

Dünyanın ən böyük avtonom dəniz vasitəsi klas sertifikatı alıb
Dünyanın ən böyük pilotsuz dəniz vasitəsi (USV) olan "Saildrone Surveyor" Amerika Dənizçilik Bürosu (ABS) tərəfindən verilən klas sertifikatına layiq görülüb.
"" xəbər verir ki, ABŞ-də yerləşən "Saildrone" startapının hazırladığı 20 metr uzunluğundakı "Surveyor" tamamilə avtonom rejimdə fəaliyyət göstərir. Okean təhlükəsizliyi, xəritələşdirmə, meteoroloji və okeonoqrafik məlumatların toplanması üçün istifadə olunan vasitə 7 min metr dərinliyə qədər yüksək dəqiqlikli xəritələr çıxara bilir.
Şirkətin baş direktoru Ricard Cenkins bildirib ki, bu sertifikatı almaq böyük sərmayə və uzunmüddətli proses tələb edib: “Dünyada bunu bacaran ilk şirkət olmaqdan və sistemimizin yüksək standartlara cavab verməsindən qürur duyuruq.”
Günəş enerjisi ilə işləyən "Surveyor" əvvəlki model olan "Saildrone Explorer"in təkmilləşdirilmiş versiyasıdır. Qurğu "Acoustic Doppler Current Profilers" (ADCPs), "Teledyne Pinnacle 45 kHz ADCP" və "Simrad EC150-3C ADCP" kimi qabaqcıl sensorlarla təchiz olunub.
"Saildrone"-un məlumatına əsasən, hazırda dünya okeanlarının yalnız 20 faizi xəritələşdirilib. Şirkət "Surveyor" modeli vasitəsilə bu göstəricinin sürətlə yüksəlməsini hədəfləyir.