Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

Yedək gəmilərinin inşa xüsusiyyətləri, iş prinsipləri və idarəedilməsi

Yəqin ki, öz çəkisi və ölçüsündən dəfələrlə böyük obyektləri və gəmiləri yedəyə alaraq aparan gəmi tipləri ilə rastlaşmısınız. Bəs, ilk baxışdan qeyri-adi görünən bu əməliyyatın necə baş verməsi haqqında düşünmüsünüzmü?

Öncə onu qeyd edək ki, yedək gəmiləri əsasən kantovka (körpüyə yaxınlaşan gəmini yan tərəfdən sıxmaq) və yedəkləmə əməliyyatlarında istifadə edilir. Belə gəmilər dənizdə çətin manevrlərin yerinə yetirilməsinə, qəza hallarında xilasetmə işlərinə də cəlb olunurlar.

Yedək gəmilərinin inşa xüsusiyyətləri, iş prinsipləri və idarəedilməsi barədə suallarımızı ADDA-nın “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri, dosent İsaq Xankişiyev,  ASCO-nun Xəzər Dəniz Neft Donanmasının texniki istismar xidmətinin rəis müavini Xəqani Sərvəliyev və uzun illər yedək gəmisində kapitan işləmiş, hazırda isə Xəzər Dəniz Neft Donanmasının hamiyəçi kapitanı vəzifəsində çalışan Şakir Dadaşov cavablandırır.

İsaq Xankişiyev: Yedək gəmiləri digər gəmilərdən yüksək gücü, manevr qabiliyyəti, gövdənin möhkəmliyi, göyərtəsində yedəkləmə və itələmə üçün xüsusi qurğuların olması ilə seçilir. Bu gəmilərin yüksək manevr qabiliyyətinin təmin edilməsi üçün layihələndirilmə zamanı sualtı hissədə gövdəsinin forması elə seçilir ki, suyun müqaviməti minimuma endirilsin. Yedəkləmə qurğusu adətən ağırlıq mərkəzinin yaxınlığında yerləşir. Yedək qurğusu yedək qatı, yedək bucurqadı, korma yedək klyuzu, yedək burazı, müxtəlif köməkçi materiallar və takelajlar, polad burazlar üçün sıxaclardan ibarətdir.

Xəqani Sərvəliyev: Bu cür gəmilərə quraşdırılan mexanizimlərin (əsasən baş və köməkçi mühərriklər) ölçüləri kiçik olsa da, istehsal etdiyi güc böyükdür. Belə mühərriklərin hazırlanması öz növbəsində yüksək mühəndislik biliyi tələb edir. Digər tərəfdən, yedək gəmilərinin manevretmə qabiliyyətinin yüksək olması üçün onlara quraşdırılan pər və sükan qurğuları da fərqli olur. Çünki bu tip gəmilər yedəkləmə əməliyyatında qısa zamanda çox sayda manevrlər yerinə yetirirlər. Bu manevrlərin çevikliyi və təhlükəsizliyi üçün gəmiyə quraşdırılan mexanizim daha səlist və dəqiq işləməlidir. Yedək gəmilərinin pər qurğusununun digər gəmilərdən fərqi onun daha çox yedəkləmə gücü yaratmasındadır. Digər gəmilərdə əsasən sürətin çox olmasına üstünlük verilir.

Şakir Dadaşov: Yedək gəmilərinin idarəedilməsi yedək əməliyyatlarında təcrübəyə malik kapitana həvalə olunur. Yedəkləmə zamanı burazın qırılması, mühərriklərdə nasazlıq, əlverişsiz hava şəraiti və digər gözlənilməz halların baş vermə ehtimalı var. Kapitan bunlara hazır olmağı bacarmalıdır. Burada məsuliyyət ikiqatdır. Belə ki, öz gəmisi ilə bərabər kapitan yedəyə aldığı obyekti də mənzil başına təhlükəsiz çatdırmalıdır. Bu səbəbdən əməliyyatdan əvvəl yedək planının hazırlanmasına xüsusi diqqət yetirilir. Plana əsasən, yedəklənmənin sürətini və ya müqaviməti hesablamaq, keçid marşrutu boyunda hidrometereoloji vəziyyəti dəqiqləşdirmək, yedək qurğusu, buraz və onun təchizatı üçün vasitələri hazırlamaq lazımdır. Bundan başqa, qaydalara əsasən yedəklənən obyektdə xüsusi işıqlar və işarələr olmalıdır.

 

Musa Əliyev -  ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır