Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

İsveçdə təhsil alan dənizçi: “Aldığım təhsildən tam məmnunam”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bu il elan etdiyi “Təqaüd Proqramı”-nın qaliblərindən biri, hazırda proqram üzrə İsveçin Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetində magistr  təhsili alan Aqşin Muxtarov “Seanews.az”-ın suallarını cavablandırıb.

 –  Aqşin, oxuduğun universitet və ixtisas barədə nə deyə bilərsən?

-Bizi daim diqqətdə və maraq dairəsində saxladığı üçün başda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf müəllim olmaqla, Gəmiçiliyin bütün əməkdaşlarına təşəkkür edirəm.  Deyərdim ki, Dünya Dənizçilik Universitetinə (World Maritime University) gəlib çıxmağımızda bütün QSC kollektivinin dəstəyini görmüşük.  Təhsil aldığım universitet 1983-ci ildə İMO Assambleyasının qərarı ilə yaradılıb. Məqsəd həmin təşkilatın “Təmiz okeanlarda xətərsiz, təhlükəsiz və effektiv dənizçiliy”ini təhsil, araşdırma və bacarıqların genişləndirilməsi yolu ilə təmin etməkdən ibarətdir. İxtisasım “Dənizçiliyin idarə olunması və logistika”dır. Dəniz sənayesinin inkişafı üçün vacib ixtisas sayılır.

 

-Dərslər çətin deyil?

– Magistra qədərki üç aylıq kurs daha asan idi. Amma proqramının ilk hissəsi başlayandan sonra işlər tamam dəyişdi. Demək olar, hər üç həftədən bir imtahandır. Tədris olunan dərsi yaxşı mənimsəmək  üçün isə minimum 200-300 səhifəlik materialı oxumalısan. Oxumaqdan  əlavə, həmin materialları  yaxşı dərk etməlisən. İşin çətin tərəfi odur ki, dərsin biri bitsə də, verdikləri tapşırıq yeni dərslə paralel inkişaf edir. Bu zaman iki fənnə və iki imtahana eyni vaxtda hazırlaşmalı olursan. Bu isə ikiqat çətindir.

 

 -Dünya Dənizçilik Universitetində təhsil almaq sizə nə verir? Ümidlərinizi doğruldurmu?

-Universitet müasir tələblərə tam cavab verir, hətta yeni trendlər yaratmaq qabiliyyətinə malikdir. Burda dərslərin mövzusu gündəmə uyğun təyin olunur. Məhz bu, Dünya Dənizçilik Universitetinin ən sevdiyim tərəflərindəndir. Sözsüz, burada İMO-nun da rolunu danmaq olmaz.  Çünki, universitet birbaşa İMO-nun və eləcə də beynəlxalq dənizçiliyin gündəmində olan vacib məsələləri nəzərə alır, təhsil sistemini buna uyğunlaşdırır. Ümumiyyətlə, aldığım təhsildən tam məmnunam. İnteraktiv təhsil sistemi, təcrübəli müəllim heyəti tədrisin keyfiyyətini daha effektiv edir və səmərələliyini artırır. Bununla yanaşı, ölkə xaricində təhsil mənə müxtəlif xalqların mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır, dünyagörüşümü artırır, bu isə özlüyündə qiymətsiz bir təcrübəyə çevrilir.

 

– Dərsdənkənar vaxtınızı necə keçirirsiniz? Sosial layihələrə qatılırsınızmı?

-Əslində mümkün qədər daha çox oxumağı və öyrənməyi üstün tuturam. Bununla yanaşı, sosial layihələrdən də geri qalmamağa çalışıram. Mən oxuduğumuz ixtisasın nümayəndəsi (SML-course representative) seçilmişəm.  Bu da avtomatik məni sosial layihələri həyata keçirmək məqsədiylə yaradılmış “Tələbə konsulu”nun (student council) nümayəndəsi etmiş olur.

 

– Təhsilini xaricdə davam etdirmək istəyən dənizçilərə  məsləhətiniz nə olardı?

-Dünyada dənizçilik üzrə kifayət qədər xüsusi universitetlər var. World Maritime University də bu siyahıda ön pillələrdən birini tutur. Eləcə də İngiltərənin, Hollandiyanın və ya Avstraliyanın dənizçilik üzrə dərin ixtisaslaşmış universitetləri mövcuddur. Lakin, maddi məsələlər dənizçilərin və  bir çox tələbənin xaricdə təhsillə bağlı planlarının üstündən xətt çəkir. Bununla belə, əksər universitetlərdə müxtəlif növ sponsorluqlar mövcuddur. Ona görə,  həvəsdən düşmədən dənizçilik universitetlərini və orada oxuya bilmək üçün sponsorluq əldə etmək imkanlarını daha yaxşı araşdırsınlar. Ən əsası, qarşıya qoyulmuş məqsədə çatmaq üçün var-qüvvələrini əsirgəməməlidirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır