Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-08,
Seanews
Heyder Eliyev

XİLASEDİCİ HALQA VƏ JİLETLƏR
Tanıdığımız əşyaların tarixi: I hissə

Bu gün hər bir gəmidə adi vasitə hesab etdiyimiz xilasedici halqa və jiletlərin arxasında əsrlərlə davam edən sınaqlar, ixtiralar və böyük itkilər dayanır. Qədim Çin ordusunun yüngül oduncaq halqalarından tutmuş, 1905-ci ilin sərt qanunvericilik aktlarına qədər keçilən yol təkcə texnologiyanın deyil, həm də təhlükəsizlik mədəniyyətinin təkamülüdür. 

Arxeoloqlar xilasetmə vasitələri haqqında ilk məlumatı Assuriya barelyefində aşkar ediblər. Bu təsvirlərdə döyüşçülərin içi hava ilə doldurulmuş tuluqlar vasitəsilə su maneələrini keçdiyi aydın görünür. Müasir alimlərin hesablamalarına görə, bu cür bəsit “fərdi vasitə” 20–25 kiloqrama qədər yükqaldırma qabiliyyətinə malik olub. Bu isə yetkin bir insanı suyun üzündə saxlamaq üçün tamamilə kifayətdir.

 

 FOTO 1: Assuriya döyüşçülərinin tuluqlarla çayı keçməsini əks etdirən məşhur barelyef

Qədim Çində də əsgərlərin enli çaylardan keçmək üçün yüngül oduncaqlardan hazırlanmış halqalardan istifadə etdiyi məlumdur. Hətta İntibah dövrünün universal dahisi Leonardo da Vinçinin də xilasedici halqa layihələndirdiyini sübut edən eskizləri günümüzədək gəlib çatıb.

FOTO 2: Da Vinçinin "Codex Atlanticus" əsərindəki xilasedici halqa eskizi

Lakin qəribədir ki, həmin vasitələrin donanmada kütləvi istifadəsinə dair heç bir tarixi qeydə rast gəlinmir. Görəsən, bu, dənizçi həyatının taleyin ümidinə buraxılması idi, yoxsa texniki çətinliklər buna mane olurdu? O dövrün gəmilərinin kiçik ölçülərini nəzərə alsaq, göyərtədəki hər kəs üçün dəridən hazırlanmış və hava ilə şişirdilmiş tuluqlar daşımaq qeyri-praktik olardı. Görünür, elə buna görə dənizçilər uzun müddət yalnız öz fiziki güclərinə və gəmidəki kəndirlərə (burazlara) güvəniblər.

Bir kəndir, bir həyat: gənc Məhərrəmin şücaəti

Buna parlaq bir nümunə kimi, Azərbaycanın əfsanəvi kapitanı Məhərrəm İsmayılovun gənclik illərini xatırlatmaq yerinə düşər. Onun həyat hekayəsini araşdırarkən, hələ müdavim olduğu illərdə öz sinif yoldaşını necə xilas etməsi diqqətimi çəkmişdi. Hadisə belə olur: dövlət imtahanlarından əvvəl təcrübə keçən heyətlə yelkənli gəmi Peterburqdan Avstraliyaya yola düşür. Onuncu paraleldə güclü tufan gəmini yaxalayır. Kapitan Paxolonq 18 müdavimə təcili yelkənləri yığmağı əmr edir. Məhərrəm öz tapşırığını bitirər-bitirməz birdən qışqırıq eşidilir: “Suya düşən var!”. Okeanda dan yerinin təzəcə söküldüyü o alatoranlıqda Məhərrəm  bir an belə tərəddüd etmədən belinə kəndir bağlayır, bir ucunu borta bənd edib özünü dalğaların qoynuna atır...

Məhərrəm İsmayılovun bu qəhrəmanlığı XX əsrin əvvəllərinə – xilasetmə vasitələrinin hələ kütləvi yayılmadığı dövrə təsadüf edirdi. Bu hadisə sübut edir ki, o zamanlar ən etibarlı xilasetmə aləti elə kəndir və cəsarət idi.

Mantarın “möcüzəsi” və ilk patentlər 

Qəribə olsa da, keçmişdə dənizçilərin çoxu üzməyi bacarmırdı. Buna görə də göyərtədən suya yıxılan insanı ölüm gözləyirdi. XVIII əsrin sonlarından etibarən gəmiçiliyin sürətli inkişafı və qəzaların artması vəziyyəti dəyişdi. Riskli peşə sahibləri üçün fərdi mühafizə vasitələri tələb olunurdu.

Məsələn, Norveç xilasediciləri öz velbotlarına (sürətli qayıqlar) mantar palıdının qabığından (probkadan) və ya taxtadan hazırlanmış və kəndirlə bağlanmış bloklar qoyurdular ki, qayıq çevriləndə onlardan tutub suyun üzündə qala bilsinlər. Mantar həm yüngül idi, həm də suyu özünə çəkmirdi.

Nəhayət, 1841-ci ilin noyabrında Nyu-York sakini Napoleon Eduard Querin xüsusi üsulla sırınmış və içərisi xırdalanmış təbii mantarla doldurulmuş "mantar jiletini” ixtira edərək patentləşdirdi.

Laqeydliyin ən ağır bədəli: “General Slokam” faciəsi

Lakin hər bir texniki yenilik kimi, xilasedici jiletlərin də vacibliyi acı təcrübədə anlaşıldı. 1904-cü ilin 15 iyununda Nyu-Yorkun İst-River boğazında “General Slokam” sərnişin gəmisində baş vermiş dəhşətli yanğın 1000-dən çox insanın həyatına son qoydu.

FOTO 3: “General Slokam” gəmisi və faciənin izləri

Bu faciə təkcə yanğının nəticəsi deyil, həm də müdhiş bir laqeydliyin bədəli idi. Məlum oldu ki, göyərtədəki xilasedici jiletlərin çoxu ya çürüyüb, ya da istehsal zamanı içindəki bahalı mantar keyfiyyətsiz, ağır materiallarla əvəzlənib. Yanğın xortumları köhnəldiyindən suyun təzyiqindən partlayıb. Bütöv metaldan hazırlanmış altı ədəd xilasedici qayıq çoxsaylı rənglənmələr nəticəsində kil bloklarına möhkəm yapışıb və üstəlik qalın məftillə bərkidilib. Gəminin heyəti isə fövqəladə vəziyyətlər üçün nə sınaq təlimləri keçib, nə də təlimatlandırılıb.

FOTO 4: “General Slokam” gəmisi və faciənin izləri

Bu hadisədən bir il sonra, 1905-ci ildə ABŞ Konqresi “Buxar gəmilərinin təftişi haqqında qanun"a (Steamboat Inspection Act) mühüm düzəlişlər etdi: gəmi sahibi hər bir sərnişini və heyət üzvünü mütləq qaydada fərdi xilasedici jiletlə təmin etməlidir.

ABŞ-nin Müfəttişlər Şurası isə jiletlər üçün sərt standartlar müəyyən etdi:

-  Hər jilet ən azı 6 funt (təxminən 2,7 kq) təmiz və keyfiyyətli mantardan ibarət olmalıdır.

-  Jilet 24 saat ərzində suyun üzündə 24 funt (təxminən 11 kq) ağırlığı saxlamaq qabiliyyətinə malik olmalıdır.

 

(davamı var)

 

Sevda Abdullayeva,

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır