• Bakı, 2021-06-18,
Seanews
Heyder Eliyev

Vitse-admiral Həmid Qasımbəyov

Həmid Həbib oğlu Qasımbəyov 1923-cü il mayın 3-də Naxçıvanda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Moskva Nəqliyyat İnstitutunun “Dəmiryolu tikintisi” fakültəsinə daxil olub. Böyük Vətən müharibəsi illərində təhsil almaqla bərabər, əlvan metal zavodunda dəmirçi işləyib.

Almanların Moskvaya yaxınlaşdığı dövrdə təhsil aldığı institut Tbilisi şəhərinə köçürülür. Amma bu dövrdə gənc Həmidin qəlbində tamam başqa bir arzu - məhz donanmada xidmət etmək istəyi baş qaldırır. 1941-ci il dekabrın  axırlarında Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olur. 1945-ci ilin fevralında məktəbi bitirən leytenant Həmid Qasımbəyov Qara Dəniz Donanmasına xidmətə göndərilir. Daha sonra ABŞ-da tikilən yeni gəmilərin qəbulu ilə məşğul olan komissiyaya daxil edilir.

1945-ci il mayın əvvəlində komandanın tərkibində Sakit okean donanması ilə birlikdə Vladivostok şəhərinə göndərilir, mina təmizləmə gəmisinə şturman təyin edilir. 1945-ci ilin avqust-sentyabr aylarında Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edir. Kuril adalarının, Port-Arturun mina əleyhinə müdafiəsi, Oxot və Yapon dənizlərinin, eləcə də Laperuz və Tatar boğazlarında mina təmizləmə əməliyyatlarında iştirak edir. 604 saylı mina təmizləmə gəmisində şturman kimi xidmət edən Həmid Qasımbəyov güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə “Qırmızı Ulduz” ordeni ilə təltif edilir.

1949-cu ildə Həmid Qasımbəyov Baltik Hərbi Dəniz Donanmasına məxsus hərbi-dəniz bazasının komandiri təyin olunur. 1957-ci ildə isə Polşanın Svinouste şəhərindəki SSRİ Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə gətirilir.

1963-cü ildə SSRİ Müdafiə Nazirliyinin ən güclü və strateji əhəmiyyət daşıyan Baltik Hərbi Dəniz Donanmasının 71 saylı desant briqadasının komandiri olur.

1970-ci ildə SSRİ Hərbi Dəniz Donanması Komandanlığının xüsusi sərəncamı ilə Həmid Qasımbəyov Baltik Hərbi Dəniz Donanmasının Baş Qərargahının rəisi vəzifəsinə irəli çəkilir. 1971-ci ildə isə ona kontr-admiral ali hərbi rütbəsi verilir.

1973-cü ildən 1976-cı ilə kimi Baltik Hərbi Dəniz Donanmasının qarnizon rəisi vəzifəsində fəaliyyət göstərir.

1977-ci ildə Xəzər Hərbi Dəniz Donanmasının komandanı vəzifəsinə gətirilir. 1984-cü il iyulun 9-da SSRİ Müdafiə nazirinin əmri ilə Həmid Qasımbəyova vitse-admiral ali rütbəsi verilir. 1984-cü ildə səhhəti ilə bağlı ordudan tərxis olunur.

Həmid Qasımbəyov 30-a yaxın orden və medalla təltif edilib. 1973-cü ildə SSRİ Hərbi Dəniz Qüvvələrinin komandanı tərəfindən fəxri silah - qılıncla təltif edilib.

Xalqımızın sərkərdə oğlu Həmid Qasımbəyov uzun sürən xəstəlikdən sonra 2005-ci ildə dünyasını dəyişib. Vitse-admiral İkinci Fəxri Xiyabanda dəfn olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır