Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Vətən müharibəsində iştirak edən dənizçi Ərəstun Əbilzadə: "Qalib gələcəyimizə inanırdıq"

Ərəstun Əbilzadə 13 may 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində doğulub. 2010-cu ildə orta təhsilini bitirərək Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub. Burada Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi ixtisası üzrə təhsil alıb.

Akademiyanı bitirdikdən sonra hərbi xidmətə gedib. Müddətli həqiqi hərbi xidmətdən sonra 2015-ci idlə ASCO-nun “Ramiz Hacıyev” gəmisində matros kimi işə başlayıb. Bir sonra isə kapitanın III və qısa müddətdə kapitanın II köməkçisi vəzifəsinə yüksəlib. Hazırda “Şahdağ” gəmisində kapitanın II köməkçisi kimi işləyir.

Ərəstun Əbilzadə Vətən müharibəsində iştirak edən 58 nəfər ASCO əməkdaşından  biridir. 44 günlük haqq savaşında qəhrəmanlıqla, böyük qürurla döyüşüb.  Gəmiçi fədakarlığını bu dəfə dənizin ortasında deyil, döyüş meydanında sübuta yetirib. 

Vətən müharibəsinə nə vaxt və hardan başladınız?

Döyüşlərdən təxminən 10 gün əvvəl kapitanın böyük köməkçisi sertifikatını almaq üçün məzuniyyət götürmüşdüm. Yaxşı ki də bu qərarı vermişdim. Çünki, dənizə getsəydim, şərəfli yoldan məhrum olacaqdım. Buna görə özümü şanslı sayıram. Mən döyüşlərə qismən səfərbərlik elan olunan gündən qoşuldum. Əvvəlcə Ağcabədidə təlimlərdə oldum. Döyüş yolum isə Xocavəndən başladı. Daha sonra Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etdim.

27-si sentyabr tarixini necə xatırlayırsınız?

Biz əksəriyyətimiz müharibəni filmlərdə görmüşdük. Topun, tankın, minamyotun, pilotsuz uçuş aparatının nə olduğunu bilmirdik. Buna baxmayaraq hər birimizin ürəyində vətən sevgisi var idi və biz qalib gələcəyimizə inanırdıq. İlk gündən də üstünlüyü ələ ala bilmişdik.

Yayılan videolardan da hiss olunurdu ki, ön cəbhədə böyük ruh yüksəkliyi var idi.

Döyüşlərin ilk günündə Qərargah rəisimiz bizi yığıb çıxış elədi. Bu elə bir çıxış idi ki, hamımızı ruhlandırdı. O bizi qələbəyə inandırmışdı. Həm də ürəyimizdəki Vətən, torpaq eşqi bizim ruh yüksəkliyimizi aşağı sala bilməzdi. Və əlbəttə ki, arxa cəbhədən gələn dəstəkləri də unutmaq olmaz. Əsasən də mənəvi dəstəklər biz döyüşçüləri çox qürurlandırırdı. Mülki şəxslərdən aldığımız məktubları açıb oxuyanda nə qədər şərəfli bir iş gördüyümüzün fərqinə daha çox varırdıq.

Qəhrəmanlıq necə hissdir?

Doğrudur, döyüşlərdə iştirak etmişəm, amma özümü qəhrəman saymıram. Mənim qəhrəmanlarım müharibədə şəhid olanlar, yaralananlardır. Hər zaman özümü onlara borclu sayacağam.

Dənizçilər fədakardılar, cəsurdular. Bəs, maraqlıdır ki, dənizçi olmağınız döyüşlərdə köməyinizə gəlirdimi?

Biz dənizə çıxarkən hər bir təhlükəni gözə alırıq. Fırtına, dənizin ortasında qəza və s. Döyüşlərə də bu hisslərlə gedirdim. Məni heç bir çətinlik, heç bir düşmən təxribatı qorxutmurdu. Digər tərəfdən dəniz bizim iradəmizi, səbrimizi möhkəmləndirdiyi üçün döyüşlər çətin olmadı. Və əlbəttə, dənizçilərimizin vətənpərvərliyi hamıya məlumdur. Bunu elə gəmilərin adlarına baxsaq, bilmək olar. Əksəriyyəti şəhid dənizçi adları, Qarabağ torpaqlarının adlarını daşıyır.

Yeri gəlmişkən, döyüşlər zamanı dənizçi yoldaşlarınızla əlaqə yarada bilirdiz?

İlk 10 gündə demək olar, heç kimlə əlaqə qurmaq mümkün deyildi. Heç ailəmlə də danışmadım. Sonrakı günlərdə dostlarımla danışırdım. Qardaşımla danışanda bütün dənizçi dostların mənimlə maraqlandığını, necə dəstək verə biləcəklərini soruşurdular. Bunları eşidib, həm dənizçi dostlarımla qürur duyurdum, həm də döyüş ruhum artırdı. Gəmidə işləyən dostlarla bərabər, rəhbərlik də maraqlanırdı.

İndi özünüzü necə hiss edirsiniz?

Hər şey qaydasındadır, sağlamlığım da yerindədir. Artıq işə başlamışam. Bu dəfə dənizə daha qürurlu şəkildə çıxdım. Qalib Azərbaycanın qalib vətəndaşı və dənizçisi kimi.

Rövşən Abdurəhmanov

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır