• Bakı, 2019-12-08,
Seanews
Heyder Eliyev

Kapitanın böyük köməkçisi: “Dənizçi olmağım mənə çox şey öyrədib”

Müsahibimiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Üfüq” gəmisi kapitanının böyük köməkçisi Samir Kərimovdur.

Söhbətimizə sizi tanımaqdan başlayaq.

-1979-cu ildə Bakıda dünyaya gəlmişəm. 1998-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasını  “Texnik gəmisi sürücüsü” ixtisası üzrə bitirmişəm.   Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində matros kimi başlamışam. Artıq 11 ildir ki, Xəzər Dəniz Neft Donanmasının gəmilərində üzürəm. Hazırda “Üfüq” gəmisi kapitanının baş köməkçisiyəm. Ailəliyəm, iki övladım var.

Ümid edirəm ki, dənizçi peşəsini təsadüfən seçməmisiniz?

-Xeyr. Birinci sinifdə oxuyurdum, məktəbdə bayram keçirirdik. Hərəyə bir forma geyindirmişdilər. Mənim əynimdə isə matros forması var idi. İndiki kimi yadımdadır.  Sinif yoldaşlarımdan biri dedi ki, böyüyəndə polis olacağam. Mən isə matros olacağımı dedim. İllər keçdi, böyüdük… O polis, mən matros oldum. Demək olar ki, bu peşəyə məndə uşaqlıqda dənizçi formasını geyinəndə həvəs yaranıb. Düzdür, burda valideynlərimin də təsiri olub. Onlar mənim dənizçi olmağımı arzulayırdılar. Peşman deyiləm. Çox şərəfli peşədir.

-Dənizçi olmaq sizə nə öyrətdi?

-Dənizçi olmağım mənə  çox şey öyrədib – mərd və cəsur olmağı , daim bilik səviyyəsini artırmaq üçün çalışmağı, vaxtında düzgün və dəqiq qərarlar verməyi və s.  

Ümumiyyətlə, dəniz və dənizçilik sizin üçün nə ifadə edir?

-Dənizçi olmağım mənim üçün böyük məna kəsb edir. Mən dənizə bağlıyam. Özümü başqa yerdə, başqa peşədə görmürəm.  Dəniz mənim həyatımın ayrlmaz hissəsidir. 

-Dənizçilərin əksəriyyəti istedadlı olur. Kimisi şeir yazır, kimisi rəsm çəkir…  Sizin də belə bir tərəfiniz varmı?

-Bəli, mən suvenirlər hazırlayıram. Bu həvəs məndə dənizçi olduqdan sonra yaranıb. Demək olar ki, təsadüfən ortaya çıxmış bacarıqdır. “MPK-455” gəmisində asudə vaxtımda gəmilər barədə internetdən məlumatlara baxırdım. Diqqətimi balaca bir gəmi suveniri cəlb etdi. Baxdım və öz-özümə dedim ki, mən niyə belə bir şey düzəltməyim?! Dərhal taxtadan onun bənzərini hazırladım. Beləcə, məndə həvəs yarandı.

Gələcəkdə əl işlərinizdən ibarət sərgi təşkil etmək fikriniz varmı?

-Sərgi üçün düşünürəm ki, onların sayı azdır. Amma gələcəkdə bunu çox istəyərdim. Niyə də olmasın? Əl işlərimin bəzilərini iş yoldaşlarıma hədiyyə vermişəm, bəzilərini satmışam. Suvenir hazırlamaq asan deyil. Çox vaxt aparan işdir. Mən onları adətən evdə olarkən düzəldirəm.

-Başqa istedadınız da var?

-Rəsm də çəkə bilirəm. Hərdən dənizdə yol gedəndə isə şeir yazmaq təbi gəlir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır