Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Prezident İlham Əliyev - hadisələrin axarını dəyişməyə qadir olan Lider

“Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən,
şəffaflığı öz siyasətində bayraq edən ölkə
kimi görmək istəyirik və buna nail olacağıq.
Heç kim bu işdə bizə mane ola bilməz”

Prezident İlham Əliyev

Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada öncül mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Yeni əsrin yeni lideri İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada söz sahibi olan dövlətə çevirib. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər qələbələr və nailiyyətlər olmayıb.

Azərtac müasir dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu kimi yazılan Prezident İlham Əliyevin bənzərsiz siyasi kursunun, qələbə strategiyasının bəzi məqamlarına nəzər salır.

Ötən 19 il həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün arzularını həyata keçirməyə, hadisələrin axarını dəyişməyə qadir, öz dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi liderdir. Bu uzaqgörən siyasət Qarabağın, bütövlükdə Azərbaycanın taleyini dəyişdi.

Prezident İlham Əliyev bu və digər təşəbbüsləri ilə regionda mühüm əməkdaşlıq platforması yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir.

XXI əsrin əvvəllərində Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalq düzgün seçim edərək öz gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi və inamında yanılmadı. Ötən illər ərzində idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb.

Son 19 ildə Azərbaycan modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Gözlərimiz qarşısında baş verən bu misilsiz inkişaf xalqın rifahının yüksəlməsi, mövcud problemlərin həlli ilə müşayiət olunub, dövləti və xalqı vahid platformada birləşdirib.

Azərbaycan neft və qazla zəngin ölkədir. Lakin nefti və qazı bundan qat-qat çox olan ölkələr var ki, onlar Azərbaycanın inkişafına qibtə edirlər. Bu, ondan xəbər verir ki, Prezident İlham Əliyev uzaqgörən siyasət yeridir, ölkəsinin və müasir dünyanın üzləşdiyi çağırışlara dərindən bələddir. Məsələ heç də təbii sərvətlərdə deyil. Söhbət, ilk növbədə, liderin həlledici rolundan, müdrikliyindən, qarşıdakı hədəflərə nail olmaq bacarığından gedir. Bu prizmadan yanaşdıqda aydın görmək olur ki, praqmatizm, çevik və düzgün qərarlar qəbul etmək, hər bir addımı öz vaxtında atmaq, eyni zamanda, humanistlik – bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanın bugünkü inkişaf səviyyəsi, milli maraqların qətiyyətlə qorunması, Vətən müharibəsində qazanılmış parlaq və möhtəşəm Qələbə dövlətimizin başçısının bu və digər ali keyfiyyətləri sayəsində mümkün olub.

İlham Əliyev Prezident seçildiyi ilk gündən deyirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcək. Deyirdi ki, hər bir vətəndaşın Prezidenti olacaq. Deyirdi ki, biz öz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq, Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcəyik. Bütün bunlar artıq günümüzün həqiqətləridir, verilən vədlərin real həyatda təcəssümüdür.

Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Təbii ki, bir nömrəli problemimiz olan Qarabağ münaqişəsinin həlli üçün təkcə güc yetərli deyildi. Bu, həm də diplomatik müstəvidə, informasiya cəbhəsində məqsədyönlü, fəal və ardıcıl iş aparılmasını tələb edirdi. Prezidentimizin illər boyu, xüsusən Vətən müharibəsi dövründəki titanik fəaliyyəti, beynəlxalq miqyasda dəstəyi təmin etməsi də Qarabağ Zəfərində mühüm rol oynadı. Bütün bunlar, eləcə də xalqın öz lideri ətrafında sıx birləşməsi, görünməmiş milli həmrəylik Qələbənin açarı oldu. Beləliklə, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.

İndi isə postmüharibə dövrünü yaşayırıq və bu dövrün də öz hədəfləri var. Müharibədən sonrakı iki il Qələbəni siyasi və diplomatik müstəvidə möhkəmlətmək baxımından əlamətdar oldu. Fəxrlə deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini Azərbaycan lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, onunla hesablaşırlar. Prezidentimizin cəsarətli, ağıllı və təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bizi qələbədən qələbəyə aparır.

Münaqişənin həlli, Azərbaycan diplomatiyasının son iki ildəki uğurları Prezident İlham Əliyevin hadisələrin axarını dəyişməyə qadir lider olduğunun əyani təsdiqidir.

Prezident İlham Əliyev hələ illər öncə uzaqgörənliklə deyirdi: “XXI əsr Türk dünyası əsri olacaq”. Zaman bunun doğrudan da belə olduğunu təsdiqləməkdədir. Türk dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan bu gün vahid mövqedən çıxış edərək, vahid platformada birləşərək güc mərkəzinə çevrilir. Türk dünyasının birliyinin möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritetdir. Azərbaycan Prezidentinin bu istiqamətdə göstərdiyi səylər, nümayiş etdirdiyi öncüllük hamılıqla təqdir olunur. Dövlətimizin başçısı İlham Əliyevin təkcə bu il Türk Dövlətləri Təşkilatına üzv ölkələrə, həmin ölkələrin prezidentlərinin Azərbaycana çoxsaylı səfərləri zamanı imzalanan mühüm sənədlər, səsləndirilən bəyanatlar, türk dövlətləri arasında genişlənməkdə olan əməkdaşlıq günümüzün reallığıdır. Prezidentimiz Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması kimi məsələləri daim diqqətdə saxlamaq kimi vacib məsələni də gündəmə gətirir. Yaxın keçmişə nəzər salsaq görərik ki, Türk dövlətlərinin birliyi yolunda ilk addımlar Heydər Əliyev tərəfindən atılıb. Ulu Öndərimiz 27 il əvvəl - 1995-ci ildə Bişkekdə “Manas” muzeyinin açılış mərasimindəki çıxışında Türk dövlətlərini bir-birinə kömək göstərməyə, yardım əli uzatmağa, parçalanmanın və təklənmənin qarşısını almağa çağıraraq deyirdi: “Dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik”. Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın vacibliyindən bəhs edən Heydər Əliyev bunun yolunu da göstərirdi: ümumi məkan yaratmaq, Mərkəzi Asiyadan çəkiləcək neft və qaz kəmərlərini Türkiyəyə, oradan isə dünya bazarına çıxarmaq xalqlarımız üçün olduqca faydalı olardı.

Böyük uzaqgörənliklə deyilmiş bu fikirlər öz təcəssümünü Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP boru kəmərlərinin reallaşmasında tapdı. Azərbaycan nefti və qazı bu gün Türkiyəyə, oradan da Avropa bazarlarına çıxarılır. Mərkəzi Asiya ölkələrinin də bu layihəyə qoşulması üçün əməli addımlar atılır. Türk dünyasında cərəyan edən müsbət proseslər Heydər Əliyevin öz inamında nə qədər haqlı olduğunu təsdiqləyir. Bu layihələr Prezident İlham Əliyevin bütövlükdə Türk xalqları qarşısında əvəzolunmaz xidmətlərindəndir.

Eyni zamanda, Qarabağ Zəfəri həm də türk dövlətlərinin ümumi qələbəsi kimi dəyərləndirilir. 2021-ci ilin noyabrında Türk dövlətləri liderlərinin VIII Zirvə Görüşündə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif olundu. Bununla bağlı qəbul olunmuş qərarda vurğulanırdı ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu ali mükafata Azərbaycan ərazilərinin işğaldan azad edilməsini təmin edərək türk birliyinə verdiyi mühüm töhfəyə, bölgədə davamlı sülhün və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə layiq görülüb.

Zəmanəmizdə öz xalqı tərəfindən İlham Əliyev qədər sevilən dövlət başçıları çox azdır. Yüksək intellekti, dərin ensiklopedik bilikləri, diplomatiya sahəsində məharəti, dəmir məntiqi, sözübütövlüyü ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Azərbaycan xalqı onu qalib xalqa çevirən Prezidentini böyük fəxrlə Müzəffər Ali Baş Komandan adlandırır.

Yüksək peşəkarlıq və diplomatik məharət İlham Əliyevin siyasi karyerasındakı əsas fərqləndirici xüsusiyyətlərdən biridir. Onun böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.

Əlbəttə, Ermənistan istisna olmaqla, bütün qonşular, həmçinin digər xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə qurulan səmərəli əməkdaşlıq qarşılıqlı siyasi əlaqələrin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynadı. Bu gün həm də dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir.

Bu illər ərzində beynəlxalq qurumlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya miqyasındakı nüfuzunun göstəricisidir.

Düşünülmüş və konkret hədəfə istiqamətlənmiş xarici siyasətdə ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin həlli üçün hüquqi bazanın formalaşdırılması xüsusi yer tuturdu. Prezident İlham Əliyevin bütün səfərlərində, keçirdiyi görüşlərində, mötəbər tribunalarda etdiyi açıq və prinsipial çıxışlarla buna nail oldu, dünyanı Azərbaycanın haqlı olduğuna inandıra bildi. Həmçinin münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı müddəalar yer aldı ki, bu sənədlər Vətən müharibəsində haqlı mövqeyimizi daha da gücləndirdi.

“Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Prezident İlham Əliyev güclü dövlət – güclü ordu konsepsiyasına əsaslanaraq 30 il işğal altında qalan torpaqlarımızın siyasi-hərbi yolla azad edilməsinə nail oldu.

Qarabağ münaqişəsi tarixə qovuşdu, bölgədə yeni reallıqlar yarandı. İndi isə düşmənin xarabalığa çevirdiyi ərazilərdə möhtəşəm bərpa-quruculuq işləri aparılır. Prezidentimizin iradəsi, Azərbaycan dövlətinin gücü sayəsində bu yerlərə həyat yenidən qayıdır...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır