Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

"Xəzər Dəniz Gəmiçiliyinin rəhbər işçiləri" silsiləsindən növbəti ARAŞDIRMANikolay Pavloviç Muxin

Nikolay Pavloviç Muxin 1914-cü il 24 sentyabrda Ryazan əyalətinin Baluşevı-Poçinki kəndində fəhlə-dənizçi ailəsində dünyaya göz açıb.

1920-ci ildə balaca Kolya anası və böyük bacısı ilə birlikdə Bakıda işləyən atasının yanına köçüb.

1922-ci ildə Nikolay Muxin Bakıda yeddillik məktəbin birinci sinfinə gedib. Sonuncu sinifdə oxuyarkən komsomol sıralarına daxil olub və məktəbin ictimai həyatında fəal iştirak edib: əhali arasında savadsızlığın ləğv edilməsinə yaxından köməklik göstərib. İntizamlı və bacarıqlı Nikolay diqqətdən kənar qalmayıb, onu məktəbin Tədris komitəsinin sədr müavini seçiblər.

Məktəbi bitirdikdən sonra yeniyetmə Bakı dənizçilik texnikumunun “Gəmi mexanikası” şöbəsinə daxil olub və burada “texnik-mexanik” ixtisasının sirlərinə yiyələnib. 1934-cü ildə təhsilini başa vuran Nikolay təyinatla Zaqafqaziya Federasiyası adına Gəmi təmiri zavodunda əmək fəaliyyətinə başlayıb.

Zavodda Nikolay bir il İşlərin paylaşdırılması bürosunda rəis köməkçisi, bundan sonra daha bir il həmin büronun rəisi vəzifəsində çalışıb.

1937-ci ilin 5 avqustunda isə zavod komsomolçuları təşəbbüskarlığı və özünəgüvənliyi ilə seçilən Nikolayı zavodun Komsomol komitəsinə katib seçiblər. Həmin ildə o həm də Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə namizəd olur.

Komsomol katibi kimi fəaliyyəti təqdir olunan N.Muxin bir il sonra “Kasptanker” Gəmiçiliyinin Həmkarlar İttifaqının rayon komitəsinə sədr seçilir və o bu vəzifədə 1940-cı ilin sonunadək çalışır.

1941-ci ilin əvvəlində Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin qərarı ilə iyirmi yeddi yaşlı Nikolay Muxin “Kasptanker” Gəmiçiliyinin Siyasi şöbəsinə rəis müavini vəzifəsinə təyin edilir. Seçim zamanı gəncin liderlik bacarığı, təşkilatçılıq qabiliyyəti önəmli rol oynayır.

Bu vəzifədə çalışdığı zaman Böyük Vətən müharibəsi başlayır və elə ilk gündən N.Muxin Xəzər Hərbi Donanmasına səfərbər edilir. O, 1941-ci ilin iyunundan 1943-cü ilin mayınadək bu Donanmanın Arxa Cəbhə İdarəsinə məxsus Yanacaq anbarlarının tikintisi və istismar edilməsi hissəsində rəis olaraq xidmət edir.

1943-cü ilin mayında N.Muxin Azərbaycan KP(b) MK-nın qərarı ilə Hərbi Dəniz Qüvvələri sıralarından tərxis edilir və “Kasptanker” Gəmiçiliyinin Siyasi şöbəsində rəis müavini kimi fəaliyyətini davam etdirir. 1943-cü ilin avqustunda siyasi şöbələr ləğv edildikdə, N.Muxin bir müddət Bakı Şəhər Partiya Komitəsinin Nəqliyyat şöbəsində təlimatçı kimi çalışır.

1943-cü ilin sentyabrında isə SSRİ Xalq Dövlət Nəzarəti  Komissarlığında Xəzər hövzəsi üzrə böyük nəzarətçi təyin edilir. Bu işdə kifayət qədər təcrübə topladıqdan sonra – 1949-cu ilin iyulunda ona Azərbaycanın dövlət ehtiyatlarının sərfinə nəzarəti həyata keçirən  Baş nəzarətçinin səlahiyyətlərini icra etmək həvalə olunur.

1950-ci ilin 6 aprelində Nikolay Muxin “Kaspflot“a – Xəzər Quru Yük Gəmiçiliyinə, 1952-ci ilin 1 iyulunda isə “Kasptanker”ə – Xəzər Neftdaşıma Gəmiçiliyinə rəis təyin edilir.

1953-cü ildə hər iki Gəmiçilik birləşdirilib “Xəzər Dəniz Gəmiçiliyi“ adı altında fəaliyyət göstərməyə başlayır. Gəmiçiliyin rəisi vəzifəsinə Nikolay Muxin təyin edilir.

1954-cü ilin sentyabrında N.Muxin təhsilini artırmaq üçün  Leninqrada – SSRİ Dəniz Donanması Akademiyasına göndərilir. O, burada 1956-cı ilin sentyabrınadək dinləyici, sentyabrdan 1957-ci ilin yanvarınadək isə Leninqrad Su Nəqliyyatı Mühəndisləri İnstitutunun diplomantı olur.

“Su nəqliyyatının istismarı üzrə mühəndis“ diplomunu müdafiə edən N.Muxin Bakıya qayıdaraq Xəzər Dəniz Gəmiçiliyi rəisinin liman təsərrüfatı (o zaman hövzədəki bütün limanlar Xəzər Dəniz Gəmiçiliyinin tabeçiliyində idi)  üzrə müavini vəzifəsində çalışır.

1965-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin rəisi – dörd dəfə Lenin ordeninə layiq görülmüş Mahmud Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin dəniz nəqliyyatının inkişaf etdirilməsinə kömək göstərmək məqsədi ilə bu ölkəyə SSRİ Dəniz Donanması Nazirliyinin səlahiyyətli nümayəndəsi kimi göndərilərkən, Nikolay Muxin Xəzər Dəniz Gəmiçiliyinə növbəti dəfə rəis təyin edilir.

1969-cu ildə N.Muxin təzə tapşırıqla – SSRİ Dəniz Donanması Nazirliyi üçün inşa edilən donanmaya nəzarəti həyata keçirən qrupun rəhbəri kimi Həştərxana yola düşür.

N.Muxinin sayəsində qrupun işinin nümunəvi təşkil olunması, ortaya çıxan problemlərin təxirəsalınmadan və texniki cəhətdən düzgün  həll edilməsi dövlət sifarişlərinin vaxtında və keyfiyyətlə icra olunmasına imkan verir.

1977-ci ildə Həştərxan Gəmi Tikintisi Zavodunda işlər tamamlanır və qrup ləğv edilir. Lakin Volqoqrad Gəmi Tikintisi Zavodunda analoji işlərin görülməsi planlaşdırıldığından, N.Muxinə yenidən qrup rəhbərliyi təklif olunur. Bu dəfə N.Muxin yalnız  müvəqqəti – “1677M” layihəsi üzrə inşa ediləçək tankerin işçi çertyojlarının işlənib hazırlanmasınadək qrupa rəhbərliyi öz üzərinə götürməyə razılıq verir.

1978-ci ilin aprelində Bakıya qayıdan N.Muxin Xəzər Dəniz Gəmiçiliyindən keçirilmə yolu ilə Xəzər Layihə-Konstruktor Bürosuna  baş konstruktor təyin edilir.

Qeyd etmək lazımdır ki, fəaliyyəti dövründə Nikolay Muxin “Qırmızı Əmək Bayrağı” ordeni, habelə “Qafqazın müdafiəsinə görə”, “Əməkdə fərqlənməyə görə”, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və  “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə”  medalları ilə təltif olunub.

1952-ci ildə Azərbaycan SSR Ali Sovetinin, 1954-cü ildə SSRİ Ali Sovetinin deputatı olub.

Məlumdur ki, 1993-cü ilin əvvəlində təqaüdçü Nikolay Muxin Həştərxan şəhərinə köçüb. Lakin təəssüflər olsun ki, onun sonrakı taleyi barədə məlumat əldə etmək mümkün olmadı... 

 

Sevda ABDULLAYEVA,

İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır