Dəniz adət-ənənələri və inancları-Maraqlı faktlar
Dənizçilik Folklorunda Rituallar: İnancların Tarixi Təkamülü
Okean heç vaxt zəifliyi bağışlamayıb və qədim dövrlərdən başlayaraq təbiət hadisələri ilə mübarizədə ilk dənizçilərə möhkəm yelkənlərdən savayı daha artıq bir şey lazım olub. Vikinqlərin evə qayıdarkən gəmilərinin burun hissəsini niyə gizlətdiklərini bilirsinizmi? Yaxud göyərtədə qadın görməkdən oddan qorxan kimi qorxan sərt “dəniz canavarlarının” gəminin forştevnindəki (ön hissəsindəki) qadın fiqurunu qorumaq üçün canlarını niyə təhlükəyə atdıqlarını bilirsinizmi?
Qədim zamanlardan məlumdur ki, həyatını dənizlə bağlayan insanlar öz yaşamlarını müxtəlif inanclara – müəyyən məhdudiyyətlər qoyan çoxsaylı qaydalara tabe ediblər.
Dənizçi inanclarının yaranma səbəbi adətən peşənin təhlükəli olması və ən çətin məqamlarda insanı qoruya biləcək fövqəltəbii qüvvələrə güclü inamla izah edilır. Bu fərziyyə öz doğruluğunu dolayısı ilə təsdiqləyib: ötən əsrdə dənizçilərin və balıqçıların həyatına yeni texnologiyalar daxil olduqca, dənizdə təhlükəsizliyin artması və gəmilərdə əməliyyatların asanlaşması səbəbilə bir çox inanc aradan qalxıb.
Görkəmli amerikalı folklorşünas, professor və dənizçi Horas Palmer Bek (Horace Palmer Beck) özünün "Folklore and the Sea" (Folklor və Dəniz) kitabında məhz bu barədə yazır. 1973-cü ildə yazılmış bu kitab onun şah əsəri sayılır və dənizçilik folkloru sahəsində əsas istinad mənbəyi hesab olunur.
Horas Bek bütün ömrünü dəniz mədəniyyətini, inanclarını və insanların dənizlə olan mənəvi bağını öyrənməyə həsr etmişdi. O, dünyanı öz yelkənli gəmisi ilə gəzmiş, dənizçilərin arasında yaşamış və onların hekayələrini "birinci əldən" toplamışdı. Professor həm də dənizçi mahnılarını, dəniz əfsanələrini, gəmiqayırma rituallarını və dənizçilərin dilini araşdırırdı. O inanırdı ki, dənizçilərin inancları onların cahilliyindən deyil, dənizin proqnozlaşdırıla bilməyən və qorxulu təbiəti qarşısında bir "müdafiə mexanizmi" yaratmaq ehtiyacından doğub.
Tədqiqatçılar da hər hansı bir inancın mahiyyətinə vardıqda və köklərini izlədikdə, bu qaydaların heç də boşuna yaranmadığına dəfələrlə əmin olublar. Həmin qaydalar, əslində, keçmişdə həyati əhəmiyyət kəsb edən müəyyən qanunauyğunluqları əks etdirir.
Bu qədim və sirli inancların ən maraqlı nümunələri ilə tanış olaq.
Qanlı keçmişdən müasir şampan şüşəsinə qədər
Dənizçiliklə heç bir əlaqəsi olmayanlara belə tanış olan ən geniş yayılmış dəniz ənənələrindən biri — gəmi suya salınarkən onun burun hissəsində şampan şüşəsinin sındırılmasıdır.
Bu ayin bir icbari elementi də ehtiva edir: yeni gəmi heç bir ayın 13-də suya salına bilməz. İnancları tədqiq edən müəlliflər bu ritualın bütövlükdə körpənin vəftiz olunmasını (xristianlıqda dini ayin: körpənin xaç suyuna salınması) xatırlatdığını qeyd edirlər.
Ömrünün böyük bir hissəsini okeanlarda keçirmiş Horas Bek yazırdı ki, gəminin burnunda şampan şüşəsini sındırmaq sadəcə bir əyləncə deyil, qədim qurbanvermə mərasimlərinin müasir və mədəni formasıdır.
Hazırda vəftiz mərasimi kimi görünən bu adət, həqiqətən də vaxtilə qurbanvermə mərasimi olub: qədim zamanların gəmi ustaları tanrıların rəğbətini qazanmaq üçün həm insan, həm də heyvan qanı tökərdilər. Vikinqlər bu məsələdə xüsusilə amansız olublar; onlar drakkarlarını (vikinq gəmilərini) əsirlərin və qulların bədənləri üzərindən sürüyərək suya salırdılar ki, gəmi ilk döyüşdən əvvəl qanın dadını bilsin. 
"Odisseya"nın 11-ci kitabındakı "purpur (al-qırmızı) yanaqlı gəmilər"in olduğu dəniz səhnəsi belə bir ənənənin nümunəsidir. Al-qırmızı yanaqlardan söz açılarkən, gəminin suya salınması zamanı tanrılara qurban kəsilmiş öküzün qanına boyanmış burun hissəsindən danışılır. Əsrlər sonra qırmızı şərab gəminin suya salınma mərasimi üçün daha "uyğun" hesab edildi. Bu gün isə şampan şərabı doldurulmuş şüşələrdən istifadə olunur. Şampan şərabı "kübarlıq" və "xoşbəxtlik" rəmzi kimi XIX əsrin sonlarından etibarən bu ənənəyə daxil olub. 
Qeyd etmək yerinə düşər ki, əgər şampan şüşəsi ilk cəhddən sınmazdısa, bu, gəminin gələcəkdə qəzaya uğrayacağına dair ən pis əlamət hesab olunurdu. Məşhur "Titanik" gəmisi suya salınarkən, ümumiyyətlə, heç belə mərasim keçirilməmişdi və gəmi qəzaya uğrayandan sonra insanlar bunu "bədbəxtlik əlaməti" kimi yozmağa başladılar.
Sonralar şüşəni qıra bilməmək kimi təsadüflərdən sığortalanmaq məqsədilə xüsusi mexaniki qurğu yaradıldı; indi bu məsuliyyətli iş məhz həmin qurğu vasitəsilə görülür.
Məlumdur ki, ötən əsrdə dünyanın gəmilərin qədim üsullarla inşa edildiyi bölgələrində, ev quşları və xırdabuynuzlu heyvanlar qurban kəsilirdi; çox güman ki, bu gün də orada eyni hallar baş verməkdədir.
Qədim dənizçilər hesab edirdilər ki, dəniz tanrısı hər bir gəminin suya salınmasını böyük dəqiqliklə qeyd edir, necə deyərlər, onu “Dəniz Dərinliklərinin Reyestri”nə (Ledger of the Deep) daxil edir. Odur ki gəminin adını dəyişmək — Poseydonu (yunan mifologiyasında dəniz tanrısı), Neptunu (qədim romalılarda dəniz tanrısı) və ya digər bir xalqa məxsus dəniz tanrısını (dənizçilik mədəniyyəti təkcə Aralıq dənizi ilə məhdudlaşmırdı, bütün su hövzələrini əhatə edirdi) ələ salmaq və onun qəzəbinə tuş gəlməyə bərabər idi.
Dənizçilər inanırdılar ki, gəminin adını dəyişmək sadəcə dəniz tanrısını qəzəbləndirmək deyil, həm də kainatın nizamını pozmaqdır. Əgər gəminin adı lazımi rituallar keçirilmədən dəyişdirilərsə, gəmi dəniz tanrısının himayəsindən məhrum olar ki, bu da istənilən fırtınada gəmini müdafiəsiz qoyar.
Qədim dənizçilik qanunlarına görə, gəminin adı dəyişdirilməzdən əvvəl köhnə adı "Dəniz Tanrılarının Reyestri"ndən tamamilə silinməli və bunun üçün aşağıdakı addımlar atılmalı idi:
1. Tam silinmə: Köhnə ad gəminin jurnalından, gəmi zəngindən, taxta vedrələrdən və digər gəmi ləvazimatlarının üzərindən tamamilə silinməli idi. Yelkənli gəmilərdə ad əsasən oyma üsulla taxta üzərində yazılırdı. Bu halda onu həkk olunduğu hissəninin üzərindən qazıyıb çıxarmaq mümkün olmurdu, çünki bu, gəminin gövdəsinə zərər verərdi. Odur ki ritual üçün adətən taxta bir lövhənin üzərinə köhnə ad yazılır və o, dənizə atılırdı. Bu, gəminin ruhunu təmsil edən "simvolik qurban" olurdu.
2. Yaddaşın təmizlənməsi: Gəmi jurnalında adın üzərindən xətt çəkilməsi kifayət deyildi. Bəzən həmin səhifə cırılır və ya ad yazılmış kağız parçası yandırılırdı ki, "hava ruhları" da adın yox olduğunu bilsin. Bu, dəniz ruhlarına "bu ad artıq mövcud deyil" mesajını verirdi.
3. Dəniz tanrısına müraciət: Kapitan gəminin burun hissəsində duraraq dəniz tanrısına müraciət edir və köhnə adın reyestrdən silindiyini rəsmən elan edirdi.
4. Yeni adın təqdimatı: Yalnız bu addımlardan sonra yeni ad yüksək səslə tələffüz olunur və gəmi sanki yenidən doğulmuş kimi qəbul edilirdi.

Bir çox dəniz qulduru dəniz tanrısının qəzəbindən qorxduğu üçün oğurlanmış gəmilərin adını dəyişdirmirdi. Bu səbəbdən də qanun keşikçiləri və dəniz quldurları ilə mübarizə aparan kaperlər onları yaxalaya bilirdilər. Lakin tanrı qəzəbinə tuş gəlməkdən çəkinməyən quldurlar, əfsuslar olsun ki, ticarət gəmilərinin kabusuna çevrilirdilər.
Gəmi niyə canlı hesab edilirdi?
Professor Bek özünün şah əsərində yazırdı: "Kompüterin icadına qədər gəmi, insanın yaratdığı bütün digər varlıqlar arasında canlıya ən çox bənzəyəni idi. O hərəkət edir, bir tərəfdən digər tərəfə yırğalanır, burnu ilə suları yarır; onun hətta əkizini inşa etdikdə belə təkrar olunması sadəcə qeyri-mümkün olan xarakterik xüsusiyyətləri var idi".
Dənizçilər gəmiləri sadəcə bir konstruksiya deyil, onları fırtınalardan qoruyan bir "ana" və ya "həyat yoldaşı" kimi qəbul edirdilər. Onlar inanırdılar – necə ki bir ana övladını qoruyur, gəmi də dənizçini elə qoruyur.
Məşhur avstraliyalı yazıçı, dənizçi və dənizçilik leksikologiyası üzrə ən nüfuzlu ekspertlərdən biri – Piter Cins ingilis dilindəki maraqlı bir xüsusiyyəti — “gəmi” sözünün qadın cinsinə aid olmasını da məhz bununla izah edib.
İngilis dilində cansız əşyalar adətən orta cins əvəzliyi ilə ifadə olunsa da, gəmilər üçün müstəsna olaraq "she" (o - qadın cinsi) istifadə edilməsi həqiqətən dənizçilik tarixinin ən gözəl və romantik ənənələrindən biridir. Bu, gəmiyə sadəcə bir metal və ya taxta yığını kimi deyil, bir şəxsiyyət, bir "xanım" kimi yanaşılmasından xəbər verir.
Qeyd etməyə dəyər ki, Piter Cins sadəcə bir nəzəriyyəçi deyildi. Ömrünün böyük hissəsini dənizlərdə keçirmiş, yelkənli gəmilərdə üzmüş bir dənizçi idi. Onun ən məşhur kitabı "Sahildən Gəmiyə: Təsviri Dənizçilik Leksikonu lüğəti" (Ship to Shore: A Dictionary of Pictorial Maritime Lexicon) dənizçilik dünyasının "ensiklopediyası" sayılır. Orada o, dənizçilik terminlərinin necə yarandığını, dənizçi inanclarının arxasında duran tarixi hadisələri izah edib.
Yelkənli gəmiləri bir canlı kimi təsvir edən və adını dünya ədəbiyyatına ingilis dilinin ən böyük ustalarından biri kimi salmağı bacaran Cozef Konrad da 20 ildən çox ticarət donanmasında dənizçi və kapitan kimi çalışıb. Bu təcrübə onun demək olar ki, bütün əsərlərinin ruhunu təşkil edib.
Əslən polyak olan Konrad insan psixologiyasının qaranlıq tərəflərini, çətin anlarda insanın mənəvi seçimini və təbiətin (xüsusilə dənizin) əzəmətini təsvir etməkdə mahir olub. Onun "Dənizin güzgüsü" (The Mirror of the Sea) adlı kitabı 1906-cı ildə işıq üzü görüb. Bu kitab yazıçının avtobioqrafik esse və xatirələrindən ibarətdir. Demək olar ki, müəllifin dəniz həyatına, gəmilərə və dənizçilik sənətinə həsr etdiyi poetik və fəlsəfi düşüncələr toplusudur. Konrad yelkənli gəmilər dövrünün bitməsindən və buxar gəmilərinin gəlişindən kədərlə bəhs edir. Onun üçün yelkənli gəmi canlı bir varlıq idi, buxar gəmilərini isə o, "ruhsuz" hesab edirdi.
Cozef Konrad yazırdı:"Bəli, gəmiyə uyğunlaşmağı bacarmaq lazımdır. Onun qadın təbiətinin sirlərinə qayğı ilə nüfuz etmək gərəkdir — məhz o zaman gəmi sizin ünsürlərlə (qədim yunan fəlsəfəsində: bütün təbiət hadisələrinin əsasını təşkil edən ünsürlər – su, od, torpaq və hava nəzərdə tutulur) amansız mübarizənizdə sadiq müttəfiqinizə çevriləcək; elə bir mübarizədə ki, orada məğlubiyyət rüsvayçılıq deyil.
Kapitanla gəmi arasındakı münasibətlər böyük əhəmiyyət kəsb edən bir məsələdir. Hər bir danışan və nəfəs alan canlı kimi, gəminin də öz haqları var. Və doğrudan da, elə gəmilər olur ki, matrosların təbirincə desək, «bircə danışmağı bacarmır» və əsl kapitan üçün əllərindən gələn hər şeyi edər."
Yazıçı tufanlarla mübarizə, limanların ab-havası və dənizçilərin yazılmamış qanunlarını təsvir etməklə bərabər, dənizi bir "güzgü" kimi təqdim edir — elə bir güzgü ki, orada insanın cəsarəti, qorxusu və həqiqi siması üzə çıxır.
Bu yerdə antik dövrdən başlayaraq, XVIII əsrin sonunadək gəminin burun hissəsini bəzəyən fiqurları, o cümlədən qadın fiqurlarını yada salmağa dəyər.
Dəniz inanclarının qəribəliyi: canlı qadın "təhlükə", təsviri isə "mühafizəçi"
Antik dövrdə müxtəlif xalqlar gəmiləri təyinatına görə fərqli simvollarla – heyvan, quş və ya müvafiq tanrı və ilahələrin fiqurları ilə bəzəyirdilər. Məsələn, qədim Romada hərbi gəmiləridə aslan, əjdaha, sirena və qartal, habelə qələbə ilahəsi Viktoriya, şans ilahəsi Fortuna, dəniz tanrısı Neptunun heykəllərindən istifadə istifadə olunurdu. Finikiyalılar ticarət gəmilərinin burun hissəsini at başı formasında yonaraq öz “köhlənləri” ilə dənizdə yeni cığırlar açır, vikinqlər isə öz drakkarlarını qorxunc əjdaha başları ilə bəzəyirdilər. Onlar bununla həm yad sahillərdəki “ruhları” qorxutmağa, həm də yerli əhalini vahiməyə salmağa çalışırdılar (öz doğma sahillərinə yan aldıqda, vikinqlər gəminin bu qorxunc atributunu çıxarıb gizləyirdilər).
Belə fiqurların istifadəsində məqsəd dəniz tanrıları ilə “dil tapmaq” və gəminin yolunu görə bilməsi üçün ona “göz” bəxş etmək idi. Qədim dənizçilər inanırdılar ki, gəminin burundakı fiqurda gəminin “ruhu” məskunlaşır və öz “gözləri” ilə dənizdəki təhlükələri öncədən sezir. Odur ki, heykəl qırılardısa və ya gözü zədələnərdisə, dənizçilər gəminin “ruhsuz” və ya "kor“ qaldığına inanaraq növbəti səfərə çıxmaqdan imtina edə bilərdilər.
Zamanla bu heykəllər gəminin hərəkətini çətinləşdirməsin deyə kiçildilərək buşpritə (burun dirəyinə) bərkidildi. 
1500-cü illərdə qaleonların inkişafı ilə bu sənət öz çiçəklənmə mərhələsinə qədəm qoydu və qadın fiqurlarına tələbat xüsusən artdı. Burada maraqlı bir təzad yaranırdı: dənizçilər qadınların gəmiyə “uğursuzluq” gətirdiklərinə inansalar da, digər tərəfdən dəniz ruhlarının bu zərif və gözəl məxluqlar qarşısında ram olacaqlarına da inanırdılar. Beləliklə, gəmi heyəti yalnız kişilərdən ibarət olsa da, gəmilərin burnunu gözəl qadın fiqurları bəzəyirdi. Bu fiqurlar dənizçilər üçün sadəcə bəzək olmayıb, dənizi "sakitləşdirmək" və fırtınaların qarşısını almaq üçün nəzərdə tutulmuş bir “qoruyucu mələk” idi.
Dənizçilərin bu fiqurları cansız əşya kimi deyil, məhz gəminin “ruhu” kimi qəbul etdiklərini təsdiqləyən real hadisələr də məlumdur. XIX əsrdə "Sevimli İzabel" (Lovely Isabel) gəmisi qəzaya uğrayan zaman heyət üzvlərinin qadın fiqurunu xilas etmək üçün öz həyatlarını təhlükəyə atdıqları barədə sənədləşdirilmiş hadisə bu inancın nə qədər güclü olduğunu sübut edir.
Əksər qadın fiqurları bir əli ilə irəlini göstərən və ya gözlərini üfüqə dikmiş vəziyyətdə taraş olunurdu. Bu, gəminin duman və qaranlıqda belə öz yoluna davam edəcəyinə olan inamı simvolizə edirdi. Qeyd etməyə dəyər ki, burun fiqurları gəminin "siması" olaraq, özünə qarşı xüsusi diqqət və qayğı tələb edirdi. Gəmi “ruhu”nun baxımsız qalması, bütün heyət üçün ən böyük rüsvayçılıq hesab olunurdu.

XVIII və XIX əsrlərdə bu fiqurların hazırlanması xüsusi ustalıq tələb edən nüfuzlu bir sənət növünə çevrilərək, yelkənli gəmiqayırmanın ayrılmaz hissəsi oldu. Varlı tacirlər və zadəganlar öz statuslarını nümayiş etdirmək üçün ən bahalı ağac növlərindən dəbdəbəli fiqurlar sifariş verirdilər. Savadlılığın az olduğu həmin dövrlərdə bu fiqurlar həm də gəminin “vizit kartı” rolunu oynayırdı: insanlar uzaqdan gələn gəminin burnuna baxaraq onun kimə məxsus olduğunu və təyinatını dərhal ayrıd edə bilirdilər.

Polad gövdəli müasir gəmilərin yaradılması ilə bu sənət yoxa çıxsa da, dənizçilik muzeylərində nümayiş etdirilən həmin ağac fiqurlar hələ də o dövrün sehrli aurasını qoruyub saxlayır.
Beləliklə, dənizçilik folklorunun bu rəngli ritualları bizə bir həqiqəti biruzə etdirir: insan övladı hər zaman təbiətin nəhəng qüvvələri ilə dil tapmağa çalışıb. Gəminin suya salınmasından onun adının qorunmasına, burun hissəsindəki o məğrur fiqurlardan gəmi jurnalındakı hər bir qeydə qədər — hər şey gəmini sadəcə bir nəqliyyat vasitəsi deyil, sadiq bir dost və canlı bir sığınacaq kimi görmək istəyindən yaranıb. Bu inanclar silsiləsi dənizçinin tənhalığını bölüşdüyü, qorxularını dəf etdiyi bir mənəvi qaladır. Məqaləmizin növbəti hissələrində dənizçilərin digər inancları, habelə gündəlik həyatlarına daxıi olmuş adətlərin yaranma səbəbilə tanış olacağıq.
(davamı var)
Sevda Abdullayeva
ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

