Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-01,
Seanews
Heyder Eliyev

Gəmiçilik sektoru sıfır emissiyaya keçiddə hələ də istiqamət axtarır

Sıfır emissiya hədəfinə doğru keçid edən gəmiçilik sektoru alternativ yanacaq və texnologiyalar arasında seçim etməkdə çətinlik çəkir. Bu barədə “Reuters”in geniş təhlilində bildirilir.

Məqalədə qeyd olunur ki, Beynəlxalq Dəniz Təşkilatının (IMO) qəbul etdiyi yeni tənzimləmələrə əsasən, gəmi sahibləri 2035-ci ilə qədər yanacaq emissiyalarını 30%, 2040-cı ilə qədər isə 65% azaltmalı olacaq. Hədəf isə 2050-ci ilə qədər tam dekarbonizasiyadır.

Sektorun ən böyük təşəbbüslərindən biri olan Getting to Zero Coalition, 2030-cu ilə qədər dəniz nəqliyyatında istifadə olunan illik enerjinin ən azı 5%-nin sıfır emissiyalı yanacaqla təmin olunmasını qarşıya məqsəd qoyub.

Lakin “Reuters” yazır ki, hazırda ammonyak, e-metanol və bioyanacaq kimi alternativlərin heç biri tam üstünlük qazana bilməyib. Yaşıl ammonyakın həcmi azdır, e-metanolun dəyəri yüksəkdir, bioyanacaqların davamlılığı isə sual altındadır. Üstəlik, liman infrastrukturunun bu keçidə uyğunlaşdırılması da zaman və resurs tələb edir.

Bununla yanaşı, küləklə hərəkət sistemləri (WAPS), marşrut optimizasiyası və gövdə təmizliyi kimi enerji səmərəliliyi texnologiyalarının 15-40%-ə qədər yanacaq qənaəti verdiyi vurğulanır. “Maersk”, “Fortescue”, “Orsted” kimi şirkətlər pilot layihələrlə yeni texnologiyaların tətbiqini genişləndirir.

Lakin “Reuters” məqaləsində bildirilir ki, sektorda böyük oyunçular belə hələ də hansı texnologiyaya sərmayə qoymalı olduqları ilə bağlı tərəddüddədir. Kiçik şirkətlər üçün isə bu risk daha böyüktür.

Ekspertlər hesab edir ki, tənzimləyici siyasət, karbon qiymətləri və qlobal koordinasiya olmadan sıfır emissiyaya keçid hədəfinin reallaşması çətin olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır