• Bakı, 2019-12-06,
Seanews
Heyder Eliyev

ADDA-nın rektoru: “Yaxşı dənizçiyə tələbat heç vaxt azalmayacaq”

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru Çingiz Əliyevlə müsahibə

–  Çingiz müəllim, söhbətimizə  Azərbaycan Dövlət Dəniz Akademiyasına maraqdan başlamaq istəyirəm. 

–  Akademiyaya təxminən il yarımdır  rəhbərlik edirəm. Rektorluqdan əvvəl isə bir müddət burada prorektor  işləmişəm. Təcrübəmdən deyə bilərəm ki, Akademiyamızda təhsil almaq istəyən gənclərin sayı ildən-ilə artır.  Təbii ki, bunda professor-müəllim heyətimizin də əməyi az olmayıb. Məsələn, keçən il ilk dəfə 25 əməkdaşımızı ayrı-ayrı bölgələrə ezam etdik. Onlar orta məktəblərdə X-XI sinif şagirdlərinə Akademiyamız haqqında ətraflı məlumat verirdilər. Hətta, bu prosesə  özüm də qoşulmuşdum. Oxuduğum məktəblə yanaşı, paytaxtın ayrı-ayrı təhsil ocaqlarında təbliğat aparırdım. Eyni zamanda ,  Akademiyamızla bağlı  video materiallar hazırlayıb, ayrı-ayrı yerlərdə təqdim edirik.  Bunlar özlüyündə ADDA-ya marağı artırır.

– Niyə, məhz Azərbaycan Dövlət Dəniz Akademiyası? Yəni, Akademiyada təhsilin hansı üstünlükləri var?

– Ən əvvəl onu deyim ki, ADDA-da tələbələrin yüksəkixtisaslı kadrlar kimi yetişməsi üçün hər cür şərait yaradılıb. Akademiyamızda müasir standartlara uyğun kompüter mərkəzi,  poliklinika var . Azərbaycan, rus və ingilis dillərində 80000-nə yaxın dərslik və dərs vəsaiti, elmi, bədii ədəbiyyatla zəngin  kitabxanamız gələcəyin dənizçilərinin ixtiyarındadır.  Tələbələrə  pulsuz səhər və nahar yeməyi verilir. Onlar forma və yataqxana ilə təmin olunurlar. Hər il ilk dərs günündə isə birinci kurs tələbələrinə  dərs vəsaitləri hədiyyə edirik.  

– Dənizçilik peşəsinin perspektivi barədə nə deyə bilərsiniz?

– İndi həm  dövlətimiz, həm də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  donanmaların daha müasir gəmilər hesabına zənginləşməsinə xüsusi diqqət yetirir. Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan gəmilər isə daha bilikli kadrlar tələb edir.  Bir də, nə qədər ki, Xəzər var, donanmamız da olacaq. Deməli, yaxşı dənizçiyə tələbat də heç vaxt azalmayacaq.

– Bütün bunlarla yanaşı, dənizçi  olmaq həm də maraqlı bir işlə məşğul olmaq deməkdir…

– Bəli,  dənizin özünəməxsus romantikası var. Bunu dənizçilər çox yaxşı bilirlər. Bundan başqa, yeni ölkələr, yeni mədəniyyətlər… Dünya isə gör-götür dünyasıdır. Ayrı-ayrı ölkələrin limanlarına səfərlər zamanı  özün üçün çox şey öyrənə bilərsən. Yeri gəlmişkən deyim ki,  dənizçilik həm də  çox məsuliyyətli peşədir. Kapitan isə heyət, gəmi və yük üçün birbaşa cavabdehdir. Dəniz  ən xırda səhvi belə bağışlamır. Ona görə, dənizçi peşəsi həm də yüksək peşəkarlıq tələb edir.

– Peşəkarlıq üçün təcrübə çox vacibdir. Təcrübə qazanmaq üçün hansı imkanlar mövcuddur?

– “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin  göstərişi ilə “General Əsədov” gəmisi ADDA üçün  ayrılıb. Tələbələr gəmi ilə gündə iki saat  dənizə çıxırlar. Gəmidə onlara həm nəzəri, həm də təcrübü dərslər keçirilir. Prosesin keyfiyyəti üçün tələbələrin sayının az olmasına çalışırıq. Onları  gəmilərə  elə yerləşdiririk ki,  kapitanlar  və baş mexaniklərin öyrətməyə vaxtı çatsın. Biz  “Caspian Marine Services”-in Topaz şirkəti ilə də əməkdaşlıq edirik. Müqavilə əsasında tələbələri ora təcrübəyə göndəririk. Ümumiyyətlə, təkcə tələbələr deyil, müəllimlərin də təcrübəsi bizim üçün vacibdir. Çalışırıq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yüksək ixtisaslı mütəxəssislərini tədris prosesinə cəlb edək.  Təhsilin səviyyəsini daha da artırmaq üçün keçən il bir qrup müəllim Sankt-Peterburq şəhərindəki A. Makarov adına Dənizçilik Akademiyasına göndərildi. Onlar tədris proqramlarını öyrəndilər. Sonra bizdəki təhsil həmin akademiyanın tədris prosesinə uyğunlaşdırıldı. Bilirsiniz ki,  son vaxtlar tədris Avropa standartlarına uyğun “Baloniya” sistemi ilə aparılır və “excange” proqramı tətbiq edilir.  Biz də tədris üsulunu dəyişdik ki, həmin proqramla tələbələri xarici universitetlərə  göndərə bilək. Akademiyamız fəaliyyət göstərdiyi illər ərzində istər tədrisdə, istərsə də elmi araşdırmalarda çox böyük uğurlar qazanıb. Gəmiçiliyin donanması yeni və müasir gəmilər hesabına zənginləşdikcə, Akademiyanın tədris prosesi də yeni trenajorlarla təmin edilir və laboratoriya şəbəkəsi genişləndirilir.

– Hər tələbə üçün təhsil aldığı ali məktəbin beynəlxalq əlaqələri və qazandığı uğurlar da maraqlıdır…

– Azərbaycan Dövlət Dəniz Akademiyası 2000-ci ilin yanvarında Beynəlxalq Dəniz Təşkilatının dəniz təhsili məktəbləri kataloqunda 012 nömrəsiylə qeydiyyatdan keçib. Bu ilin mayında yenidən beş illik yoxlamadan keçəcəyik. Hazırda Akademiyanın verdiyi diplom və sertifikatlar 130-dan çox ölkədə tanınır. 2002-ci ilin oktyabrında Akademiya dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001-2000 Beynəlxalq standartına uyğun sertifikata layiq görülüb. Ötən il isə Dəniz Universitetləri Beynəlxalq Assosiasiyasının üzvü olmuşuq. İndi biz  MDB ölkələrinin və digər xarici dövlətlərin ali dənizçilik məktəbləri ilə sıx əməkdaşlıq edirik.  Akademiya Sankt-Peterburq şəhərindəki A. Makarov adına Dənizçilik Akademiyası tərkibində fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin tədris-metodiki şurasının üzvüdür.

– Neçə istiqamət üzrə tədris həyata keçirilir?

– Akademiyada dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində tədris aparılır. Öz profilinə görə regionda yeganə təhsil müəssisəsi olan ADDA-da ümumilikdə dörd   – “Dəniz naviqasiyası” , “Dəniz mexanikası” , “Dəniz elektromexanikası” və “Gəmi tikintisi və təmiri”  istiqamətləri üzrə  həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsil almaq mümkündür.

– Ümumiyyətlə, Akademiyaya test üsulu ilə qəbul olunan gənclər savad baxımından sizi qane edirmi?

– Bəli, son illər bu sahədə ürəkaçan bir tendensiya yaranıb.  Düşünürəm, bu da söhbətimnizin əvvəlində dediyim kimi, aparılan təbliğat işlərinin nəticəsidir. Məsələn, əvvəllər daha az bal toplayanlar Akademiyaya daxil olurdusa , bu tədris ilində 10 nəfərdən çox tələbə 500-dən yuxarı balla Akademiyaya qəbul oldu. Onlardan da ikisi 600-dən yuxarı bal toplamışdı.

– Tələbələrinizin xaricdə təhsil alması mümkündürmü?

– Növbəti illərdə  biz bunu planlaşdırırıq. Akademiyada təhsil alan tələbələrin digər ölkələrdəki universitetlərdə təhsil almalarının və tələbə mübadiləsinin təşkilini düşünürük. Hələlik, bu olmasa da, xaricdən bizim Akademiyaya maraq az deyil. Təkcə  Qazaxıstandan bizdə 15 gənc təhsil alır. Türkiyədən, Rusiyadan,  Gürcüstandan da tələbələrimiz var.

– Xarici tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulubmu?

– Xarici tələbələr  ADDA-ya qəbul olmaq üçün imtahan vermirlər və öz istəklərinə uyğun rus və Azərbaycan dillərində təhsil almaq imkanlarına malikdirlər. Bundan başqa,  yerli tələbələrə nə şərait və inkanlar yaradılıbsa, xaricilər də o imtiyazlardan istifadə edə bilirlər. Yəni, biz onları pulsuz yataqxana və yeməklə təmin edirik.

– Gələcəyin dənizçisindən nə tələb olunur?

– Birinci növbədə ciddi intizam. Sıra düzülüşü, səliqəli saç düzümü, üzün təmiz saxlanılması və s. ilk baxışdan adi görünə bilər. Amma  belə ciddi nizam-intizam gələcəkdə də faydasını verir. Hər adam dənizçi ola bilməz. Dənizçiliyin öz spesifik xüsusiyyətləri var. Gələcəkdə istəyirik ki, qəbul zamanı qabiliyyət imtahanı keçirilsin. Yəni, kimin marağı və həvəsi varsa və səhhəti imkan verirsə, o dənizçi peşəsinə yiyələnsin. İndi bizim əvvəlcədən tələbənin səhhətini yoxlamaq imkanımız yoxdur. Halbuki, dənizçinin sağlamlığı çox vacibdir. Düşünürəm, qabiliyyət imtahanı olsa, bir çox problemlər aradan qalxar. Bu barədə Gəmiçiliyin  rəhbərliyinə də məlumat vermişik və təkliflərimizi göndərmişik.

– Məzunların  işlə təmin olunmasına Akademiya hansısa köməklik edirmi?

– Əlaçıları və yaxşı oxuyanları demək olar ki, işlə təmin edirik.  2016-cı ildə 30 tələbə hərbi xidməti başa vurduqdan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işə başlayıb. Bakı Gəmiqayırma  Zavodunda da məzunlarımız çalışırlar.  Diplom müdafiəsinə yaxın  onların nümayəndələri Akademiyada seçim edirlər. Öz təcrübələrinə qəbul etdikləri tələbələri gələcəkdə işə götürürlər. Onu da deyim ki, tələbələrimiz arasında öz ixtisasları üzrə xarici ölkələrdə işləyənlər də var.

– Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

– Əsas məqsədimiz yüksəkixtisaslı kadrlar hazırlamaqdır. Elə kadrlar ki, dalğalar qoynunda və ya sahil müəssisələrində çalışmalarından asılı olmayaraq, həmişə məzunlarımızın xoş sorağını eşidək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır