Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Bizim yelkənçi: Dalğalı dənizdə qayığın öhdəsindən gəlməyin ayrı ləzzəti var

Gözlə baxanda ucu-bucağı görünməyən, bəzən sakit, hərdən dalğalı dəniz…

Təkamül boyu bəşər övladı dənizlə “əlaqə” qurmağa çalışıb. Dənizi ram etmək nə qədər çətin olsa da, insan bunu etmək istəyib.

Sular qoynunda hərəkət etmək üçün ən ibtiadi formada olan qayıqlar müasir dövrümüzdə iri gəmilərlə əvəzlənib. Bununla belə, dənizin imkanlarından idman məqsədləri üçün hər zaman istifadə olunub. Dəniz idman növlərindən biri olan Yelkənli Qayıq idmansevərlər arasında çox məşhurdur. Dalğalı dənizdə öz qayığını tək idarə etmək və hətta yarışlarda iştirak insana unudulmaz anlar yaşadır.

Müasir zamanda bütün qayıqların mühərriklə təchiz olunmasına baxmayaraq küləyin hesabına hərəkətə gələn yelkənli qayıq idmanı hələ də böyük azarkeş kütləsinə malikdir.  Ölkəmizdə də yelkənli idman növünün həvəskarları kifayət qədərdir.

Azərbaycan Dövlət  Dəniz Akademiyasının Gəmiqayırma və Gəmi Təmiri Mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Cavid Kərimov artıq 5 ildir ki, bu idman növü ilə peşəkar formada məşğul olur. O, Yelkənli İdman Federasiyasının ölkəmizdə təşkil etdiyi kuboklarda bir neçə dəfə uğurlu, bir dəfə isə ən yüksək nəticə göstərərək mükafatlara layiq görülüb. Cavidin özünün ən çox yadında qalan qalibiyyət isə keçən il Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Baku Sailing Regatta”da olub. ASCO və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkil etdiyi yarışda yelkənçimiz ən yüksək pilləyə layiq görülüb. O, həmçinin  xaricdə keçirilən yarışlarda da mütəmadi iştirak edib.

Bir sözlə, 20 yaşında olmasına baxmayaraq Cavidin idman karyerası çox zəngindir.

 

-Cavid, söhbətə bəlkə də hamıya adi görünən bir sualla başlamaq istərdim: Niyə məhz bu idman növü?

– Bu idmanda fiziki güclə yanaşı, intellektual səviyyə də tələb olunur. Burada həm taktiki, həm də strateji biliklərin böyük rolu var. Ona görə mənə çox maraqlı gəldi.

-Bu idmanın intellektuallığı nədən ibarətdir ki?

-Hər işdə olduğu kimi burada da xüsusi incəliklər mövcuddur. Qayıqda düşünülməmiş hərəkətlər qəbuledilməzdir.  Sən  hərəkəti etməmişdən əvvəl, onu nəzəri cəhətdən başa düşməlisən. Məsələn, əl və ayağın hər bir hərəkəti sənin sürətini həm azalda, həm də çoxalda bilər. Ona görə də bu nəzəriyyəni bilən idmançı hansısa bir hərəkəti etməzdən əvvəl yaxşı düşünməlidir. Amma bunu çox operativ və tez etməyi vacibdir. 

– Ən birinci şərt nədir?

-Təhlükəsizlik, bir daha təhlükəsizlik. Yelkənli idman üzrə beynəlxalq qaydaları öyrənərkən bizə ilk növbədə təhlükəsizlik qaydalarını izah edirlər. Özü də təkcə özümüzün yox, ətrafımızda olanların da təhlükəsizliyinə fikir verməliyik.

– Necə yəni ətrafda olanlar? Sən tək olursan axı qayıqda.

– Qaydalara əsasən yarış zamanı birinci üzsən belə, dənizdə batan insan və ya rəqibinin təhlükədə olduğunu görəndə dərhal yarışı saxlayıb ona kömək etməlisən. Bunu etməsən, finiş xəttinə birinci gəlsən də səni qalib elan etməyəcəklər.

– 15 yaşından bu idmanla məşğulsan. Bu idmana qədərki dövr və bu idmanla məşğul olandan sonrakı dövrü müqayisə edək. Nə fərq hiss edirsən? Sənə nəyi öyrətdi?

– Ən əsası, diqqətim daha da güclü formalaşdı. Yəni, suda hərəkətə başlayandan sahilə çıxana qədər bütün başqa məqamları unudub, fikrini ancaq idarə etdiyin qayığa yönəldirsən. Bayaq dediyim kimi hər bir hərəkət, hər bir qərarı operativ şəkildə qəbul edirsən. Həm də  burada sağlam rəqabət var. Mən ədalətli qərarın nə olduğunu da bu idmanla daha yaxşı anladım. 

– Bu idmana başlayandan sonra özündə hansı xüsusiyyəti tərbiyə edə bilmisən?

-İradə, əsl iradə. Çünki bilirsən ki, yayın istisində başının üstündəki qızmar günəşə, qışın soyuğunda sudakı mənfi temperatura baxmayaraq sən bunu edirsən. Yarışırsan və qalib olmaq üçün hər bir çətinliyə güc gəlməyə hazırsan. Fikrimcə, insanda əsl iradə və dözümü formalaşdırmaq üçün  bu idman əvəzolunmazdır.

– Adrenalin nə vaxt hiss edirsən?

– O zaman ki, sən öz rəqibinə çox yaxın olursan və onu çaşdırıb ötmək üçün hansısa bir manevr edirsən. Gözləyirsən ki, bundan sonra o geridə qalacaq və buna nail olursan. Yaxud, sənə qarşı belə bir manevr olunanda düzgün qərar qəbul edib öz mövqeyini əldən buraxmırsan. Bu zaman yaşanan hisslər əsl adrenalindir. Bunu sözlə ifadə etmək təbii ki, mümkün deyil.

– Gələcəkdə Akademiyada aldığın təhsilə uyğun işəyəcəksən, ya bu idmanla daha professional məşğul olmaq fikrin var?

– Təbii ki, hər bir hobbidən və məşğuliyyətdən öncə təhsildir. Mən öz ixtisasıma uyğun işləmək istəyirəm. Dənizçilik mənə çox maraqlıdır. Ümid edirəm ki, idmana da vaxt ayıra biləcəyəm.    

– Sənə həmişə dənizdə qayığını hərəkətə gətirə biləcək qədər külək arzulayıram. Düşünürəm ki, daha güclüsünə ehtiyac yoxdur.

– Yox, niyə ki?! Dalğalı dənizdə qayığın öhdəsindən gəlməyin ayrı ləzzəti var.

Müsahibəni aldı: Musa Əliyev – ADDA-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır