

“Star Princess” kruiz gəmisi dəniz sınaqlarını uğurla başa vurub
"Princess Cruises" şirkətinin ikinci "Sphere" sinifinə aid kruiz gəmisi — "Star Princess" Adriatik dənizində keçirilən dəniz sınaqlarını uğurla tamamlayıb.
"Seanews.az" xəbər verir ki, hazırda İtaliyanın Monfalcone şəhərindəki "Fincantieri" gəmiqayırma zavodunda son tamamlanma işləri aparılan gəmi 9–12 avqust tarixlərində sükan idarəetməsi, naviqasiya sistemləri və hərəkət gücü üzrə genişmiqyaslı testlərdən keçib.
Gəminin 4 oktyabr 2025-ci ildə ilk səfərinə çıxması planlaşdırılır və bunun üçün 1 600 nəfərdən ibarət heyət iş başındadır.
"Star Princess" LNG (mayeləşdirilmiş təbii qaz) ilə işləyən "Princess Cruises" donanmasındakı ikinci gəmi olacaq.
4 300 sərnişin daşıya bilən "Star Princess" "Sun Princess"-in analoqudur. Gəmidə çoxmərtəbəli əyləncə və istirahət zonaları, teatr, şirkətin “memarlıq mərkəzi” kimi təqdim etdiyi "The Piazza" 1 500-dən çox eyvanlı kabin və 30-dan çox restoran və bar mövcuddur.