Hörmüz boğazında konteyner gəmiləri təhlükəsizlik səbəbilə sürətlərini azaldır
İsrail və İran arasında artan gərginlik Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə təsir göstərib. “Windward” gəmiçilik analitika şirkətinin məlumatına əsasən, bu strateji marşrutla üzən konteyner gəmiləri təhlükəsizlik məqsədilə sürətlərini azaldır.
“Normalda bu bölgədə gündə 2–3 gəmi təhlükəsizlik səbəbilə sürətini azaldırdı. Son günlərdə bu rəqəm 8-ə yüksəlib,” – deyə “Windward” şirkətinin baş direktoru Ami Daniel The Wall Street Journal nəşrinə bildirib. Onun sözlərinə görə, bu göstərici şirkətin müvafiq ölçmələr apardığı dövrdə qeydə alınmış ən yüksək həddir.
Daniel vurğulayıb ki, bu dinamika “biznesin getdikcə daha çox riskə məruz qalması” ilə bağlıdır. Gəmilər, təhdidlərin artdığı hallarda trayektoriyalarını dəyişmək əvəzinə, daha ehtiyatlı davranaraq sürətlərini azaldırlar.
Qeyd edək ki, Hörmüz boğazı qlobal neft ticarəti baxımından strateji əhəmiyyət daşıyır. Dünyada ixrac olunan xam neftin təxminən beşdə biri bu boğazdan keçir. İsrail və İran arasında mövcud gərginlik, bölgədə üzən gəmilər üçün təhlükəsizlik risklərini artırır.
Seanews.az