• Bakı, 2020-04-10,
Seanews
Heyder Eliyev

Dənizçilər Poliklinikasının həkimi: Dənizçilərin tibbi müayinəsi beynəlxalq tələblərə uyğun həyata keçirilir

Adıgözəl Məmmədov uzun müddətdir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Dənizçilər poliklinikası” MMC-də çalışır. Həkimliklə yanaşı, o ictimai-siyasi, ədəbi fəaliyyətlə də məşğul olur.  

Çoxsaylı kitab müəllifi olan Adıgözəl Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2004-cü ildə Prezident mükafatına layiq görülüb. Onun kitabları təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində maraqla qarşılanır. Əsərləri Braun, Miçiqan, Berkley, Stenford, Yeel, İlinioz və s kimi universitetlərin, eləcə də ABŞ konqresinin kataloqlarına daxil edilib. Həmin kitablar Moskva və İranda da çap olunub, keçmiş post sovet məkanında böyük populyarlıq qazanıb.

  • Adıgözəl müəllim, kitablarınızın populyarlıq qazanması nə ilə bağlıdır?

Kitablarım əsasən mövzu aktuallığı ilə seçilir. Əsərlərimdə liderlərin psixoloji portretlərini və onların bu keyfiyyətlərinin ictimai-siyasi mühitə təsirini araşdıraraq bitkin obrazlar yaratmağa çalışıram. Daha çox siyasi liderlərin tibbi psixoloji portretini ərsəyə gətirirəm. Bu nəzəriyyəni bəzən siyasi psixologiya ilə qarışdırırlar. Halbuki, onlar tamamilə ayrı-ayrı sahələrdir.  “Baş tutmamış çevriliş”, “Siyasi liderlərin psixoloji portretləri”, “M.C. Bağırov və L.P. Beriya çevrilişinin “X” saatı, “M.C.Bağırov-tam məxfi”, “Kreml rəhbərlərinin psixoloji portretləri”, “Osmanlının çöküşünə Rusiyadan baxış” və s kimi kitablarımda bu fərqi açıq-aydın ortaya qoymuşam.

  • İctimai fəaliyyət və yaradıcılıqla yanaşı, ixtisasınız üzrə də ciddi tədqiqatlarla məşğulsunuz. Bu barədə danışaq.

Stamatoloq kimi pasientlərin ən çox şikayətləndiyi kariesogen xəstəliyi ilə bağlı bir çox mətləbləri ortaya çıxarmışam. Nəticədə ağız boşluğunun gigiyenası və diş xəstəliklərində istifadə olunan diş pastası ixtira etmişəm. İxtira diş pastasının tərkibinə daxil olan orqanizmə zərərli flüor birləşmələrini əvəz edəcək yeni kompleks birləşmələrdən bəhs edir.

  • Belə bir ixtira hansı zərurətdən ortaya çıxdı?

Pasientlər müraciətlərində hər gün dişlərini yuduqlarını, lakin yenə də çürümə ilə rastlaşdıqlarını deyirdilər. Nə baş verdiyi məni maraqlandırmağa başladı. Araşdırmalarımdan məlum oldu ki, bizim istifadə etdiyimiz diş pastalarında flüorlu birləşmələr var. Bu birləşmələr ilk mərhələdə həqiqətən də dişin və ya sümük toxumalarının möhkəmlənməsində müəyyən dərəcədə iştirak edir. Avropada bu diş pastalarını yararlı saymaq olar.  Soyuq ölkələrdə qəbul olunan su dağıdıcı təsir göstərmir. Amma isti ölkələrdə suyun tərkibində istənilən halda flüor olduğundan onun aşırı itifadəsi dişlər və sümüklərin kövrəkləşməsi riskini artırır. İsti ölkədə istər-istəməz maye çox qəbul edilir. Bu da flüorun miqdarını qanda artır. Nəticədə getdikcə diş çürüyür. 

  • Siz bu pastaları nədən hazırlayırsınız?

Mənim təqdim etdiyim pastalarda dişlərin yüksək səviyyəli müdafiəsini vulkanik palçığın mineralları həyata keçirir. Bəzi firmalar bu problemi həll etmək üçün flüor olmayan diş məcunlarının tərkibini qeyri-üzvi minerallarla zənginləşdirirlər. Mən hazırladığım pastaların tərkibinə daxil olan vulkanik palçıq mineralları kompleks birləşmə şəklində olduğuna görə ağız suyunun təsiri zamanı aktiv formaya keçərək dişin strukturunu təşkil edən minerallarla rabitəyə girir. Bu pastaları Bakı ətrafındakı vulkanik palçıqlardan istifadə etməklə hazırlayıram. Araşdırmaları nəticəsində vulkanik palçıqdan təkcə diş pastası deyil, başın dərisinə və saçlara qulluq etmək üçün kosmetik müalicəvi vasitə hazırlamağın mümkün olduğunu da ortaya çıxarmışam.

  • Ümumiyyətlə, dünyada vulkanik palçıqdan hansısa vasitənin hazırlanması təcrübəsi mövcuddurmu?

Dünya bazarlarında bu gün Ölü dəniz məhsullarından hazırlanmış kifayət qədər kosmetik vasitələr var. Azərbaycandakı vulkanik palçığın xarakterik və marfoloji, kimyəvi xüsusiyyətləri qat-qat Ölü dənizdən üstündür. Bu baxımdan Azərbaycanda mövcud olan vulkanik palçıqlar vasitəsi ilə öz məhullarımızı istehsal edə bilərik. Bu qeyri-neft sektorunun inkişafına da təkan verə bilər. 

  • Layihənizlə bağlı gələcək planlarınız nədən ibarətdir?

Artıq İlkinlik haqqında patentləşdirmə almışam. Gələcəkdə bu pasta və gellərin istehsalı ilə məşğul olacaq zavodun fəaliyyətə başlamasını istəyirəm. Bu məqsədlə aidiyyatı qurumlara müraciət etmişəm və müsbət cavab alacağıma ümid edirəm.    

  • Adıgözəl müəllim, hazırda ASCO-ya məxsus “Dənizçilər poliklinikası” MMC-də çalışırsınız. Dənizçilərimizin diaqnostik, ambulator-poliklinik, müalicə-profilaktik xidmətinin təkmilləşdirilməsi bağlı hansı layihələr həyata keçirilir?

ASCO sədri Rauf Vəliyevin tapşırığı ilə bu istiqamətdə konkret işlər görülür. Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Dəniz Təşkilatının  “Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmə Standartları Haqqında Beynəlxalq Konvensiyasının”(STCW) tələblərinə uyğun olaraq dənizçilərin ilkin və dövri tibbi müayinədən keçmələrinə dair qaydalar və tibbi şərtlər müəyyən olunub.  ASCO-nun tərkibində fəaliyyət göstərən “Dənizçilər Poliklinikası”MMC profilinə uyğun olaraq  birbaşa dəniz əməyi ilə məşğul olan insanların sağlamlığının təmin olunması istiqamətində öz fəaliyyətini bu şərtlərə söykənərək qurur.  Dəniz əməyi ilə məşğul olan insanlarda peşə fəaliyyətindən irəli gələn xəstəliklər və bu fəsadların aradan götürülməsini təşkil etmək, ixtisaslaşdırılmış  həkimlər cəlb etmək və sosial proqramlar daxilində ASCO işçilərinin tibbi müayinəsinin  beynəlxalq tələb və göstəricilərinə uyğun  həyata keçirilməsini təmin etmək əsas işimizdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır