Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-17,
Seanews
Heyder Eliyev

Milli gəmiçiliyin zərif nümayəndələri - Qürurla Xatırlayırıq!

 Şövkət Şahbaz qızı Səlimova 

 

Şövkət Şahbaz qızı Səlimova 1920-ci il dekabrın 25-də indiki İsmayıllı (o zaman Şamaxı uyezdi) rayonunun Lahıc kəndində anadan olub. Atası Şahbaz kişi sonradan çoxuşaqlı ailəsi ilə Bakının Şubanı kəndinə köçüb.

Onuşaqlı ailənin ilki olan Şövkət məktəbli ikən aviamodelçilər dərnəyinə üzv yazılıb. 1935-ci ildə Moskvada aviamodelçilərin toplanışında iştirak edib. Hazırladığı model ümumittifaq rekordu yeniləyib və daha üç il ona birinciliyi əldə saxlamaq imkanı verib. Bundan sonra Ş.Səlimova planerdə ilk uçuşunu həyata keçirib. Lakin  təsadüf onun peşə seçimini dəyişdirib.

Jurnalda ilk qadın uzaq səfərlər kapitanı Anna Şetininanın fotosunu gördükdən sonra o da kapitan olmaq qərarına gəlib. Məktəbdə təhsilini başa vuran kimi sənədlərini Bakı Su Nəqliyyatı Texnikumunun “Gəmi sürücüsü” fakültəsinə verib. Əmək fəaliyyətinə Odessa Dəniz Gəmiçiliyinin  uzaq səfərlərə çıxan “Serqo” gəmisində kapitanın üçüncü köməkçisi kimi başlayıb. Hind və Atlantik okeanlarında, Aralıq, Yapon və Qırmızı dənizlərdə üzüb. Ş.Səlimova öz dəyanəti, əzmi, biliyi və qətiyyəti ilə heyətin dərin hörmətini  qazanıb.

Bakıya qayıdandan sonra Xəzərdə kapitan işləyib. Müharibə başlayanda “Dnepr” gəmisinin kapitanı olub. Odlu-alovlu illərdəki şücaəti “Qırmızı Ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə” və  “1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə qiymətləndirilib.

 Nəzakət Hacımurad qızı Pənahova

Nəzakət Hacımurad qızı Pənahova 1941-cü il martın 1-də Bakıda  anadan olub.

Ömrünün 55 ilini dəniz nəqliyyatı kimi mürəkkəb, spesifik xüsusiyyətlərə malik sahəyə həsr etmiş Nəzakət xanım işə vicdanlı, məsuliyyətli yanaşması ilə gənc nəsillərə örnək ola biləcək şəxsiyyət, Pənahovlar sülaləsinin layiqli nümayəndəsidir.

1958-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun “Su nəqliyyatının istismarı” fakültəsinə daxil olan N. Pənahova elə həmin il də Bakı dəniz limanında operator vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə ali təhsilini başa vuran Nəzakət xanım əmək fəaliyyətini Gəmiçilikdə mühəndis-dispetçer kimi davam etdirib. İşlədiyi müddətdə biliyi, xüsusi bacarığı və səyi yüksək dəyərləndirilərək operativ planlaşdırma şöbəsinin baş mühəndisi, istismar şöbəsində qrup dispetçeri, maye yük daşıyan şöbənin rəisi, Gəmiçiliyin baş dispetçeri vəzifələrinə irəli çəkilib. Məsuliyyəti, özünə və işçilərinə qarşı tələbkarlığı ilə seçilən Nəzakət xanım həm də qayğıkeşliyi ilə fərqlənib. Gəmiçiliyin ictimai həyatında fəal iştirak edib, uzun illər Qadınlar Şurasının sədri olub.

Nəzakət xanım Pənahova “Dəniz Donanmasının Fəxri işçisi”dir, çoxiilik fəaliyyəti  dövründə bir çox mükafatlara, o cümlədən 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi”medalına layiq görülüb. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

 

Tamilla Həbib qızı Bağırova

Tamilla Həbib qızı Bağırova 1940-cı il fevralın 6-da Bakı şəhərində anadan olub. 

1957-ci ildə Bakıda 175 nömrəli tam orta məktəbi bitirib. Məktəbin sayılıb-seçilən şagirdlərindən biri olmasına baxmayaraq, əvvəlcə Paris Kommunası adına Gəmi Təmiri-Tikinti Zavodunda xronometrajçı kimi əmək fəaliyyətinə başlayıb. 

1958-ci ildə Bakıda Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun filialı açılanda tərəddüd etmədən sənədlərini “Gəmi mexanikası” fakültəsinə verib. Bundan sonra institutda mənimsədiyi nəzəriyyəni zavodda praktiki təcrübə ilə də zənginləşdirib – zavodun mexaniki bölməsində usta köməkçisi, usta işləyib.

1963-cü ildən etibarən “XəzərdənizETAlayihə” institutunda  mühəndis, böyük mühəndis və daha sonra baş mühəndis olaraq çalışıb. 1998-ci ildə institutun direktoru vəzifəsinə təyin edilib.

Tamilla xanım Bağırova Klaypeda (Litva)–Mukran (Almaniya) gəmi-bərə keçidinin layihələndirilməsındə,  Bakı, Aktau, Krasnovodsk (indiki Türkmənbaşı) limanlarında gəmi-bərə keçidlərinin yenidən qurulması ilə əlaqədar aparılacaq tikinti işlərinin sənədləşdirilməsində bilavasitə iştirak edib.

Tamilla xanım  1981-ci ildə “Əmək rəşadətinə görə”, 1984-cü ildə isə “Əmək veteranı” medalı ilə təltif edilib, “Dəniz Donanmasının Fəxri işçisi” adını daşıyıb.

O, 2007-ci il aprel ayının 28-də 67 yaşında qəflətən vəfat edib.

 

Sevda Abdullayeva - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır