərində Sovet İttifaqında fəaliyyət göstərən 16 ticarət gəmiçiliyindən əsrin sonuna yalnız 4 gəmiçilik (!!!) qalmışdı. Bu dördlükdən də ancaq Xəzər Dəniz Gəmiçiliyi Ulu Öndərin köməkliyi ilə öz donanmasını tam qoruyub saxlaya və hətta, gəmilərinin sayını artıra bilmiş, Beynəlxalq Dəniz Təşkilatına üzv olmuş, yüksəkixtisaslı dənizçi kadrların hazırlanması üçün Dəniz Akademiyasını yarada bilmişdi.

Ulu Öndərimizin sarsılmaz iradəsi ilə həyata vəsiqə qazanan və sonralar layiqli varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çox məharətlə davam etdirilən yeni neft strategiyası ölkəmizin  Xəzər Dəniz Neft Donanmasının da qarşısında geniş perspektivlər açmış, ona öz maddi-texniki bazasını günün tələblərinə uyğunlaşdırmağa və xarici neft şirkətləri ilə əməkdaşlıq etməyə şərait yaratmışdı.

2013-cü il 22 oktyabrda ölkə rəhbərimiz İlham Əliyevin imzaladığı Sərəncama əsasən respublikada mövcud olan iki böyük donanma – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək yenidən təşkil olundu. Bu, respublikamızın mühüm tranzit və logistika mərkəzinə çevrilməsi üçün dövlət başçımızın qətiyyətlə həyata keçirdiyi məqsədyönlü tədbirlərdən biri olub, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə yeni qurum olaraq fəaliyyətini müasir çağırışlara müvafiq surətdə qurmağa və məqsədyönlülüklə aparılan tədbirlər sayəsində getdikcə artan yerli və beynəlxalq daşımalarda rəqabətədavamlılığını qoruyub saxlamağa imkan yaratdı.

2018-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 yaşına qədəm qoydu. Qocaman Gəmiçilik bu əlamətdar tarixi əmək veteranlarının, işgüzar tərəfdaşlarının, say-seçmə gənc kadrlarının iştirakı ilə qeyd edib, köklü islahatlar aparmaqla səmərələşdirdiyi fəaliyyətinin beşillik dövründə qazandığı nailiyyətlərin sevincini onlarla bölüşdü. Lakin məqalə markalara və onların informasiya daşıyıcıları kimi roluna həsr olunduğu üçün əsas mətləbə keçirəm. Yubiley tədbirində iştirak edən xarici qonaqlara Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ölkəmizlə bərabər keçdiyi tarixi mərhələlərdən bəhs edən  „Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-160 il“ adlı markalı kitab təqdim olundu. Azərbaycanda gəmiçiliyin qədimliyi, neftin sənaye üsulu ilə hasılatının dənizlə yük daşımalarının artmasına, dəniz nəqliyyatının təkmilləşdirilməsinə, habelə gəmiçilik şirkətlərinin, gəmi təmiri bazasının və ilk dəniz təhsili ocağının yaradılmasına göstərdiyi təsir, donanmanın milliləşdirilməsi, Böyük Vətən müharibəsi illərində dənizçilərimizin fədakarlığı, müharibədən sonrakı dövrdə dənizdə neft yataqlarının kəşfi ilə bağlı ixtisaslaşdırılmış neft donanmasının yaradılması və inkişafı, Bakı–Krasnovodsk (Türkmənbaşı) gəmi-bərə keçidinin və Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filalının açılışı, Sovet İttifaqında dəniz gəmi-bərə keçidlərinin layihələndirilməsində əvəzsiz rolu olan Xəzər Dəniz Layihə və Elmi-Tədqiqat İnstitutu, gəmilərimizin üzmə coğrafiyasının genişləndirilməsi, keçən əsrin 70-80-ci illərində ticarət və neft donanmalarımızın yeniləndirilməsi, müstəqillik illərində qorunub saxlanılması və inkişaf etdirilməsi,  nəhayət, 2013-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması barədə söz açan və özündə foto şəkillərlə bərabər, markalar da ehtiva edən bu kitabı E.Krenkelin fikrinə istinadən Azərbaycanın dəniz nəqliyyatının ensiklopediyası da adlandırmaq olar.

Qeyd etmək xoşdur ki, bu kitab hazırlanarkən 2020-ci ildə faşizm üzərində Qələbənin 75 illiyinin qeyd olunacağı nəzərə alınaraq, Ulu Öndərimizin “Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur... Azərbaycan xalqının tarixi xidmətlərini və böyük rolunu olduğu kimi bütün tamlığı ilə dünya ictimaiyyətinə çatdırmaq respublika ictimaiyyətinin, mətbuatının və ziyalılarının vətəndaşlıq borcudur” və ölkə rəhbərimiz  İlham Əliyevin “Sövet dövründə, İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti olmasaydı, Sovet İttifaqı faşizm üzərində Qələbəni əldə edə bilməzdi. Bunu hamı bilməlidir. Biz Qələbəyə həlledici töhfə vermişik” deyimlərinə əsaslanaraq, Azərbaycan xalqının, o cümlədən dənizçilərimizin bu ölüm-dirim mübarizəsində fədakar roluna geniş yer verilib.   

Cari ilin 11 oktyabrında dövlət başçımız İlham Əliyevin Aşqabadda xalqımıza qürur yaşadan çıxışı bizim düz yolda olduğumuzu göstərdi:  ölkənin qüdrətini artırmaqla bərabər, onun təbliği də vacibdir. Axı həqiqətən Azərbaycan nefti olmasaydı, SSRİ məğlubedilməz görünən faşist ordusuna qalib gələ bilərdimi? Bu suala Bakı Media Mərkəzi ilə Fransanın  sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle & Co” (CC&C) prodakşn şirkətinin birlikdə ərsəyə gətirdikləri və dünya ekranlarında uğurla nümayiş etdirilən “Hədəf – Bakı. Hitler neft uğrunda müharibəni necə uduzdu?”sənədli filmi birmənalı cavab verir. Film İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxır.  Baş prodüsseri Arzu Əliyevanın, baş məsləhətçisi isə görkəmli elm xadimi Çapay Sultanovun olduğu bu film Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, faşizm üzərində Qələbənin əldə olunmasında xalqımızın əvəzedilməz rolunu dünya ictimaiyyətinə çatdırmaq baxımından çox böyük əhəmiyyət kəsb edir.  Ssenarinin əsasında Çapay Sultanovun “Tarix felin lazım formasını sevmir, amma yenə də…” kitabı durur. Bu kitabın dünya dillərinə tərcümə edilməsi qürurverici fakt olub, Azərbaycanımızın, xalqımızın maraqlarının müdafiəsinin hər bir vətəndaşın ümdə vəzifə kimi qəbul etməsini təsdiqləyir.

 

    Sevda ABDULLAYEVA,

   İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır