• Bakı, 2019-12-13,
Seanews
Heyder Eliyev

Tanınmış kapitan: “AXDG-nin dənizçiləri peşəkardırlar”

Seanews.az müxbirinin nüfuzlu beynəlxalq təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) sabiq nümayəndəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müşaviri, tanınmış kapitan Titos George Giannakakislə müsahibəsi

– Bir müddətdir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə əməkdaşlıq edirsiniz.  Bu əməkdaşıq haqqında nə deyə bilərsiniz?

– Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi demək olar ki, dünyada   bütün növ nəqliyyat və ofşor donanmasına malik  unikal şirkətlərdəndir. Hazırda Gəmiçilik  müştərilərə geniş və keyfiyyətli xidmət göstərir. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi regionda rəqabətədavamlı nümunəvi meyarlar müəyyənləşdirən şirkətlərdəndir. Bunda müxtəlif səviyyələrdə bacarıq və qabiliyyətə malik  mütəxəssislərin, ixtisaslaşmış kadrların, gəmi idarəçilərinin və ən əsası, rəhbərliyin  böyük rolu var.   Gələcəkdə şirkətin daha da inkişaf etməsi gözləniləndir. Atılan ardıcıl uğurlu addımlar belə deməyə əsas verir. Və belə nüfuzlu şirkətlə əməkdaşlıq mənim üçün böyük əhəmiyyətə malikdir. Bakıda olmağımdan və Azərbaycan dənizçiləri ilə dostluğumdan məmnunam.

– Azərbaycan dənizçilərinin peşəkarlığını necə qiymətləndirirsiniz?

– Dənizçilik bir çox vəzifə, öhdəlik və  məsuliyyətdən ibarətdir. Mən demək olar, 15 il dənizdə işləmişəm, gəmi kapitanı vəzifəsinə qədər yüksəlmişəm. Təcrübəmə əsaslanıb deyə bilərəm ki,  hər bir dənizçi gəmidə çətin vəziyyətlərlə üzləşir.   Bu vəziyyətlər  isə dənizçidən  dərhal qərar qəbul etmək bacarığı tələb edir.  Təhlükə anında dənizçi insan amilini və dəniz şəraitini əlaqələndirməyi bacarmalıdır. Bu nöqteyi-nəzərdən mən AXDG-nin dənizçilərinin peşəkarlığını yüksək qiymətləndirirəm. Çünki, onlar komanda işinin öhdəsindən çox yaxşı gəlirlər. Bu, dəniz şəraitində fövqəladə vəziyyətlərdə çox vacibdir.

– Dənizçilərimizin təlimlərə marağı barədə nə deyə bilərsiniz?

 – Dənizçilər təbiət etibarı ilə öyrənməyə çox meyllidirlər. Bacarıqlarını artırmaq onlara imkan verir ki, dənizdə yaranan problemləri daha tez həll edə bilsinlər. Təlimlər zamanı AXDG-nin dənizçilərinə real hadisələrdən nümunə gətirirəm. Elə hadisələr ki, onlar bütün gəmilərdə baş verə bilir. Təbii ki, təlimlərdə iştirak edən təcrübəli dənizçilər də şəxsi təcrübələrini bölüşürlər. Bacardığım qədər onları maraqlandıran mövzulardan danışıram. Əsas məqsədim təhlükəsizlik barədə ətraflı məlumat vermək, karyeralarını inkişaf etdirmək üçün şərait yaratmaqdır. Sevinirəm ki, dənizçilər dərslərə həvəslə gəlirlər. Azərbaycan dilində danışa bilməməyimə baxmayaraq, biz AXDG-nin dənizçiləri ilə bir-birimizi çox yaxşı anlayırıq.

– Seminarlar  dənizçilərin peşəkarlığının artırılmasında nə kimi rol oynayır?

– Mənim fikrimcə, istənilən təlim, kurs və seminar dənizçilik sahəsində  baş verən sürətli dəyişikliklər və cari hadisələr baxımından dənizçilərin peşəkarlığını artırır. Məşq və təlimlər  bütün heyətə keçirilir. Bütün hallarda təlimlərdə dənizçilər təzə nəsə öyrənirlər.  Bununla yanaşı, gəmilərdə yeni texnologiyaların tətbiqi, donanmaların müxtəlifliyi, gəmi avadanlıqlarının modernizasiyası və dəniz qanunlarının daim yenilənməsi təlim tələb edir. Digər tərəfdən, dənizçilər profesional statuslarını  qorumaq üçün mütəmadi təlim keçməlidirlər. Bu eyni zamanda onlara  gələcəkdə yeni nəsil gəmiləri idarə edə bilmək imkanı qazandırır.

– Keçdiyiniz təlimlər beynəlxalq təcrübənin tətbiqində Azərbaycan dənizçilərinə nə dərəcədə kömək olur?               

–  İlk növbədə deyim  ki, dənizçinin iş prinsipi istər Xəzər, istər Qara, istər Baltik və ya Aralıq dənizlərində dəyişmir. Onların qarşısında duran vəzifələr də bütün hallarda eynidir. Ona görə, dəniz təcrübəsi deyəndə biz ancaq beynəlxalq təcrübəni nəzərdə tuturuq. Bu təcrübəni Beynəlxalq Dəniz Təşkilatı təsdiq edib və Beynəlxalq Dənizçilik Konvesiyasına inteqrasiya olunub. Təcrübədən Beynəlxalq Təhlükəsizlik Kodeksi çərçivəsində dünyanın bütün dənizçiləri və gəmiləri istifadə edirlər.  Azərbaycan dənizçiləri də beynəlxalq təcrübənin tətbiqində olduqca peşəkardırlar.

– Bu dəfəki təlimdən gözləntiləriniz nədən ibarətdir?  Seminar hansı mövzuları əhatə edəcək?

– Ümumiyyətlə, hər hansı uğurlu təlimin əsas məqsədi şirkətin gəmilərinin təhlükəsizlik standartlarına uyğun  idarə olunması, gəmiçilərə əlavə bilik və bacarıqlar verməkdən ibarətdir. Deyə bilərəm ki, hazırda  beynəlxalq şirkətlər bu məsələlərə xüsusi önəm verirlər. Təlimlər zamanı  qaçılmaz hadisələrdən danışacağıq. Texniki planlaşdırma məsələsinə aid ayrıca seminarımız olacaq. Təmir işlərinin təhlükəsizlik baxımından necə aparılması kimi mühüm mövzuya da toxunacağıq.   

– “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  öz əməkdaşları üçün mütəmadi olaraq belə təlimlər təşkil etməsini mütəxəssis kimi necə dəyərləndirirsiniz?

 –  AXDG-nin   regionda və beynəlxalq sularda nüfuzu getdikcə artır. Qarşıdakı illərdə şirkətin beynəlxalq ticarət donanmasının gəmilərinin sayının artacağı gözlənilir. Şübhə yoxdur ki, AXDG-də 5000 dənizçinin olmasına baxmayaraq, gələcəkdə təlim keçmiş və gəmiləri təhlükəsiz idarə etməyi bacaran əlavə dənizçilərə ehtiyac olacaq. Bu səbəbdən Gəmiçiliyin təşkil etdiyi təlimlər olduqca əhəmiyyətlidir.

– Azərbaycan gəmiçiliyi ilə bundan sonrakı əməkdaşlığınız barədə nə düşünürsünüz?

 – Gəmiçiliyin böyük gələcəyi var.  Söhbətimizin əvvəlində də dediyim kimi, şirkətin göstərdiyi xidmətlərin artırılması qaçılmazdır. Təkcə Xəzər regionunda yox, həm də bütün xaricdə bu, mümkün olacaq. Beynəlxalq nüfuza malik AXDG-nin tanınması və brendinin yaradılması onun mənfəətinin artmasına da kömək edəcək.  Bu isə yeni gəmilərin alınması, yerli və beynəlxalq sularda fəaliyyət göstərən daha peşəkar dənizçilər tələb edəcək. Beləliklə, beynəlxalq standartlar səviyyəsinə görə AXDG  dünya dəniz ticarətinin inkişafına töhfə verə biləcək. Ən əsası, Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunlarını işlə təmin edəcək.    

Ayla Allahverdiyeva


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır