Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Azərbaycan bayrağını xarici limanlarda dalğalandırmaq böyük qürurdur

Azad Hüseynov Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi sürücülüyü” fakültəsini bitirib. Hazırda ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına aid “Akademik Zərifə Əliyeva” gəmi-bərəsində kapitanın növbə köməkçisi kimi çalışır.

Hər zaman öz işinə məsuliyyətlə yanaşan, daim üzərində işləyən gənc dənizçi ilə söhbətimizi təqdim edirik.

-      Necə oldu ki, yolunuz dənizçiliklə kəsişdi?

Uşaq olanda valideynlərim məni tez-tez Dənizkənarı Milli Parka gətirirdi, gəmi ilə gəzintiyə çıxırdıq. Elə o vaxtdan dənizə, gəmiyə, dənizçilərin geyindiyi formaya vurğunluğum başladı, gəmiçi olmaq eşqinə düşdüm.  Məktəbi bitirib arzularımın arxasınca getdim. İstəyimə uyğun olaraq ali təhsil almaq üçün Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil oldum. Dənizçi fəaliyyətimə 2008-ci ildə başlamışam. 12 il ərzində demək olar ki, ASCO-nun əksər bərə gəmilərində çalışmışam. Hazırda Dəniz Nəqliyyatı Donanmasına aid “Akademik Zərifə Əliyeva” gəmi-bərəsində kapitanın növbə köməkçisi kimi işləyirəm.

-      Əksər hallarda dənizçilər bu peşəni qohumlarından ilhamlanıb seçirlər. Bəs, sizin qohumlarınız arasında necə dənizçi varmı?

Əmim uzun illərdir ki, hamiyəçi-kapitan işləyir. Dənizi sevməyimdə və dənizçi olmağımda onun rolu böyükdür. Bibim oğlu da kapitandır. Hər ikisindən daim dənizçiliklə bağlı xoş fikirlər eşitmişəm və onlardan çox şey öyrənmişəm.

-      Ucu-bucağı görünməyən dəniz, dalğalar, nəhəng gəmi... Çətin deyil?

Çətindir, amma işini bilirsənsə, heç bir çətinlik səni qorxutmaz.

-      Növbə köməkçisi olaraq gəmidə hansı sahələrə cavabdehsiniz?

Gəminin təhlükəsiz üzməsini təmin etmək mənim əsas vəzifə borcumdur. Bundan başqa, kapitanın növbə köməkçisi olaraq limanlarda yükləmə və boşaltma əməliyyatına nəzarət edirəm.

-      İşinizlə əlaqədar bəzən gəmiləri dəyişməli olursunuz. Bəs, yeni gəmiyə adaptasiya olmaq nə qədər vaxtınızı aparır?

Bu, gəmidən və kollektivdən asılıdır. Doğrusu, heç vaxt belə bir problem yaşamamışam. Maksimum 1-2 gün içərisində getdiyim gəmiyə tam uyğunlaşmışam. Düşünürəm ki, dənizçi işini sevirsə, adaptasiya mərhələsini tez aşmaq onun üçün problem olmayacaq.

-      Dediniz ki, bir çox bərə-gəmidə çalışmısınız. Bəs, onlardan hansı sizin üçün daha doğmadır?

İşlədiyim bütün gəmilər mənim üçün əzizdir. Amma onlar arasında ilk matros kimi işə başladığım “Akademik Həsən Əliyev”, ilk kapitan köməkçisi kimi işə başladığım “Şahdağ” və ən son işlədiyim “Akademik Zərifə Əliyeva” gəmisi mənim üçün daha doğmadır.

-      Deyirlər, gəmi dənizçinin ikinci evidir. Bu doğrudanmı belədir?

Tamamilə doğrudur. Sadəcə bir istisna var. Bu deyim əsl dənizçiyə, gəmini və dənizi sevənlərə aiddir. 

-      Xəzərdə və həm də doğma bir şirkətdə çalışmaq sizin üçün nə ifadə edir?

Gözümü açandan Xəzər dənizini görmüşəm. Onun qoynunda işləmək isə başqa bir duyğudur. ASCO kimi bir şirkətdə çalışmaq, Azərbaycanın bayrağını xarici limanlarda dalğalandırmaq bir dənizçi olaraq mənim üçün böyük qürurdur.

-      Sizin dənizçi olduğunuzu biləndə reaksiyalar necə olur?

Kənardan çox adam dənizçi olduğumu biləndə təəccüblənir, onlara çox maraqlı gəlir. Gəminin dənizdə necə üzdüyünü, dənizin qorxulu olub-olmadığını, gəminin necə idarə edildiyini soruşurlar.

-      Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

Ən böyük istəyim kapitan olmaqdır. Bu yaxınlarda Baş köməkçi vəzifəsinə imtahan verəcəyəm. İmtahandan keçə bilsəm, arzuma doğru bir pillə də  irəliləmiş olacağam. Bunun üçün səylə çalışıram, nəzəri və praktiki biliyimi artırıram.

-      Sizə uğurlar arzu edirik.

Çox sağolun, mən də dənizçiləri hər zaman diqqətdə saxladığınız üçün sizə təşəkkürümü bildirirəm.

Rövşən Abdurəhmanlı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır