• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

Vətən müharibəsində tarix yazan ADDA məzunu Ramil Əmirəliyev

2000-ci il fevralın 3-də respublikamızın dilbər guşəsi Qusarda dünyaya göz açan Ramil Bəxtiyar oğlu Əmirəliyev Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirdiyi 2020-ci ilin iyul ayında rəşadətli Ordumuzun sıralarına müddətli həqiqi hərbi xidmətə gedəndə tezliklə xalqımızın tarix yazan oğullarından birinə çevriləcəyini təsəvvürünə belə gətirə bilməzdi.

Vətən müharibəsi başlayandan az sonra Quru qoşunların zenit-raket artilleriya batareyasında xidmət edən Ramil də digər əsgər yoldaşları kimi, “N” saylı hərbi hissədən birbaşa cəbhə bölgəsinə yola düşür.

Ölümün gözlərinə dik baxmağı bacaran Ramilin döyüş yolu Cəbrayıldan başlayır.  Sonra Füzuli və Xocavəndin hava hücumundan müdafiəsində yaxından iştirak edir. Qələbə xəbərini də Xocavənddə eşidir.

Qələbədən sonra isə bir müddət işğaldan azad edilmiş rayonlarımızın müdafiəsinin təmin edilməsi üçün əlindən gələni əsirgəmir. 2021-ci ilin iyul ayında ordu sıralarından tərxis olunur.

Xalqımızın igid oğlu Ramil Əmirəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”  “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır