Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-08,
Seanews
Heyder Eliyev

#BizimYubilyar: Gəmidən düşəndən az sonra dəniz üçün darıxan kapitan

İlk baxışdan da dənizə vurulmaq, dənizi sevmək olar. Amma taleyini həmişəlik dənizlə bağlamaq qərarı yüz götür-qoy istəyir. Çünki dənizçi yerə-göyə meydan oxuyan dalğalara sinə gərməyi, dənizin qəfil çək-çevirinə dözməyi, ani və doğru qərarlar qəbul etməyi bacarmalıdır.

1976-ci il. Ağdaşın Ləki kəndi. 17 yaşlı Sakit məktəbi bitirəndə artıq həyatının ilk müstəqil qərarını vermişdi. Dünyaya göz açdığı rayon dənizdən çox-çox uzaqda olsa da, içində bu sirli-sehirli peşəyə həvəsi aşıb-daşırdı.

Deyirlər niyyətin hara, mənzilin də ora!

Gələcəyini dənizlə bağlamaq istəyən məktəb məzunlarının yolu o vaxtlar  əsasən Qafur Məmmədovun adını daşıyan Bakı Dəniz Yolları Məktəbindən keçirdi. 1976-cı ildə bu təhsil ocağının qapısını döyənlər arasında kapitan olmaq arzusu ilə “Gəmi sürücülüyü” ixtisasına yiyələnmək istəyən Sakit Məlikov da var idi. Orta məktəbdə yaxşı oxuduğu üçün imtahanları da uğurla verdi.

 

   

 

Maraqlı və unudulmaz tələbəlik illəri bir göz qırpımı kimi keçdi. Son imtahanları verib həyəcanla ilk gəmisini gözləyirdi. Amma Sakit Məlikovun gəmi ilə ilk tanışlığı hələ birinci kursda olmuşdu. Həmin günü xatırlayan Sakit müəllim deyir:

- Birinci kursu bitirən kimi müdavimləri gəmiyə təcrübə keçməyə göndərirdilər. İlk gəmim Xəzər Dəniz Neft Donanmasının “Yaqub Kazımov” kran gəmisi oldu.  Limana gəldim. Hava sakit idi. Bir yarpaq belə tərpənmirdi. Sevinirdim ki, hava yaxşıdırsa, ilk səfərim çətin olmayacaq. Amma gəmi sahildən aralanan kimi, “dəniz xəstəliyi”nin əlamətlərini hiss elədim.  Bir sözlə, ilk səfərim asan keçmədi. Sonralar tədricən öyrəşdim.

Uzaq səfərlər kapitanı Sakit Məlikov dənizçilik fəaliyyətinə Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində matrosluqdan başlayıb. Sonralar sorağı müxtəlif dənizlərdən və gəmilərdən gəlib, kapitanın üçüncü, ikinci, baş köməkçisi kimi çiyninə düşən vəzifələri layiqincə yerinə yetirib. Təhsilini artırmağı da unutmayıb. İstehsalatdan ayrılmadan Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Uzaq səfərlər kapitanı təsdiq olunduqdan sonra bir çox gəmilərdə, o cümlədən paytaxtımızın adını daşıyan teploxodla – “Bakı” ilə dünyanın müxtəlif limanlarına quru yüklər daşıyıb...  

1995-ci ildə sahildə işə keçirilib. Gəmiçiliyin İstismar Xidmətində qrup mühəndis-dispetçer işləyib, 2005-2009-cu illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Yunanıstanda nümayəndəsi olub.Donanmanın istismarı xidmətinin rəis müavini və rəisi,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin  idarəetmə aparatında Donanmanın istismarı departamentinin rəisi, Cəmiyyətin sədrinin birinci müavininin müşaviri vəzifələrində çalışıb.  2021-ci ildən İstismar-kommersiya departamenti rəisinin müavinidir.

 

 

İndi dənizdə işlədiyi günləri xatırlayanda bu peşənin özəlliyindən, onun adi məişət həyatına olan təsirindən danışır. Deyir gəmidə sanki başqa bir aləmə düşürsən. Tam başqa dünyada olursan. İstəsən belə, gəmidəki proseslərdən başqa, heç nəyə təsir edə bilmirsən. Ancaq işə cəmlənir diqqətin. Aylardan sonra evə qayıdırsan. Təbii ki, doğmaların, dostların... Onlarla deyib-güləndə belə,  bəzən darıxdığını hiss edirsən. Başqa bir dünya üçün darıxırsan. Dənizçi dünyası üçün...

Daha çox xarici sularda üzsə də Xəzər dənizi haqqında təəssüratları tam başqadır:

- Belə bir deyim var idi: “Xəzərdə üzməyən dənizçi əsl dənizçi deyil.” Xəzərin dalğası başqa dənizlərin dalğasından fərqlənir. Yəni başqa dənizlərin dalğasında bir qanunauyğunluq görə bilirsən. Təxminən bilirsən ki, hansı vaxt aralığı ilə dalğa gələcək. Xəzərdə isə bunu tutmaq çətindir. Doğma dənizdə üzənlər hər an gözlənilməz vəziyyətə hazır olmalıdırlar. Zarafat deyil, ilin 270 günü Xəzər dalğalı olur. Bir tərəfdən şimal, o biri tərəfdən cənub küləyinin dalğaları...

Uzaq səfərlər kapitanının fikrincə dənizçinin qocası, cavanı olmur. Zamanla ayaqlaşmağı bacarmalısan. Hətta gəmi idarə etməsən belə, təcrübəni gələcək nəslə ötürməyə özündə həmişə qüvvə tapmalısan.

 

 

Ölkəmizdə dənizçilik sahəsində son illərdəki sürətli inkişafı yüksək qiymətləndirir təcrübəli kapitanımız. Deyir sevindirici haldır ki, hal-hazırda Azərbaycan ASCO-nun timsalında bizim regiondan keçən qlobal nəqliyyat dəhlizlərinin ən fəal iştirakçısıdır.

Sakit, yoxsa daha çox dalğalı dənizi sevdiyi ilə maraqlandıq. Bu suala da səmimi cavab verdi: sakit dəniz - təhlükəsiz dənizdir. İstənilən işdə isə hər şeydən öncə təhlükəsizlikdir.

Bu gün də bütün diqqəti dənizdə və yaxın-uzaq dənizlərdəki gəmilərimizdə olan Sakit Məlikov 2018-ci ildə ölkə başısının sərəncamı ilə dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Sakit müəllimi 65 illik yubileyi münasibəti ürəkdən təbrik edir, üç nəvəsi olan kapitan babaya cansağlığı və firavan həyat arzulayırıq!

 

Mətni hazırladı                                                                                                             Musa Əliyev     

                                                                                               İctimaiyyətlə Əlaqələr Departamentinin mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır