Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Ulu Öndər Heydər Əliyevin dəniz gəmiçiliyinin inkişafı strategiyası - IV HİSSƏ

1970-ci ilin sonuna yaxın Həştərxanın “Qırmızı Barrikadalar” Gəmiqayırma Zavodunda “Xəzərdənizneft” üçün inşa edilən iki dəniz kran gəmisinin tikintisi başa çatır. İstismara veriləcək gəmilərdə son hazırlıq işləri aparılarkən 1971-ci il fevralın 2-də Azərbaycan KP MK-nın büro iclasında gəmilərə adın verilməsi məsələsinə baxılır. İclasda qərara alınır ki, 25 ton yükqaldırma qabiliyyətinə malik bu eynitipli kran gəmilərinə Azərbaycanın tanınmış neftçilərinin adı verilsin. Müzakirələrdən sonra gəmilərdən birinə respublikanın Əməkdar mühəndisi, Xəzərdə bir çox yataqların kəşfində və mənimsənilməsində böyük rol oynamış neftçi-geoloq Fuad Səmədovun, digərinə isə Sosialist Əməyi Qəhrəmanı, neftçıxarma sahəsində özünü misilsiz peşəkar kimi təsdiqləmiş Məlik Göyçayevin adı verilir.

 

Ulu Öndər Heydər Əliyevin dəniz gəmiçiliyinin inkişafı strategiyası - III HİSSƏ

Ümummilli lider Heydər Əliyev dənizçilərin əməyini hər zaman yüksək qiymətləndirirdi - II HİSSƏ

Ulu Öndər Heydər Əliyevin dəniz gəmiçiliyinin inkişafı strategiyası - I HİSSƏ

 

Həmin əlamətdar hadisədən sonra yeni inşa edilən gəmilərə Azərbaycanın görkəmli dövlət və elm xadimlərinin, tanınmış hərbçilərin, ədəbiyyat və incəsənət korifeylərinin, əməkdar neftçilərin, geoloqların və s. peşə sahiblərinin adlarının verilməsinə başlanır.

Sovet dönəmində millilik prinsiplərinin gözlənilməsi ilə küçə və obyektlərə, gəmi və parklara adların verilməsi o qədər də asan iş deyildi.  Lakin “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır” deyən Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş xətt və tutduğu qətiyyətli mövqe bu maneəni də aradan qaldırır. Həmin dövrdə təkcə Xəzər Dəniz Neft Donanmasında istismar edilən 399 gəmidən 189-u Azərbaycan xalqının layiqli övladlarının və doğma yurd yerlərimizin adını daşıyır.

Xəzər Dəniz Gəmiçiliyinin donanmasında isə gəmilərin adında millilik ənənəsinin təməli Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 600 illik yubileyindən sonra qoyulur. Heydər Əliyevin xeyir-duası ilə Gəmiçilik üçün inşa edilmiş “çay-dəniz” tipli gəmiyə unudulmaz şairin adı qoyulur.

Bu əlamətdar hadisədən sonra Gəmiçiliyin donanması “Şair Sabir”, “Nizami”, “Füzuli”, “Vaqif”, “Hüseyn Cavid”, “Cəfər Cabbarlı” və sair gəmilərlə zənginləşdirilir. 

 

1974-cü ilin sentyabrında Azərbaycan KP MK bürosu Həştərxanda tikilməkdə olan daha bir üzən qurğuya ad qoyur: “Bakı”. Qeyd etmək qürurludur ki, Xəzər Neft Donanması üçün inşa edilən bu qurğu o dövrün unikal mühəndislik həllərindən istifadə edilərək yaradılan möhtəşəm qurğulardan biri idi.  

İnşası 1975-ci ildə başa çatan qurğu iyulun 24-də Bakı limanına gətirilir. Açılış mərasiminə gələn Həydər Əliyev qurğu ilə yaxından tanış olur, həmişə olduğu kimi əməkçilərlə səmimi söhbət edir və toplantıda çıxış edərək, mürəkkəb dəniz şəraitində istismar olunacaq “Bakı” qurğusunda neftçi və dənizçilərin yüksək məhsuldarlıqla işləmələri üçün yaxşı şəraitin yaradıldığını qeyd edir. 

Bildiyiniz kimi, sovet hakimiyyəti illərində Azərbaycan dilinin tədrisi və tədqiqi ilə bağlı nə qədər böyük işlər görülsə də, partiya işində, dövlət idarələrində yazışmalar, əsasən, rus dilində aparılırdı. Üzən qurğuya “Bakı” adının verilməsi barədə Heydər Əliyevin imzası ilə arxivdə saxlanılan sənəd də rus dilindədir, lakin maraqlıdır ki, qurğunun adı “Baku” deyil, məhz “Bakı” kimi qeyd olunub.  

Lakin Heydər Əliyev təkcə bununla kifayətlənmir. Azərbaycanı dunyada tanıtmaq və təbliğ etmək üçün hər imkandan istifadə edir. Bu baxımdan, 1960-cı ildən xarici ölkələrə – uzaq səfərlərə çıxan Xəzər Dəniz Gəmiçiliyi gəmilərinin ən yaxşı vasitə olduğunu nəzərə alan Heydər Əliyev çox keçmir ki, Mərkəzi Komitə Bürosunun yeni bir qərarını imzalayır. Həmin qərarda xarici ölkələrə üzən və Azərbaycanın görkəmli dövlət xadimlərinin, Azərbaycan ədəbiyyatı klassiklərinin adını daşıyan gəmilərdə muzey guşələrinin yaradılması məqsədilə materialların hazırlanıb verilməsinin Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinə tapşırılması barədə bənd yer alır.

Uzaq səfərlərə ilk dəfə 1960-cı ildə çıxan Xəzər dənizçiləri qısa zamanda bilik və bacarıqları sayəsində böyük nailiyyətlər əldə edərək xarici sularda yükdaşımaların həcmini artırmağa müvəffəq olmuş, yeni yük xətlərinin mənimsənilməsində daha da fəallaşmışdılar. Belə ki, 1963-cü ildə Gəmiçiliyə məxsus gəmilər 16 xarici ölkənin 35 limanına daxıl olmuşdursa, 1964-cü ildə artıq 15 gəmi Qara və Aralıq dənizində üzərək 18 xarici ölkənin 48 limanı arasında 218 reys icra etmişdi.

Gəmi heyətlərinin üzvləri olduqları ölkələrdə istər sahildə, istərsə də gəmilərdə öz xarici həmkarları, sadə əmək insanları ilə görüşərək fikir mübadiləsi aparır, birlikdə təşkil edilən mədəniyyət gecələrində və ya idman yarışlarında iştirak edirdilər. Belə görüşlər zamanı xarici ölkə vətəndaşlarının muzey guşələrindən istər Azərbaycan, istərsə də onun görkəmli xadimləri haqqında dolğun məlumat almaq imkanı yaranırdı.        

 Sevda Abdullayeva - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır