Prezident İlham Əliyev: "Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk"
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.
Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib.
Ölkə başçısı qeyd edib ki, Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir.
"Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır", - dövlət başçısı əlavə edib.
Prezident Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində görülən işlərə də toxunub: "Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir".
Prezident İlham Əliyev onu da qeyd edib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.