Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-22,
Seanews
Heyder Eliyev

Ulu Öndər Heydər Əliyevin dəniz gəmiçiliyinin inkişafı strategiyası - III HİSSƏ

Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi gündən neft sənayesini müasirləşdirməyə, Azərbaycanın neft diyarı kimi əvvəlki şöhrətini  qaytarmağa çalışırdı.

HƏMÇİNİN BAX: Ulu Öndər Heydər Əliyevin dəniz gəmiçiliyinin inkişafı strategiyası

                            Ümummilli lider Heydər Əliyev dənizçilərin əməyini hər zaman yüksək qiymətləndirirdi  

Hələ qədim zamanlardan “qara qızıl”ı ilə tanınmış Bakı XIX əsrin ikinci yarısından – neftin sənaye üsulu ilə hasil edilməsindən sonra demək olar ki, bütün dünyanın diqqətini özünə cəlb etmişdi. Əsrin sonuna isə Azərbaycan nefti istər istehsal həcminə, istərsə də keyfiyyətinə görə ABŞ kimi ölkəni geridə qoya bilmişdi.

Sovet hakimiyyəti illərində milliləşdirilən neft sənayesi SSRİ-nin qüdrətlənməsinə, müdafiə imkanlarının möhkəmləndirilməsinə xidmət edirdi.  İkinci Dünya müharibəsinin tərkib hissəsi – Böyük Vətən müharibəsi dövründə Azərbaycan İttifaq fonduna 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları göndərərək alman faşizmi üzərində qələbənin qazanılmasında əvəzedilməz rol oynamışdı.

Müharibədən sonrakı illərdə isə yeni neft yataqları artıq Xəzərdə axtarılırdı. Geoloji-kəşfiyyat işləri, “Neft Daşları” rayonunda 1№-li quyunun qazılması xüsusi üzən vasitələrlə həyata keçirilirdi...

1949-cu il noyabrın 7-də “Neft Daşları”nda 942 metr dərinlikdən neft fontan vurur. Gündə 100 ton hasilatla quyunun istismarına başlanılır və beləliklə, açıq dənizdə neftçıxarmanın əsası qoyulur.

Sözügedən yataqda böyük həcmdə neft ehtiyatının aşkar edilməsi  bu rayonda hasilatı artırmaq üçün genişmiqyaslı işlərə təkan verir. Açıq dənizdə qazıma, neftçıxarma, neftin toplanması və nəqli kimi məsələlər  kompleks həllini tələb edir.

1949-cu il noyabrın 4-də yaradılmış Üzən Vasitələr İdarəsi müxtəlif – kran, sərnişin, təchizat-yedək, dalğıc və sair gəmilərlə gücləndirilir. Əvvəlcə   SSRİ-nin istehsalı olan mövcud gəmiləri modernləşdirməklə, 1950-ci illərin əvvəllərindən isə yeni gəmilərin alınması yolu ilə donanma zənginləşdirilir.

1953-cü il yanvarın 22-də SSRİ Neft Sənayesi Nazirliyinin əmri ilə Üzən Vasitələr İdarəsi Xəzər Dəniz Neft Donanması İdarəsi adlandırılır.   1954-cü il üçün İdarənin balansında 170 üzən vasitə olur və burada 4234 mütəxəssis çalışır. 

Azərbaycanın dəniz neft sənayesi gur inkişaf edir. XX əsrin 50-ci illərində Xəzərdə bir sıra neft və qaz yataqları – “Qum-dəniz”, “Səngəçal–Duvannı-dəniz–Xərə-Zirə a-sı.”, “Bahar”, “Bulla-dəniz”, “Darvin küpəsi”, “Palçıq pilpiləsi” və s. yataqlar aşkar olunub istismara verilir, açıq dənizdə neftçıxarma infrastrukturu inkişaf etdirilir. Sözügedən zaman kəsiyində Azərbaycan Sovet İttifaqının karbohidrogen xammalı istehsal edən əsas regionu olur.

Lakin 50-ci illərin sonunda Qərbi Sibirdə və Qazaxıstanın Manğıstau (1990-cı ilə qədər Manqışlak adlandırılıb) vilayətində zəngin neft yataqlarının aşkar edilməsi və onların daha sonra geniş miqyasda mənimsənilməsinə başlanılması ilə vəziyyət dəyişir – Azərbaycan neftinə maraq azalır. Bu, neft sənayesi sahəsinin inkişafına və bütövlükdə iqtisadiyyatın artım sürətinə mənfi təsir göstərir. Buna səbəb İttifaq tərkibindəki bütün sovet respublikaları kimi Azərbaycan SSR-nin də müstəqil surətdə öz iqtisadiyyatını istiqamətləndirmək, malik olduğu sərvətlər əsasında mənafeyinə uyğun istehsalın zəruri sahələrini yaratmaq imkanlarının müəyyən çərçivə hüdudunda olması idi.

Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi gündən neft sənayesi sahəsində yaranmış vəziyyəti dəyişməyə çalışır. O, ilk növbədə, sahənin idarəçiliyində dəyişikliklərin aparılmasının zəruri olduğunu nəzərə alıb, Moskvada müvafiq danışıqlar aparır...

1970-ci ilin iyulunda Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi ləğv edilir. Neftin və qazın hasilatı, quruda quyuların qazılması işinə rəhbərlik yenidən təşkil olunan “Azərneft” Dövlət İstehsalat Birliyinə həvalə edilir. “Dənizneft” adı altında fəaliyyət göstərən birlik isə “Xəzərdənizneft” Dövlət İstehsalat Birliyinə çevrilir.

Həmin ilin avqustunda isə Mərkəzi Komitənin büro iclasında Heydər Əliyev hər iki birliyin rəislərinin və onların müavinlərinin vəzifəsini Azərbaycan KP MK-nın nomenklaturasına daxil edir. Bu, sovet dönəmində həmin vəzifələrin dövlət üçün necə önəm kəsb etdiyinin göstəricisi idi. 

Bundan sonra hər birliyin rəhbərliyinə təcrübəli, milli kadrlar təyin edilir: Ələkbər Süleymanov “Azneft”in, Bəxtiyar Məmmədov isə “Xəzərdənizneft”in rəisi olur. 

                    

13 avqustda baş tutmuş həmin büro iclasında Azərbaycanın indiki görkəmli mühəndis-geoloqu, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Xəzərdənizneft” İstehsal Birliyinin baş geoloqu – rəis müavini seçilir. 

 

 

Heydər Əliyevin neft sənayesi sahəsinin dirçəldilməsi üçün göstərdiyi çoxsaylı təşəbbüs və səyləri nəticəsiz qalmır.

1970-ci ildə SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilərinin dəniz şəraitində zəngin iş təcrübəsi topladıqlarını nəzərə alıb, Xəzərin bütün sektorlarında (hövzənin sektorlara bölünməsi 1970-ci ildə həyata keçirilib) geoloji-kəşfiyyat, qazıma, işlənmə, istismar və s. işlərin aparılmasını onlara həvalə edir.

Artıq həmin dönəmdə dənizdə neft və qaz yataqlarının daha böyük dərinliklərdə axtarılmasına zəruriyyət yaranmışdı. Bu tarixə kimi Xəzərdə istifadə olunan texniki vəsaitlər su səthindən yalnız 40 metrə qədər dərinlikdəki sahələrdə işləməyə imkan verirdi və Xəzərin Azərbaycan sektorunun bu dərinlikdəki perspektivli sahələrinin demək olar ki, hamısında neft-qaz yataqları aşkar edilmişdi. Buna görə də dənizdə neft və qaz hasilatını artırmağın bir  yolu qalırdı – təbii sərvətləri daha dərin qatlarda tapmaq. Bu məsəlinin icrası isə daha güclü və müasir texnika tələb edirdi...

1970-ci ilin sonuna yaxın Həştərxanın “Qırmızı Barrikadalar” Gəmiqayırma Zavodunda “Xəzərdənizneft” üçün inşa edilən iki dəniz kran gəmisinin tikintisi başa çatır. İstismara veriləcək gəmilərdə son hazırlıq işləri aparılarkən 1971-ci il fevralın 2-də Azərbaycan KP MK-nın bürö iclasında  gəmilərə adın verilməsi məsələsinə baxılır. İclasda qərara alınır ki, 25 ton yükqaldırma qabiliyyətinə malik bu eynitipli kran gəmilərinə Azərbaycanın tanınmış neftçilərinin adı verilsin. Müzakirələrdən sonra gəmilərdən birinə respublikanın Əməkdar mühəndisi, Xəzərdə bir çox yataqların kəşfində və mənimsənilməsində böyük rol oynamış neftçi-geoloq Fuad Səmədovun, digərinə isə Sosialist Əməyi Qəhrəmanı, neftçıxarma sahəsində özünü misilsiz peşəkar kimi təsdiqləmiş Məlik Göyçayevin adı verilir. 

Sevda Abdullayeva - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır