Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-10-02,
Seanews
Heyder Eliyev

Onun haqqında keçmiş zamanda yazmaq çətindir

ASCO kollektivinin çox yaxşı tanıdığı – nikbinliyi və həyatsevərliyi ilə seçilən Habil müəllim dünyasını dəyişib. Amansız, uzun sürən xəstəlik bu xoştəbiətli, istiqanlı İnsanı bizdən ayırmağa müvəffəq olub. Ayrılıq nə qədər qüssəli olsa da, əminəm ki, Habil müəllimin işıqlı xatirəsi onu tanıyanların xatirində qalacaq.

Mən Habil müəllimi tanıyanlar arasında nisbətən təzə adamam: on il olar-olmazdı onu tanımağım. İlk tanışlıqdan keçən vaxt ərzində  Habil müəllim mənə məşhur nağıl qəhrəmanını – “yıxılmaz qalay əsgərсiyi” xatırladırdı.  

Bəstəboy Habil müəllim tez gözəçarpanlardan deyildi, lakin öz insani keyfiyyətləri ilə yaddaşlara möhkəm həkk olunurdu. Peşəkarlığı, məsuliyyəti, təşkilatçılığı və mürəkkəb məqamlarda pozitivliyi qorumaq bacarığı onu başqalarından fərqləndirirdi. Dünyagörüşünün genişliyi və danışıqda lakonikliyi onu həmsöhbətçi kimi də maraqlı edirdi.    

Habil müəllim işinə ürəklə, həm də bütün məsuliyyəti ilə yanaşırdı. Bu baxımdan, necə deyərlər, atasına layiq övlad idi: sabiq Sovet İttifaqı məkanında tanınmış neftçi, SSRİ neft sənayesində etdiyi yeniliklərlə məşhurlaşmış və 2 dəfə SSRİ Dövlət mükafatı almış Ağa Nemətullanın oğlu idi.  

Habil müəllim uzun illər “Xəzərdənizneftdonanma” İdarəsində rəisin iqtisadi məsələlər üzrə müavini işləmiş, 1992-ci ildən isə bu sahədə topladığı zəngin təcrübə ilə “Dəniz” Xarici İqtisadi Assosiasiyasında çalışmışdı. Fəaliyyətinin təməlində həmişə ən yüksək səviyyədə xidmət göstərmək məramı olduğundan, harada işləməsindən asılı olmayaraq,   kollektivdə ona dərin hörmət və rəğbət vardı.

Habil müəllim səmimi və zəhmətkeş insan,  diqqətcil ailə başçısı və fədakar baba idi. Nəvələri haqqında həmişə sevə-sevə danışır, maraqlı anları səmimiyyətlə bölüşürdü. Anasının adını daşıyan nəvəsini birinci sinifə aparmaq arzusu da onu xərçəng kimi amansız xəstəliklə mübarizəyə səfərbər etmişdi.

Xəstəlik zamanı Habil müəllim böyük iradə nümayiş etdirirdi. Ovqatı pis olsa da, bunu müsahibinə sezdirməməyə çalışır, ağır prosedurlara baxmayaraq, işini əvvəlki kimi səliqə və ardıcıllıqla davam etdirirdi.   

İkinci nəvəsinin dünyaya gələcəyi xəbərini eşidəndə Habil müəllimdə xüsusi bir əzmkarlıq yaranmışdı. Şükür ki, bu qız nəvəsini də görmək və əzizləmək ona nəsib oldu. Yadıma gəlir ki, Habil müəllim  o zaman “işə bax, bu nəvəmi də gördüm, hələ sağam” demişdi. Mən  də ona zarafatla “sevinin, demək, pis adam deyilsiniz – Allah möhlət verir” söyləmişdim...

Habil müəllim bir dəfə söhbət əsnasında “mən maraqlı ömür sürmüşəm və heç nə üçün heyifsilənmirəm” dedi. Mən onun ağrılı prosedurlardan artıq yorulduğunu və buna görə də “daha bəsdir” fikirləşəcəyini düşünüb, “bu yaxşı hissdir, amma Siz nəvələri yaddan çıxartmayın, onların qarşısında da öhdəlikləriniz var” dedim. Habil müəllimin həmin an üzünə təbəssüm qondu: “Yox, yox, “ora” tələsmirəm – əlbəttə, çalışacağam”...

Allah rəhmət eləsin. Məkanı cənnət olsun.  

                      

         

Sevda Abdullayeva,

İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır