“Dənizçi Günü” münasibətilə bir qrup ASCO əməkdaşı Fəxri Fərmana layiq görülüb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyevin əmrinə əsasən 25 iyun “Dənizçi Günü” ilə bağlı istehsalat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələr göstərən, dəniz nəqliyyatının inkişafında əmək sərf edən və mühüm nailiyyətlər qazanan bir qrup əməkdaş Fəxri Fərmanlara layiq görülüb. Bu gün Fəxri Fərmanlar onlara təqdim edilib.
Təltifetmə mərasimində çıxış edən ASCO sədrinin I müavini Mübariz Cabbarov bildirib ki, Azərbaycanda dənizçilik sahəsinin inkişafı Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər yeni gəmilərin alınmasını, dənizçilərin sosial rifahının daha da yaxşılaşdırılmasını, peşəkar dənizçi kadrlarının hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. Hazırda bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yükdaşımalarda, neft-qaz layihələrində iştirak edən müasir tipli gəmilərin alınması, uğurla reallaşan gəmilərin tikintisi, xarici sularda yeni gəmilərin istismara verilməsi və s kimi görülən işlər bunun bariz sübutudur.
Daha sonra Fəxri Fərmanlar sahiblərinə təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Dənizçilər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını, ölkənin tərəqqisi, dəniz nəqliyyatının inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.