Okeanda 32 konteyner itirən nəhəng gəmi limana yan aldı
Şimali Sakit okeanda əlverişsiz hava şəraiti nəticəsində göyərtəsindəki konteynerlərin bir qismini itirən nəhəng gəmi Lonq Biç (ABŞ) limanına yan alıb.
“Seanews.az” xəbər verir ki, martın 3-də Aleut adalarının cənubunda baş verən hadisə zamanı Honq-Konq bayraqlı "OOCL Sunflower" gəmisinin 32 konteyneri dənizə düşüb, daha 57 ədədi isə göyərtədə zədələnib və ya yerindən oynayıb.
Hazırda limanda gəminin ətrafında təhlükəsizlik zonası yaradılıb. Müfəttişlər yükün vəziyyətini və gəminin strukturuna dəyən ziyanı qiymətləndirirlər. İlkin yoxlamalar zamanı sualtı hissədə zədə və ya təhlükəli maddə sızması aşkar edilməyib.
"Orient Overseas Container Line" (OOCL) tərəfindən idarə olunan 16 828 TEU tutumlu bu gəmi 2025-ci ilin yanvarında təhvil verilmiş yeni nəsil ultra-böyük konteyner gəmilərindən biridir.
Qeyd edək ki, bu hadisə Beynəlxalq Dəniz Təşkilatının (IMO) bu ildən tətbiq etdiyi yeni hesabatlılıq tələblərinin qüvvəyə mindiyi dövrə təsadüf edir. Bu qaydalara əsasən, gəmi sahibləri konteyner itkiləri barədə sahil və bayraq dövlətlərini dərhal məlumatlandırmalıdırlar.
Ümumi statistikaya görə, dənizdə konteyner itkiləri azalmağa doğru gedir. 2024-cü ildə 576 konteyner itib ki, bu da son 10 ilin orta göstəricisindən xeyli aşağıdır.


